Pedaqoji fəaliyyət, beynəlxalq təcrübə və müasir tədris yanaşmaları
Müəllimlik yalnız peşə deyil, bir missiya, bir yol və bir həyat tərzidir. Bu yolun hər addımı biliklə yanaşı məsuliyyət, səbir və daim yenilənmə tələb edir. Xüsusilə də qloballaşan dünyada ingilis dili müəllimləri şagirdlərə təkcə bir dil deyil, həm də yeni mədəniyyətlərə açılan bir qapı təqdim edirlər. Bu dəfəki müsahibimiz məhz bu missiyanı illərdir uğurla davam etdirən pedaqoqdur. O, həm peşəkar fəaliyyəti, həm də beynəlxalq təcrübəsi ilə seçilən Bakınıb Nərimanov rayonundakı Sərhəddin Yolçuyev adına 207 saylı tam orta məktəbdə ingilis dili müəllimi Reyhan Rzayeva ilə müəllimlik yolunun incəlikləri, tədrisin müasir çağırışları və şagirdlərin inkişafında müəllimin rolu barədə söhbət etdik.
Bu peşəni seçməyimin əsas səbəbi isə bildiklərimi paylaşmaq və gənc nəslin inkişafına dəstək olmaqdır
- Əvvəlcə sizi tanıyaq. Özünüzü necə təqdim edərdiniz və bu günə qədər əldə etdiyiniz uğurları necə dəyərləndirirsiniz?

-Azərbaycan Dillər Universitetinin dilşünaslıq ixtisası üzrə bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişəm. Filologiya üzrə fəlsəfə doktoruyam. Fəaliyyətim ərzində yalnız sinif daxilində deyil, həm də beynəlxalq müstəvidə özümü inkişaf etdirməyə çalışmışam. Böyük Britaniya, Malayziya və Gürcüstanda keçirilən mübadilə proqramlarında və konfranslarda iştirakım mənim dünyagörüşümün genişlənməsinə böyük töhfə verib. Əldə etdiyim uğurları yalnız şəxsi nailiyyət kimi deyil, eyni zamanda, şagirdlərimin inkişafı, onların qazandığı uğurlar və cəmiyyətə faydalı fərd kimi yetişməsi ilə ölçürəm.
- İngilis dilinə marağınız necə yarandı və bu sahəni seçməyinizə nə təsir etdi?
İngilis dilinə marağım məktəb illərindən yaranıb. Xarici filmlər, kitablar və musiqilər vasitəsilə İngilis dilinin nə qədər zəngin və faydalı olduğunu daha dərindən anladım. Eyni zamanda müəllimlərimin bu sahədə yaratdığı maraqlı və motivasiyaedici mühit də seçimimə təsir edən əsas amillərdən biri oldu.
-Müxtəlif peşələr arasında niyə məhz müəllimlik ixtisasını seçdiniz?
-Mənim üçün müəllimlik təkcə peşə sahəsi deyil, həmçinin cəmiyyətə töhfə vermək imkanıdır. Bu peşəni seçməyimin əsas səbəbi isə bildiklərimi paylaşmaq və gənc nəslin inkişafına dəstək olmaqdır.

-Sizin üçün müəllimlik, xüsusilə İngilis dili müəllimliyi nə ifadə edir?
-Müəllimliyin əsas məqsədi gələcək nəsli formalaşdırmaqdır. İngilis dili müəllimliyi isə şagirdlərə yalnız ingilis dilini öyrətməkdən ibarət deyil, həmçinin onları fərqli mədəniyyətlərlə tanış etmək, dünyagörüşlərini genişləndirmək və qlobal imkanlara çıxış yaratmaqdır.
-Sertifikasiyada yüksək nəticə əldə etməyinizə təsir edən əsas amillər nələr oldu?
-Əlbəttə ki, burada bir neçə amil var. Belə ki, uzun illərin pedaqoji təcrübəsi, daima özünü inkişaf etdirmək, məsuliyyətli yanaşma və müasir tədris metodlarını öyrənmək bu nəticəni əldə etməyimin əsas səbəbləridir.

