09 fevral 2020 10:27
925

Xətaidəki seçki məntəqələri vaxtında fəaliyyətə başlayıb

Xətai rayonunda seçicilərin səsverməsi üçün məntəqələr fevralın 9-da saat 08:00-da tam tərkibdə fəaliyyətə başlayıb.

Seçicilər səhər saatlarından seçki məntəqələrinə gəlir, öz iradələrini azad şəkildə ifadə edir, istədikləri namizədlərə səs verirlər. Məntəqələrdə səsvermə tam mütəşəkkil qaydada keçir.

Ümumiyyətlə, rayonda dörd seçki dairəsi (33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü, 36 saylı Xətai dördüncü) və 141 daimi məntəqə fəaliyyət göstərir. Dairənin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu seçki məntəqələri, eləcə də müvəqqəti məntəqələr var.

Xətai rayonunda məntəqələr üzrə 175 mindən çox səsvermə hüququna malik vətəndaş qeydiyyatdadır. Rayon üzrə müxtəlif partiyaları təmsil edən və ya öz təşəbbüsü ilə sənədlərini təqdim etmiş 55 namizəd qeydə alınıb. Onlardan 12-si 33 saylı Xətai birinci, 18-i 34 saylı Xətai ikinci, 12 nəfər 35 saylı Xətai üçüncü, 13 nəfər isə 36 saylı Xətai dördüncü seçki dairəsi üzrə namizədliyini irəli sürüb.

Şəffaflığın təmin olunması məqsədilə dairənin əhatə etdiyi seçki məntəqələrində 40 veb-kamera quraşdırılıb. Səsvermə prosesinin şəffaf keçirilməsi üçün seçki məntəqələrində bütün şərait yaradılıb.

36 saylı Xətai dördüncü seçki dairəsinin ərazisində 36 daimi seçki məntəqəsi fəaliyyət göstərir və 46 min 685 seçici var. Dairə ərazisində iki müvəqqəti məntəqə yaradılıb. Məntəqələrdə seçicilərin sərbəst səs vermələri üçün hər cür şərait təmin edilib. Bundan başqa, əlavə məntəqələr yaradılıb ki, burada da seçicilərin səs vermək imkanı var. Məntəqələrdə vətəndaşların rahat səs vermələri üçün lazımi bütün işlər həyata keçirilib.

Dairə seçki komissiyasının sədri Tahir Süleymanov AZƏRTAC-a bildirib ki, səhər saat 8:00-dan məntəqələrdə səsvermə başlanıb. Dairədə Milli Məclisə seçkilərə yüksək səviyyədə hazırlıq görülməsi səsvermənin şəffaf və mütəşəkkil keçməsinə imkan yaradır. Yanvarın sonunda Xətai dördüncü seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədrləri və aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər təşkil olunub.

Parlament seçkiləri ilə əlaqədar dairə üzrə 26 nəfər müraciət edib və onlardan ümumilikdə 13-nün deputatlığa namizədliyi qeydə alınıb. Onların hər biri üçün bərabər şərait yaradılıb. Seçicilərlə namizədlərin görüşlərinin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən yerlər ayrılıb. Onlar təşviqat-təbliğat kampaniyalarını aparıblar. Məntəqələr üzrə seçicilərə bildirişlər paylanıb. Dairə üzrə hər məntəqədə təxminən 10-dan çox yerli və beynəlxalq müşahidəçi, o cümlədən müxtəlif siyasi partiyaların və bitərəflərin nümayəndələri qeydiyyatdan keçiblər.

Hələlik dairə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə məlumat və şikayət daxil olmayıb. Vətəndaşların sərbəst şəkildə səs vermələri üçün məntəqələrdə bütün zəruri şərait yaradılıb. Dairənin əhatə etdiyi seçki məntəqələrinin 10-da veb-kamera yer alır.

Səsvermənin gedişində şəffaflığı təmin etmək üçün məntəqədə quraşdırılmış veb-kamera vasitəsilə müşahidəçilər prosesin gedişini aşkar şəkildə izləyirlər. Seçkilərin gedişini fasiləsiz yerli müşahidəçilər izləyir. Seçkilər demokratik keçir, nəticələrə mənfi təsir göstərə biləcək amillər yoxdur. Seçici siyahıları ilə hər kəsin yaxından tanış olması üçün məntəqələrdə asılıb.

T.Süleymanov diqqətə çatdırıb ki, dairənin tərkibinə daxil olan 36 seçki məntəqəsi lazımi inventar və avadanlıqla, məlumat kitabçaları ilə tam təchiz olunub. Yeni nəsil şəxsiyyət vəsiqələrinin yoxlanılması üçün xüsusi qurğulardan istifadə edilir.

Səsvermə prosesini izləyən müşahidəçilər hələlik heç bir qanun pozuntusuna rast gəlmədiklərini, seçkilərin şəffaf və beynəlxalq normalara uyğun keçirildiyini qeyd edirlər.

Seçicilər isə onlara öz seçimlərini sərbəst şəkildə ifadə etmələri üçün məntəqədə hər cür şəraitinin yaradılmasından razılıqlarını bildirirlər. //AZƏRTAC