01 iyun 2020 10:58
2685

Uşaqların sevinci dünyanın sevincidir

Uşaqlar dünyanın ən dəyərli varlıqlarıdır desək, yəqin ki, fikrimizdə yanılmarıq. Onlar cəmiyyətin təməli, dövlətin kiçik modeli adlandırılan ailənin sevinci, nəşə qaynağıdırlar. Uşaqlar ailənin formalaşmasında, onun daha möhkəm təməllər üzərində qurulmasında mühüm rola malikdirlər. Əksər valideynlər övladını sevir, onun qayğısına qalır, uşağın sağlam və savadlı şəkildə böyüyüb boya başa çatması üçün əlindən gələni əsirgəmirlər. Lakin çox təəssüf ki, valideyn qayğısı, sağlam mühit, təhsil, sülh şəraitində yaşam dünyadakı bütün uşaqların payına qeyri-bərabər şəkildə düşüb. Dünyada hər il minlərlə uşaq qanlı müharibələrin, valideyn zülmünün, insan alverinin, fiziki və mənəvi təzyiqlərin, aclıq və səfalətin qurbanı olur. Əminliklə söyləmək olar ki, dünyadakı bütün uşaqlar eyni hüquqlara, eyni valideyn nəvazişinə, yüksək səviyyəli təhsilə malik deyillər. Bu gün məhz uşaqların günüdür. Bir gün də olsa, dünyadakı bütün uşaqların üzünün güldüyü gün...

Uşaqların sağlam və savadlı tərbiyə olunması bütün dünyanın ortaq problemidir. Bəşər tarixi yaranan gündən dünyanın bu kiçik varlıqlarının müdafiəsi, tərbiyə olunması ən ümdə məsələlərdən biri olmuşdur. Bu sahədə ilk sistemli addım 1923-cü ildə atılıb. Belə ki, o zaman İsveçrənin Cenevrə şəhərində toplanan 40 ölkənin rəsmi nümayəndəsi Beynəlxalq Uşaqları Müdafiə Təşkilatının yaradılmasına dair sənədə imza atıb. Bu qurum Birləşmiş Millətlər Təşkilatı (BMT) yarandıqdan sonra BMT-nin Uşaq Fondu (UNİCEF) adı altında fəaliyyət göstərməkdədir. 1950-ci il iyunun 1-də BMT Baş Assembleyasının təşkilatıçılığı ilə keçirilən konfransda təqvimin bu gününün “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunması qərara alınıb.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan uşaqları dövlətin və cəmiyyətin qayğısı ilə tam əhatə olunub. Çünki uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqət və qayğısı ilə əhatə olunması məsələsi ölkəmizdə bütün dövrlərdə istər dövlətin, istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biri olub. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilmişdir. Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əilyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Son illər ərzində sürətli inkişaf yolu ilə irəliləyən Azərbaycanda nə qədər tibb ocaqları, təhsil müəssisələri, idman-sağlamlıq kompleksləri istifadəyə verilib. Təbii ki, onların böyük əksəriyyəti bu gün birbaşa uşaqların sərəncamındadır. Ölkə başçısının 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Bu mühüm kampaniya çərçivəsində respublikamızda uşaq hüquqları sahəsində ardıcıl və məqsədyönlü xarakter daşıyan tədbirlər həyata keçirilmişdir. Yeri gəlmişkən, uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olunmasına yönəlmişdir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında ötən illər ərzində respublikanın ən müxtəlif bölgələrində 250-dən çox müasir tipli orta məktəb inşa olunaraq istifadəyə verilmiş, "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması" layihəsi çərçivəsində körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi", "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramlarının həyata keçirilməsi də fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır.

Uşaqlar sabahın vətəndaşı, gələcəyimizin zəmanətidirlər. Məhz bu səbəbdən azyaşlıların qorunması, qayğı ilə təmin olunması, sağlamlığı, təhsilə yiyələnməsi, fiziki və mənəvi təzyiqlərdən uzaq tutulması cəmiyyət üçün bir çox cəhətdən önəmlidir. Dünyamızın gözəlləşməsi, insanların xoşbəxtlik və səadəti uşaqların hüquqlarının qorunması və sağlam şəkildə yetişdirilməsindən asılıdır. Cahandakı gözəllikləri dadmaq sülh şəraitində yaşamaqdan başlayır. Uşaqların Beynəlxalq Müdafiəsi Günündə hər bir azyaşlının ortaq duyğuları yaşaması dünyada bütün xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün bir ümid çırağıdır. Bu çırağın daha parlaq işıq saçması üçün valideyn himayəsindən məhrum uşaqların, hər gün yaxınları tərəfindən fiziki və mənəvi işgəncələrə məruz qalan azyaşlıların, müharibə şəraitindəki ölkələrdə ac və susuz şəraitdə yaşayan çağaların, əqli və fiziki qüsurlu körpələrin bircə gülüşü kifayətdir. Çünki uşaqların sevinci dünyanın sevincidir.

Sevinc Azadi,

“İki sahil”