24 avqust 2019 14:49
222

YAP-ın təşkilatçılığı ilə Masallıda gənclərlə görüş keçirilib - FOTO

Avqustun 24-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Hadi Rəcəbli, Nəriman Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev tədbiri açaraq Yeni Azərbaycan Partiyasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini, yeni nailiyyətlərin qazanıldığını bildirib. O, Azərbaycanı dünya miqyasında idman, multikulturalizm, milli tolerantlıq və bir çox digər sahələr baxımından nümunəvi ölkəyə çevrildiyini qeyd edib.

Sonra Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edib. Əli Əhmədov ölkəmizdə gənclər üçün hər cür həyat şəraitinin yaradıldığını bildirib. Baş Nazirin müavini gənclərin Azərbaycanda və ondan kənarda da dövlətimizi və dövlətçiliyimizi müdafiə etdiklərini deyib.

YAP Sədrinin müavini qeyd edib ki, biz gənclərimizə böyük inamla yanaşırıq: “Onların bu günü və gələcəyi üçün Azərbaycan hökuməti böyük işlər görməkdədir. Prezident İlham Əliyevin apardığı siyasətdə gənclərə çox böyük önəm verilir. Bu gün biz gənclərlə ciddi şəkildə işləyirik, onlarla müxtəlif tədbirlər keçiririk. İstəyirik ki, Azərbaycanın gələcəyi etibarlı əllərdə olsun. Gənclik, eyni zamanda, gələcək, müasirlik deməkdir. Biz istəyirik ki, Azərbaycanın gəncləri yaxşı təhsil alsınlar və biliklərə yiyələnsinlər. Əminəm ki, gənclərimiz Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləməklə həmin siyasətin həyata keçməsinə öz töhfələrini verəcəklər”.

Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı Nəriman Əliyev çıxış edərək gənclərin fəallığından, rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmələrindən, dövlətə, dövlətçiliyimizə, Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətə həmişə sədaqətli olmalarından bəhs ediblər.

Daha sonra idmançılar öz məharətlərini göstəriblər.

Tədbir incəsənət nümayəndələrinin çıxışları ilə davam edib.

Həmin gün Masallı şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon təşkilatları sədrlərinin iştirakı ilə zona müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışıb.

YAP Sədrinin müavini, həmçinin bildirib ki, partiya üzvləri qazanılan uğurları geniş təbliğ etməli, bu işdə sosial şəbəkənin imkanlarından faydalanmalıdırlar. Müstəqil Azərbaycanın inkişafını görmək istəməyən dairələrin, o cümlədən radikal müxalifətin sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını diqqətə çatdıran Əli Əhmədov bu dairələrin əsl niyyətlərinin ifşa olunmasında gənclərin fəal olmasının vacibliyini vurğulayıb.

Zona müşavirəsində çıxış edən Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon təşkilatlarının sədrləri görülən işlər barədə məlumat verərək, qarşıda duran vəzifələrlə bağlı təkliflərini bildiriblər.