21 fevral 2020 14:06
1059

YAP könüllülərinin toplantısı keçirildi - FOTO

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “2020 Könüllülər ili” Yeni Azərbaycan Partiyası könüllülərinin toplantısı adlı tədbir keçirilib.

Tədbirdə YAP-ın idarə heyətinin üzvləri, millət vəkilləri və gənclər iştirak edib. YAP Gənclər Birliyinin sədri Seymur Orucov tədbiri açıq elan edib. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Leyla Əliyevanın könüllülük fəaliyyətinin inkişafındakı rolundan bəhs edib: "Bu gün artıq yüzlərlə könüllü ordusu yüz minlərə çatıb. Könüllü ordusu bir çox beynəlxalq layihələrin həyata keçirilməsində əvəzsiz işlər görüb”.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Gənclər Birliyinin sədri Kamran Abbasov isə qeyd edib ki, YAP-ın Gənclər Birliyinin əsas məqsədi ölkə Prezidentinin müəyyən etdiyi istiqamətlərdə gənclərin tərkib hissəsi olan layihələrin sayını artırmaqdır: "Gənclərimizdə vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət prinsipinin formalaşması üçün görülən işlər də bu qəbildəndir. Gənclər birliyinin üzvləri cəmiyyətin sosial həyatında iştirak etməklə yanaşı, bir çox sahələrdə də kifayət qədər uğurlar qazanıb".

Yeni Azərbaycan Partiyası Tərtər Rayon Gənclər Birliyinin sədri Turanə Məmmədzadə də tədbirdə çıxış edib. T. Məmmədzadə ötən il "Nəsimi ili" münasibətilə ölkənin müxtəlif rayonlarında 650 min ağacın əkilməsində YAP Gənclər Birliyinin təşəbbüslərini xatırladıb: "Ekoloji mühitin yaxşılaşdırılmasında gənclərimiz öz töhfələrini hər zaman aktiv şəkildə veriblər. Təbiətin qorunması, ekoloji mühitin yaxşılaşmasında və inkişafında görülən işlər hər birimizin vətəndaşlıq borcudur. Gənclərimiz də bu mövzuda öz səylərini artırmaqda davam edir".

Yeni Azərbaycan Partiyası Oğuz Rayon Gənclər Birliyinin sədri Elşən Alcansoy bələdiyyə və parlament seçkilərində xalqın partiyaya olan etimadını sərgilədiyini vurğulayıb: "30 ildir müharibə şəraitində olan ölkənin hətta cəbhəyanı bölgələrinin belə müharibə şəraitində olduğu hiss edilmir. Azərbaycanda çevik, bacarıqlı, enerjili, innovativ gənclik yetişir. Prezidentimiz İlham Əliyev gənclərimizə olan inamını "mənim səsim sizinlədir" sözləri ilə daim böyük auditoriyalardan səsləndirib. 2020-ci ilin "Könüllülər ili" kimi elan edilməsi təsadüfi hal deyil. Prezidentin bu sərəncamı gənclər üçün güclü sosial bazanın yaradılmasını, gənclərin sağlamlığı, məşğulluğu, təhsilliliyini təmin və inkişaf etdirəcək".

Tədbirin sonunda partiyanın müxtəlif rayonlarında fəaliyyət göstərən könüllülər ölkənin ictimai proseslərində aktiv iştiraka görə fərqli nominasiyalarda mükafatlarla təltif edilib. Mükafatları YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov, AMEA-nın sabiq prezidenti Akif Əlizadə, YAP İdarə heyətinin üzvü Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova, YAP İdarə Heyətinin üzvləri Əli Həsənov və Eldar İbrahimov, Abel Məhərrəmov təqdim edib. //Publika.az