19 noyabr 2019 19:19
914

YAP: Mübarizlik, sağlam prinsiplər əsasında möhkəmlənən partiya - FOTO

YAP Yasamal rayon təşkilatında  Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə yubiley tədbiri keçirildi. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin  qərargahın foyesində qoyulmuş büstünün önünə əklil qoydular.  

Tədbirdə giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov partiyanın yaranmasını Azərbaycanın müstəqilliyinin əbədiyyət rəmzi, ölkədə milli birlik və sabitliyin əsas təminatçısı adlandırdı:

- 21 noyabr 1992-ci ildə,  ölkədəki siyasi gərginliyin davam etdiyi dövrdə, 550 nəfərin iştirakı ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yenicə müstəqilliyini qazanmış respublikamızın həyatında tarixi hadisə, dönüş nöqtəsi oldu. O illərdə ölkədə yaranan hərc-mərclik respublikanı  uçuruma aparırdı. Azərbaycana rəhbərlik edən, siyasi biliyi, dövlətçilik təcrübəsi olmayan AXC-Müsavat iqtidarının bacarıqsızlığı ölkəni  vətəndaş müharibəsi həddinə çatdırmışdı. Sabaha ümidi olmayan insanlar təlaş içərisində yaşayırdılar.  Xalqla iqtidar arasında  böyük uçurum yaranmışdı. Belə bir  çətin dövrdə ölkə ziyalıları Naxçıvanda yaşayan ulu öndər Heydər Əliyevə   müraciət edərək xalqı düşdüyü  bəladan qurtarmağa çağırdılar. Bu məqsədlə ulu öndər Heydər Əliyevin sədrliyi ilə hazırda regionda  siyasi çəkisinə görə  öndə gedən qüdrətli siyasi təşkilat olan YAP yarandı. Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə  xalqa güvənən ulu öndər Heydər Əliyevin  iştirakı ilə hazırlanan partiyanın Nizamnamə və Proqramında müstəqilliyin əbədiliyi,  gələcək inkişaf konsepsiyası  başlıca məqsəd və amal kimi əksini tapdı. Bu gün qüdrətli Azərbaycanın qazandığı nailiyyətlərlə  öyünən hər bir vətəndaşın yüksələn rifahının əsasında  Ulu Öndərin ideyaları dayanır. Müxalifət partiyası kimi yaranan YAP-ın qısa müddətdə  iqtidara gəlməsi  təşkilata , onun yaradıcısı  Ümummilli Liderə ümumxalaq məhəbbətinin ifadəsi idi.

Qeyd olundu ki, 1993-cü ildə Bakıya qayıdan Ulu Öndərin ətrafında sıx birləşən insanların sabaha ümidi artdı, iqtisadiyyat dirçəldi, xalqın güzəranı yaxşılaşdı. İqtidar partiyası  kimi ictimai  rəyin formalaşmasında böyük xidmətləri olan YAP ölkədə milli birlik və həmrəyliyin güclənməsində də öz sözünü dedi. Xalqın mənafeyi, dövlətçiliyin möhkəmlənməsi, müstəqilliyin əbədiliyi naminə qüvvələri eyni məqsəd naminə  birləşdirən YAP  fəaliyyətində bu prinsipləri əsas götürdü: Azərbaycanda güclü dövlət yaranmalı, insanların həyat səviyəsi yüksəlməli, sabitilik , inkişaf davamlı proses kimi diqqətdə saxlanılmalı, ölkəmizin dünya birliyində mövqeyi möhkəmlənməli.

YAP Siyasi Şurasının üzvü,  «91-lər»in nümayəndəsi, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə yubiley münasibətilə  YAP Yasamal rayon təşkilatının üzvlərini təbrik edərək bildirdi ki, zamanın tələbinə  uyğun  zərurətdən yaranan YAP  ilk gündən Azərbaycan xalqının mənafelərinə  xidmət etməklə,  ölkəmizin qarşısında  duran məsələlərin həlli üçün  müstəqilliyimizin təminatçısı kimi də özünü doğrultdu:

