13 sentyabr 2019 14:13
115

Yaponiya şübhəli gəmilərə görə Şimali Koreyaya etirazını bildirib

Yaponiya hökuməti ötən ay ölkənin məxsusi iqtisadi zonasına daxil olan iki şübhəli gəmiyə görə Şimali Koreyaya etirazını bildirib.

AZƏRTAC xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa bu barədə sentyabrın 13-də keçirilən ənənəvi mətbuat konfransında bildirib.

Y.Suqa deyib ki, Yaponiya Balıqçılıq Agentliyinin patrul gəmisi avqustun 23-də Yapon dənizində Yaponiyaya məxsusi iqtisadi zonada mənsubiyyəti məlum olmayan iki gəmi aşkar edib. Ertəsi gün həmin rayonda Şimali Koreyaya məxsus gəmi Yaponiyanın digər patrul gəmisinə yaxınlaşıb. Sahil Mühafizəsi Xidmətinin bildirdiyinə görə, həmin gəminin göyərtəsində olan şəxs təqribən 30 metr məsafədən tapança çıxararaq onu patrul gəmisinə yönəldib. Bu zaman gəmidəki digər şəxs həmin hadisəni videokamera vasitəsilə lentə alıb.

Baş katib qeyd edib ki, əlaqədar nazirlik hadisə barədə məlumat yayıb və Yaponiya hökumətinin qənaətinə görə həmin gəmilər Şimali Koreyaya məxsusdur. Yaponiya tərəfi baş verən hadisəyə görə Pekindəki diplomatik kanallar vasitəsilə Pxenyana etirazını bildirib.

Y.Suqa əlavə edib ki, əlaqədar nazirlik həmin rayonda yapon balıqçıların təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün tədbirləri görəcək.