-Sizcə, uğurlu İngilis dili müəllimi olmaq üçün ən vacib keyfiyyətlər hansılardır?
-Düşünürəm ki, uğurlu bir müəllim olmaq üçün səbrli və anlayışlı olmaq çox vacibdir. Bundan əlavə, güclü ünsiyyət bacarıqları və şagirdlərin motivasiyasını yüksək saxlamaq, onları öyrənməyə həvəsləndirmək, daima yeniliklərə açıq olmaq və öz üzərində işləmək çox vacibdir. Müəllim öz peşəsini sevməli və bu sevgini şagirdlərə də ötürməlidir.
-İlk dərs gününüzü necə xatırlayırsınız?
-İlk dərs günüm çox həyəcanlı və unudulmaz idi. Təbii ki, müəyyən qədər bir narahatlıq hissi də var idi, amma şagirdlərlə ilk ünsiyyət qurduqdan sonra bu həyəcan aradan qalxdı. Bu təcrübə məndə özümə inamı artırdı və bu yolda ilk uğurlu addımım oldu.
-Universitet illərində sizə dərs deyən müəllimlərdən yadda qalan və sizi formalaşdıran hansı məqamlar olub?
-Universitet illərində müəllimlərimin peşəkarlığı, tələbkarlığı və elmi yanaşmaları mənim üçün böyük nümunə olub. Onların dərslərə yanaşma tərzi, tələbələrlə olan münasibəti və biliklərini ötürmə üsulları mənim gələcək fəaliyyətimə ciddi təsir göstərib.
-İllər ərzində şagirdlərdə müşahidə etdiyiniz ən böyük dəyişikliklər nələrdir?
-Müasir şagirdlər texnologiya ilə daha çox bağlıdırlar və informasiyanı daha sürətli qəbul edirlər. Amma bunu da qeyd etməliyəm ki, əvvəlki nəsillərlə müqayisədə diqqət dağınıqlığı problemi daha çoxdur.

-Müasir dövrdə şagirdlərin İngilis dilinə marağını necə qiymətləndirirsiniz?
-Bu gün şagirdlərin İngilis dilinə olan marağı daha yüksəkdir. Bunun əsas səbəbi ingilis dilinin qlobal kommunikasiya vasitəsinə çevrilməsidir. Beləliklə, şagirdlər bu dilin onların gələcək təhsil və iş həyatları üçün kifayət qədər vacib olduğunu düşünürlər.
-Dərslərinizdə hansı metod və yanaşmalardan daha çox istifadə edirsiniz?
-Dərslərimdə kommunikativ yanaşmadan istifadə edirəm. Müxtəlif metodlar və strategiyalardan istifadə edirəm. Belə ki, dərsin mövzusuna uyğun olaraq qrup işləri, interaktiv metodlar, rollu oyunlar və real həyat situasiyalarına əsaslanan tapşırıqlardan istifadə edirəm.
-Texnologiyanın (online platformalar, tətbiqlər, süni intellekt və s.) İngilis dili tədrisinə təsiri barədə fikirləriniz nədir?
-Texnologiya tədris prosesini daha maraqlı, əlçatan və effektiv edir. Müxtəlif onlayn platformalar, süni intellekt və mobil tətbiqlər vasitəsilə şagirdlər dil bacarıqlarını inkişaf etdirə bilirlər.
-Şagirdlərə İngilis dilini daha asan və effektiv öyrənmək üçün hansı tövsiyələri verirsiniz?
-Şagirdlərə əsas tövsiyəm odur ki, ingilis dilini yalnız dərs kimi deyil, həm də gündəlik həyatlarının bir hissəsi kimi qəbul etsinlər. Daha çox dinləsinlər, danışsınlar və səhv etməkdən çəkinməsinlər. İngilis dilini öyrənməyin başlıca yolu çoxlu praktika etməkdir.

