09 aprel 2026 17:41
166

Sahibə Qafarova: Azərbaycan-Türkiyə-Şimali Kipr üçtərəfli formatı əməkdaşlığın dərinləşməsinə xidmət edir

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin dostluq qruplarının 3-cü görüşünün iştirakçıları ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, Sahibə Qafarova Prezident İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır" fikrini xatırladaraq deyib ki, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin daha da gücləndirilməsinə yönələn addımlar da dövlətimizin başçısının bu fikrini əks etdirir.

Söhbət zamanı vurğulanıb ki, bu münasibətlər xalqlarımızın təmsilçiləri olaraq, parlamentlər səviyyəsində də uğurla davam etdirilir və qanunvericilik orqanlarımızın həm ikitərəfli əsasda, həm də üçtərəfli formatda əməkdaşlıq etdikləri qeyd olunub. Bu mənada Azərbaycan-Türkiyə-Şimali Kipr parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üçtərəfli formatının əhəmiyyəti vurğulanaraq, bu əməkdaşlıq formatı çərçivəsində keçirilən mütəmadi görüşlərin parlamentlərarası əməkdaşlığın inkişafına, ortaq maraqların müdafiəsinə və həmrəyliyin gücləndirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb. Sahibə Qafarova qeyd edib ki, üçtərəfli format çərçivəsində iki gün ərzində Bakıda aparılacaq müzakirələr parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək.

Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürklər Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə, dostluğa, qardaşlığa və dəstəyə görə təşəkkürlərini bildirərək, Azərbaycan Respublikasının Milli Məclisində Şimali Kipr ilə dostluq qrupunun yaradılmasını vacib addım kimi dəyərləndirib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım dost və qardaş ölkələrimiz arasında münasibətlərin parlament müstəvisində də davam etdirilməsinin vacibliyini bildirərək, üçtərəfli formatda əlaqələrin daha da genşləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.