10 avqust 2020 18:24
450

Vüqar İskəndərov: 2020-ci ildə sosial layihələrin həcmi rekord həddə çatıb

«Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. COVID-19 infeksiyasının ölkələrin həyatını iflic etdiyi vaxtda xalqımızın sağlamlığı, rifahı üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər. Təsadüfi deyil ki, ölkəmizin pandemiya ilə mübarizə gündəliyində insanların sağlamlığının qorunması və onların sosial müdafiəsinin təmin edilməsi kimi məsələlər əsas prioritetlər kimi müəyyənləşdirilib. Azərbaycanda əhalinin sağlamlığının qorunması ilə yanaşı, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Həssas qruplara, pandemiyanın təsirlərinə məruz qalan insanların sosial müdafiəsinin gücləndirilməsinə yönələn dəstək tədbirləri davam edir.»

Bu fikirləri İkisahil.TV-yə Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Vüqar İskəndərov vurğulayıb ki, Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən infeksiya ilə mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Ümumilikdə, yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sistemində əlavə 2000 çarpayılıq ehtiyat yaradır.

 V.İskəndərov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Yoxsulluğun aradan qaldırılması, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur. Azərbaycanın bu uğuru heç də təsadüfi deyil. Bütün bu uğurların təməlində həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Eyni zamanda, Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır. Altı yüz min işsiz insan, qeyri-formal məşğul əhali, müvəqqəti öz işini itirən, aztəminatlı təbəqə dövlət tərəfindən qayğı ilə əhatə olunub. Onlara artıq bir neçə ay ərzində 190 manat birdəfəlik müavinət verilir. Ölkəmizdə pandemiya dövründə iqtisadi sahədə biznesə dəstək məsələlərində də çox böyük addımlar atılıb. Son büdcə düzəlişləri də Azərbaycanın sosialyönümlü dövlət olduğunu təsdiq etdi”.

V.İskəndərov diqqətə çatdırıb ki, işğalçı ölkənin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribata etiraz edən dünya azərbaycanlılarının mütəşəkkil şəkildə dinc aksiyalar keçirərək beynəlxalq ictimaiyyətin diqqətini işğal faktına yönəltməsi istər Ermənistan rəhbərliyi, istərsə də erməni diasporu üçün ciddi zərbə olub. Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı Ermənistanı və erməni lobbisini çətin sınaq qarşısında qoydu. Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı. İki əsrlik diasporçuluq stajı olan xaricdəki erməni icmaları bu dəfə həddindən artıq sönük imic sərgilədilər. Əvvəllər heç vaxt bu cür hallar yaşanmamışdı. Bu dəfə ermənilər, necə deyərlər, hazırlıqsız yaxalanmışdılar. Azərbaycanlılar isə milli kimlik şüuru ilə mübarizəyə qalxdılar”. Xarici ölkələrdə Ermənistanın işğalçılıq siyasətinə etiraz edən azərbaycanlıların fəallığı fonunda erməni lobbisinin mürtəce, vəhşi siması ifşa olundu. Bu isə Ermənistanda şok effekti yaradıb.  Bunu erməni mətbuatı da təsdiq edir. Elə Paşinyanın özü də pərt vəziyyətdədir. Baş nazir kürsüsündə oturandan bu günə kimi Ermənistan üçün heç bir real iş görməyən, əksinə, onsuz da çətin durumda olan işğalçı ölkəni yarıtmaz fəaliyyəti ilə dalana dirəyən Paşınyan Ermənistan ictimaiyyətindəki narazılığı bir az səngitmək üçün Diaspor İşləri Komitəsinin şöbə müdirlərini işlərindən uzaqlaşdırdı. Paşınyanın bu təmizləmə əməliyyatı heç bir müsbət nəticə verməyəcək, çünki artıq bütün dünyada erməni diasporuna sinə gərən, yaxşı təşkilatlanmış Azərbaycan diasporu var.

Vüqar İskəndərov xüsusi olaraq qeyd edib ki,  son dövrlərdə qlobal miqyasda müzakirə predmetinə çevrilən mühüm məsələlərdən biri də sosial şəbəkələrdə hüquqi tənzimləmənin həyata keçirilməsidir. Bu istiqamətdə bir sıra ölkələrdə müvafiq addımların atıldığı müşahidə edilməkdədir. Belə ki, sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada feyk məlumatların, terrora, zorakılığa çağırışların, şirkətlərə və ölkələrə qarşı kampaniyaların təşkil olunmasına şərait yaradır. Buna görə də bu özbaşınalığa, xaosa son qoyulmalıdır. Artıq istər ümumilikdə beynəlxalq müstəvidə, istərsə də ayrı-ayrı ölkələr tərəfindən sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunların qəbul edilməsinin vaxtı çatıb. Onu da deyim ki, ölkəmiz də dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli hücumlarına məruz qalıb. Çünki müstəqil siyasət yürüdən güclü dövlət kimi Azərbaycanın beynəlxalq arenada nüfuzunun artması anti-Azərbaycan və ermənipərəst dairələri narahat edir. Bununla yanaşı, bəzi qüvvələr məhz sosial şəbəkələrin yaratdığı imkanlardan istifadə edərək Azərbaycana qarşı müxtəlif qərəzli kampaniyalar təşkil edir, dövlətimizə qarşı yalan, böhtan, təhqir dolu fikirlər səsləndirirlər. Buna görə də hesab edirəm ki, dünyada gedən qlobal proseslərdən ölkəmiz də kənarda qalmamalı və ümumi işə öz töhfəsini verməlidir.

Şəmsiyyə Əliqızı,

Könül Əliyeva, «İki sahil»