Müsahibimiz Bakı Slavyan Universitetinin tələbəsi Rahim Mirzəcandır
-Rahim, ilk olaraq özün haqqında məlumat ver.
-20 yaşım var. 2017-ci ildə Yardımlı rayon Anzov kənd tam orta məktəbini bitirmişəm. Həmin ildə də Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası və jurnalistikası fakültəsinə qəbul olunmuşam. Elə ali təhsil almağa başladığım ilk illərdən bir sıra mətbuat orqanları ilə əməkdaşlıq etdim. Bir neçə internet televiziyalarında aparıcı-müxbir kimi ilkin fəaliyyətim oldu. Universitet daxilində təşkil olunan tədbirlərdə iştirak edib, oradan xəbərlər hazırlayıb saytlara göndərirdim. İctimai fəallığıma görə bir çox təşəkkürnamələr, sertifikatlarla təltif olunmuşam.
-Niyə ixtisas seçimin məhz jurnalistika oldu?
-Bu sənətə sevgim məhz onun adına olan vurğunluğumdan başlayır. Valideynlərim, ən çox da atam Azərbaycan dili və ədəbiyyatı müəllimi olmağımı istəyirdi. Təbii ki, bütün işlərdə valideynlərin də razılığı olmalıdır. Ancaq ixtisas seçimi istisnadır. Çünki bu peşəni sən özün davam etdirəcəksən. Axı sevmədiyin bir işin arxasınca qaçıb yorulmaq, ən əsası ömrünün ən şirin vaxtlarını boşu-boşuna itirməkdir. Mənə elə gəlir ki, düzgün qərar verdim.
-Modern dövrdə sosial medianın aktual və tələbatlı olmasına münasibətin necədir?
- İndi sosial media dedikdə internet, internet dedikdə gənclik yada düşür. Həm gənc olmağımız, həm də texnoloji vasitələrin inkişaf etdiyi indiki dönəmdə yaşamağımız, üstünlük yaradır, əlaqələrimiz daha geniş olur. Əsasən “Facebook”da aktiv oluram. Dostluğumda peşəkar jurnalistlər çoxluq təşkil edir. Onların fəaliyyətlərini izləyirəm. İxtisaslaşmağım üçün bunu çox önəmli sayıram. Bir də hobbi kimi məşğul olduğum müğənnilik fəaliyyətimdən paylaşımlar edərək, öz auditoriyamı genişləndirmək istəyirəm.
- Hansı musiqi janrı sənin iç dünyana daha yaxındır?
-Musiqi dünyam deyərdim ki, indiki gəncliyin musiqi dünyasından çox fərqlidir. Həmyaşıdlarımın səs-küylü musiqilər, estrada mahnıları dinlədikləri halda, mən isə xalq musiqilərinə, ən çox da muğamlara qulaq asıram. Qədir Rüstəmov, Teymur Mustafayev, Əlibaba Məmmədov, Alim Qasımov və onun tələbələri, bir qədər müasirlərdən Mirələm Mirələmov, Elnarə Abdullayeva, Zakir Əliyev kimi sənətkarları dinləyərək bəhrələnirəm, musiqi zövqümü inkişaf etdirirəm. Bəlkə də, Azərbaycan muğamına bu qədər bağlı olmağım uşaqlıqdan bəri könlümdə tüğyan edən xanəndə olmaq sevgisi ilə bağlıdır.
-Asudə vaxtlarını necə dəyərləndirirsən?
-Əsasən evdə beynimdə verilişlərin ssenarisini cızıram, aparıcılıq edib, gələcəyin aparıcısı kimi özümü efirə hazırlayıram. Bir də ən çox özümü səhnələrdə, çoxsaylı auditoriya qarşısında düşünüb mahnılar, muğamlar ifa edirəm. Bu da mənə səhnədə sanki ilk dəfə deyilmiş kimi hiss etməyimə kömək edir. Daha uğurlu olaram. Ara-sıra şeirlər, problem xarakterli yazılar yazıram. Parodiya etmək qabiliyyətim var. Məktəb vaxtından bayram tədbirlərində şagird dostlarımızla birlikdə maraqlı parodiyalar edirdik. Dostlarımın üzündə təbəssüm yaratmaq məni də sevindirir. Bundan başqa, sosial media hesablarımda təhsil haqqında yeni xəbərlər paylaşıram. Beləliklə də, ən son yeniliklərdən abituriyentlərin, vaildeynlərin, müəllimlərin məlumatı olur.
-Rahim, Vətən sənin üçün hansı anlamı ifadə edir?
- Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. İnsan mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiplərdən biri də xalq və Vətən sevgisidir. Onun dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır. Vətən kəlməsi nə qədər də mənalı və dərindir. Deyilişi şirin olduğu kimi, məzmunu, qayəsi də yüksək və hikmətlidir. Tariximizə nəzər salsaq görərik ki, elimizin, obamızın ən gözəl ənənələrindən biri də torpağa, ana yurda, vətənə bağlılıq, xalqımızı zaman-zaman yadelli işğalçılardan qorumaq, vətən üçün candan keçmək olmuşdur. Elə buna görə də xalqımızın vətən uğrunda, torpaq uğrunda canından, qanından keçən saysız-hesabsız, unudulmaz qəhrəmanları olmuşdur. Azərbaycan torpağı müqəddəs torpaqdır. Bu torpağa qanı tökülən igidlərin yazdıqları tarix və etdikləri igidliklər Azərbaycanın müqəddəs torpağını daha da ulu etmişdir. Şəhidlər üçün yazılan hekayətlər həm də gələcək nəsillər üçün ibrət dərsidir. Vətən yolunda şəhid olmaq vətəndaşlığın ən ali zirvəsidir. Bütün zirvələrdən yüksəkdə duran ilahi bir zirvə, həm də o, adi gözlə yox, yalnız mənəvi gözlə görülə biləcək bir zirvədir. Bu günün gənci sabahın atası, anası, ailə başçısıdır. Onun öz övladını necə tərbiyə etməsi isə ilk növbədə bu gün onun özünün necə yetişdirilməsindən asılıdır.
-Qarşıdan Azərbaycan tarixinin şanlı səhifəsi 15 iyun - Milli Qurtuluş Günü gəlir. Bu tarixi gün haqqında fikirlərini eşitmək istərdik...
-Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, həm də siyasi və tarixi əhəmiyyətə malik gündür. 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu artır. Ümummilli lider Heydər Əliyevin dahi şəxsiyyət kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.
- Dövlətimizin Azərbaycan gəncləri üçün yaratdığı imkanlar haqqında nə deyə bilərsən?
-Ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Bu gün gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Bu gün cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini yaşayır. Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın maliyyə-iqtisadi imkanları artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və gəncliyin inkişafı, yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir.
-Rahim, Azərbaycan gənclərini necə görmək istəyirsən?
- Atalarımız deyib ki, elm ağlın çırağıdır. Elm, fərasət olmazsa, işlərini düzgün qura, başqalarına xeyir verə, özünü idarə edə bilmərsən. Öyrənmək, araşdırmaq, axtarmaq, hər mövzudan, xəbərdən məlumatlı olmaq. Bir sözlə, Vətənimin gənclərini qabaqcıl, müasir, vətənpərvər, savadlı və peşəkar gənclik olaraq görmək istəyirəm.
Yaqut Ağaşahqızı, “İki sahil”