07 noyabr 2019 17:40
123

Ukraynada yaşayan 35 mindən çox şəxsin vətəndaşlığı yoxdur

Ukrayna ərazisində yaşayan 35 mindən çox şəxsin vətəndaşlığı yoxdur.

AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, BMT-nin qaçqınlar üzrə ali komissarı idarəsinin nümayəndəsi Pablo Mateu bu məlumatı “Balaca vətəndaş” adlı muralın (mural – çox böyük ölçülü divar rəsmidir. – AZƏRTAC) açılışında səsləndirib.

Mateu deyib: “Dünyada vətəndaşlığı olmayan 10 milyondan çox insan yaşayır. Lakin bu problem barədə məlumatı olan insanların sayı azdır. Ukraynada yaşayan 35 mindən çox şəxsin vətəndaşlığı yoxdur. Təəssüf ki, Avropada vətəndaşlığı olmamaq riski ilə üzləşmiş insanların sayı barədə ən yüksək rəqəmlər Ukraynada qeydə alınıb”.

Mateu vurğulayıb ki, bu problemi Qırğızıstan nümunəsi əsasında həll etmək olar. Qırğızıstan ilk ölkədir ki, orada vətəndaşlığı olmayan insanların problemi tamamilə həll edilib. Mateunun sözlərinə görə, bu, hökumətin, vətəndaş cəmiyyətinin səyləri və beynəlxalq dəstək sayəsində mümkün olub. Ukrayna hökuməti vətəndaşlıqdan məhrum olmaq riski ilə üzləşmiş insanların statusunun müəyyən edilməsi prosedurunun təsbit olunacağı qanun layihəsi qəbul edib. Mateu bununla əlaqədar Ukrayna hökumətini dəstəklədiyini bildirib.