-İngilis dili müəllimi olmaq istəyən gənclərə hansı məsləhətləri verərdiniz?
-Öz üzərlərində davamlı işləsinlər və yenilikləri izləsinlər. Təkcə nəzəri biliklərlə kifayətlənməsinlər, çalışıb çoxlu praktika etsinlər. Şagirdlərlə düzgün ünsiyyət və empatiya bacarıqlarını inkişaf etdirsinlər.
-Şagirdlərin ən çox çətinlik çəkdiyi dil bacarığı hansıdır: danışıq, dinləmə, oxu, yoxsa yazı?
-Təcrübəmə əsasən deyə bilərəm ki, ən çox çətinlik danışıq və dinləmə bacarıqlarında müşahidə olunur. Şagirdlər bəzən qrammatikanı bilsələr də, onu ünsiyyətdə tətbiq etməkdə çətinlik çəkirlər, çünki səhv etməkdən qorxurlar. Dinləmə bacarıqlarında isə sürətli nitq və fərqli aksentlər kimi məqamlar çətinliyin yaranmağına səbəb olur. Bu səbəbdən də dərslərdə bunlara diqqət etmək lazımdır.
-Sizcə İngilis dili şagirdlərin gələcək karyera seçimlərinə necə təsir edir?
-İngilis dili şagirdlərə beynəlxalq təhsil və iş imkanları yaradır, onların karyera seçimlərini genişləndirir. Bununla şagirdlər müxtəlif xarici ölkələrdə təhsillərini davam etdirə və ölkəmizi təmsil edə bilərlər.
-Tədris prosesində əldə etdiyiniz ən yaddaqalan uğur və ya hadisə hansıdır?
-Şagirdlərimin xaricdə təhsil alması və beynəlxalq uğurlar qazanması mənim üçün ən böyük nailiyyətlərdəndir.
-Müəllim kimi sizi ən çox motivasiya edən amil nədir?
-Əlbəttə ki, bir müəllim olaraq şagirdlərimin inkişafını və uğurlarını görmək mənim üçün ən böyük motivasiya mənbəyidir. Onların qazandığı nailiyyətlər məni bu yolda daha da həvəsləndirir.

-Azərbaycan təhsil sistemində İngilis dili tədrisini necə qiymətləndirirsiniz?
-Son illərdə ciddi inkişaf müşahidə olunur, lakin praktik dil bacarıqlarının, xüsusən də ünsiyyət bacarıqlarının inkişafına daha çox diqqət yetirilməlidir.
-Rəqəmsal dövrdə dil öyrənmədə ən böyük üstünlük və çətinliklər nələrdir?
-Müasir dövrdə dil öyrənmədə ən böyük çətinlik şagirdlərdə diqqət dağınıqlı problemidir. Belə ki, texnologiyalardan həddindən artıq istifadə etmək bu problemə səbəb olur. Üstünlük isə, kifayət qədər geniş resurslara çıxış imkanıdır. Beləliklə, onlar müxtəlif mövzularda özlərini daima inkişaf etdirə bilərlər.

-Gələcək planlarınız nələrdir? Tədris sahəsində hansı yenilikləri tətbiq etməyi düşünürsünüz?
-Gələcəkdə əsas məqsədim peşəkar inkişafımı davam etdirmək və dərslərimi daha effektiv etməkdir. Müasir texnologiyalardan, xüsusilə onlayn platformalar və süni intellekt alətlərindən daha geniş istifadə etməyi planlaşdırıram. Dərslərimdə şagirdyönümlü və fərdi yanaşmanı daha da gücləndirmək istəyirəm. Əlavə olaraq da, beynəlxalq təcrübə mübadilələrində iştirak edərək yeni metodlar öyrənmək də planlarım arasındadır. Gələcəkdə əldə etdiyim bilikləri həm şagirdlərimlə, həm də həmkarlarımla paylaşmaq niyyətindəyəm. Uzunmüddətli hədəfim isə təhsil sahəsinə daha geniş miqyasda töhfə verməkdir.
Reyhan müəllimə, müsahibədə iştirak etdiyiniz və dəyərli fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirik. Uğurlarınızın davamlı olmasını arzulayırıq.
Yaqut Ağaşahqızı, “İki sahil”
Epizootik sabitlik üçün innovativ addımlar atılır, PEYK VƏ DRONLARIN TƏTBİQİ PLANLAŞDIRILIR - ÖZƏL
AXA: Dövlət vəsaiti hesabına həyata keçirilən peyvəndləmə respublikanın 64 rayonunu əhatə edir - EKSKLÜZİV
Brüselyoz, dabaq və quduzluğa qarşı profilaktik tədbirlər sistemli şəkildə icra olunur - Yusif İbrahimov
Heyvan xəstəliklərinə qarşı güclü nəzarət: Azərbaycanda epizootik sabitlik qorunur