-  Qüdrətli dövlət kimi  beynəlxalq aləmdə mövqeyi möhkəmlənən,   yubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Heç bir çətinlikdən, məsuliyyətdən qorxmayan partiyanın lideri kimi üzvləri də  milli məfkurənin, təfəkkürün formalaşması, süverenliyimizin əbədiliyi naminə qətiyyət göstərdi. YAP ölkədə ictimai-siyasi həyatın gərgin olduğu, iqtisadiyyatın dağıldığı, insanların xaos içərisində yaşadığı bir dövrdə yaranmışdır. Xalqın iradəsinə, istəyinə uyğun təsis edilən təşkilatın  yaranmasında xüsusi rolu və xidmətləri olan «91-lər»in davamçıları indi sayı 750 mindən çox partiya üzvləridir. Yeni yaranan təşkilatın vəzifələrini ilk  müsahibəsində açıqlayan Ulu Öndər qeyd edirdi ki, biz müxalifət naminə müxalifətdə olmayacağıq, biz xalq naminə müxalifətdə olacağıq. Belə də oldu. Qısa müddətdə varlığını əməli fəaliyyəti ilə təsdiqləyən,  Vətəninə bağlı insanların birləşdiyi  YAP   milyonların partiyası adını qazandı.

 Partiyanın regionda artan nüfuzundan bəhs edən Vüqar Rəhimzadə bildirdi ki, bölgədə olduğu kimi, beynəlxalq aləmdə də tanınan  partiyamızın siyasi təşkilatlarla əlaqələri  genişlənir. Gənclərin, qadınların təşkilata axını  sürətlənir. Gənclər aydın başa düşürlər ki, hər bir partiya üzvü ölkənin  siyasi, iqtisadi həyatında  iştirakları ilə məsuliyyətlərini də  dərk etməli, quruculuq işlərində  fəallıqlarını artırmalıdırlar. Bu birliyin nəticəsidir ki,  bütün siyasi kampaniyalarda ümumxalq etimadı qazanan,   üzvlərinin sayı kimi, kəmiyyət və keyfiyyət baxımından  yüksələn  partiyamıza  inam və etimad artır. Ölkəmizdə beynəlxalq konfransların, simpoziumların,  Qoşulmama Hərəkatı, Dünya Dini Liderlərinin  sammitləri kimi mühüm tədbirlərin keçirilməsi Azərbaycanın dəstəklənən diplomatiyasının dünyaya təqdimatıdır.  Reallıq budur ki, Prezident,  YAP-ın Sədri İlham Əliyevin  davam etdirdiyi dövlətçilik ənənələri xalqımıza, dövlətimizə uğurlar qazandırır.

 Vüqar Rəhimzadə gəncləri virtual məkanda, sosial şəbəkələrdə   antimilli qüvvələrə qarşı mübarizədə də  fəal olmağa çağırdı.  Qeyd edildi ki, gənclər dağıdıcı müxalifətin  ölkəmizə qarşı təxribatlarının qarşısının alınmasında  iştirakları ilə  ölkədə sabitliyin təminatına töhfələrini  verməli, vətəndaşlıq mövqelərini  bildirməlidirlər.

«Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev ilk günlərdən xalqın partiyası kimi etimad qazanan YAP-nı  əqidəsinə sadiq insanların təşkilatı adlandıraraq partiyanın yarandığı  siyasi şəraitin mürəkkəbliyindən söz açdı.  Xalqı məhrumiyyətlərdən, Azərbaycanı dağılmaqdan xilas edən Ulu Öndərin Bakıya qayıdışını müstəqilliyimizin əbədiyyət tarixi adlandırdı. Partiyanın Proqram və Nizamnaməsini ölkəmizin gələcək həyatının strateji əhəmiyyətli istiqamətləri kimi dəyərləndirdi. Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş  strategiyaya uyğun dinamik inkişafından bəhs edərək, ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edən konkret proqramların, qlobal enerji, nəqliyyat layihələrinin əhəmiyyətindən danışdı :

- Hər bir yubiley  həm də hesabat ilidir.  Partyanın 27 ildə qazandığı uğurları bu gün hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. Ölkəmizin Qərb ilə Şərq arasında körpü rolunu oynaması, sivilizasiyalar məkanı kimi tanınması, beynəlxalq  tədbirlərə ev sahibliyi etməsi ölkəmizin dünyada mövqeyini möhkəmləndirir.

Qloballaşan dünyada sivilizasiyalar, siyasi partiyalar arasında münasibətlərin  tənzimlənməsini,  dialoqların inkişaf etdirilməsini beynəlxalq əməkdaşlığın əsas amili kimi daim diqqətdə saxlayan YAP-ın bu istiqamətdə apardığı siyasət və əməkdaşlıq uğurla nəticələnir.

Tədbirdə YAP Yasamal rayon təşkilatının bir qrup fəalına Fəxri fərmanlar, partiya üzvlüyünə qəbul olunanlara  vəsiqələr təqdim olundu. Mərasim bədii hissə ilə davam etdirildi.

Xuraman İsmayılqızı,
Vüsal Cahanov,
«İki sahil»