17 fevral 2020 22:00
1327

UNEC Həştərxan Dövlət Universiteti ilə əməkdaşlığa başladı

Rusiya Federasiyasının Həştərxan Dövlət Universitetinin rektoru Konstantin Markelovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-dən bildirilib ki, universitetin rektoru, professor Ədalət Muradovla görüşdə nümayəndə heyəti ilə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın qurulması və inkişaf istiqamətləri barədə müzakirələr aparılıb.

Görüşün sonunda universitetlər arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, ali təhsil müəssisələri arasında tədris-metodiki vəsaitlərin hazırlanması, birgə elmi monoqrafiyaların, elmi-metodiki buraxılışların, nəşrlərin, məqalələrin və s. hazırlanması, müəllim, tələbə, magistr və doktorantların mübadiləsi, eləcə də birgə elmi-praktiki simpozium və konfransların keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, səfər çərçivəsində Həştərxan Dövlət Universitetinin rektoru UNEC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə təşkil olunan “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda I Beynəlxalq konfransda iştirak edib.