27 iyul 2026 13:14
294

Yay tətilinin keyfiyyətini ekran yox, balans müəyyənləşdirir

Psixoloq: Əgər uşaq telefon və planşetdən ayrıldıqda əsəbiləşirsə, hər şeyə aqressiv reaksiya verirsə, daim darıxdığını bildirirsə, başqa fəaliyyətlərə maraq göstərmirsə və ya yuxu rejimi pozulursa, bu artıq, valideyn üçün xəbərdarlıq siqnalıdır

Yay tətili uşaqlar üçün məktəb qayğılarından uzaqlaşmaq, fiziki və psixoloji cəhətdən dincəlmək, ailə ilə daha çox vaxt keçirmək imkanı yaradır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu dövr yalnız istirahət deyil, həm də uşağın gündəlik vərdişlərinin və psixoloji balansının qorunması baxımından həssas mərhələdir. Tətil adı altında gün rejiminin tamamilə pozulması, saatlarla telefon və planşet qarşısında vaxt keçirmək, fiziki aktivliyin azalması və yaşıdlarla canlı ünsiyyətin zəifləməsi uzunmüddətli psixoloji və sosial problemlərə zəmin yarada bilər.

Müasir texnologiyalar uşaqların həyatının ayrılmaz hissəsinə çevrilsə də, yay aylarında ekran qarşısında keçirilən vaxtın nəzərəçarpacaq dərəcədə artması valideynləri daha diqqətli olmağa vadar edir. Bəzən sakitcə telefonla məşğul olan uşaq valideynə problem yaratmırmış kimi görünür. Halbuki mütəxəssislərin fikrincə, bu sakitlik hər zaman sağlam istirahətin göstəricisi deyil. Əksinə, uzunmüddətli rəqəmsal məşğuliyyət uşağın emosional vəziyyətinə, diqqətinə, sosial bacarıqlarına və gündəlik həyat ritminə mənfi təsir göstərə bilər.

Bəs valideynlər yay tətilində övladlarının həqiqətən dincəldiyini hansı əlamətlərdən müəyyən edə bilərlər? Telefon və planşetdən həddindən artıq istifadə uşağın psixologiyasında hansı dəyişikliklərə səbəb olur? Yay tətilini həm maraqlı, həm də səmərəli keçirmək üçün hansı balans qorunmalıdır?

Tətil rejimi pozulanda problemlər başlayır

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, yay tətili uşaqlar üçün həm fiziki, həm də psixoloji baxımdan bərpa dövrü hesab olunur. Lakin bu dövrdə valideynlərin ən çox diqqətdən qaçırdığı məqamlardan biri uşağın gündəlik həyat ritminin tamamilə pozulmasıdır. Bir çox ailələr düşünür ki, məktəb olmadığı üçün uşaq istədiyi qədər yatmalı, saatlarla telefon və planşetdən istifadə etməli, gününü yalnız əyləncə ilə keçirməlidir. Halbuki uzun müddət davam edən plansızlıq və nəzarətsiz rəqəmsal istifadə uşağın emosional vəziyyətinə, sosial bacarıqlarına və ümumi inkişafına mənfi təsir göstərə bilər. Telefon və planşetdən uzun müddət istifadə edən uşaqlarda ilk növbədə diqqət toplama qabiliyyətinin zəifləməsi müşahidə olunur. Sürətlə dəyişən görüntülər və davamlı stimullar beynin təbii diqqət mexanizmini yorur. Nəticədə uşaq kitab oxumaqda, yaradıcılıq fəaliyyəti ilə məşğul olmaqda və ya uzun müddət bir işə fokuslanmaqda çətinlik çəkə bilər. Eyni zamanda, ekran qarşısında keçirilən saatlar artdıqca fiziki hərəkət azalır, yuxu rejimi pozulur və emosional həssaslıq yüksələ bilir.

Empatiya virtual mühitdə formalaşmır

Psixoloq qeyd etdi ki, rəqəmsal mühit uşaqlara müəyyən bilik və bacarıqlar qazandırsa da, real sosial münasibətləri əvəz edə bilməz. Tətil müddətində uşağın yaşıdları ilə ünsiyyətinin azalması, açıq havada oyunlardan uzaq qalması və ailə daxilində canlı ünsiyyətin zəifləməsi sosial bacarıqların inkişafına mənfi təsir göstərir. Uşaq emosiyalarını ifadə etməyi, konfliktləri həll etməyi və empati qurmağı əsasən real münasibətlər zamanı öyrənir. Bu imkanlar azaldıqda sosial uyğunlaşmada çətinliklər yarana bilər. Valideynlər uşağın sağlam şəkildə istirahət edib-etmədiyini yalnız onun sakit olması ilə qiymətləndirməməlidirlər. Bəzən saatlarla telefon qarşısında səssiz oturan uşaq zahirən problem yaratmasa da, bu vəziyyət psixoloji baxımdan sağlam istirahət demək deyil. Sağlam istirahət edən uşaq gün ərzində müxtəlif fəaliyyətlərə maraq göstərir, açıq havada vaxt keçirmək istəyir, ailə üzvləri ilə ünsiyyətdən zövq alır, yeni şeylər öyrənməyə maraq göstərir və onun emosional vəziyyəti daha sabit olur.

Ən yaxşı istirahəti müxtəlif fəaliyyətlərdən keçir

E. Rüstəmov diqqətə çatdırdı ki, əgər uşaq telefon və planşetdən ayrıldıqda əsəbiləşirsə, hər şeyə aqressiv reaksiya verirsə, daim darıxdığını bildirirsə, başqa fəaliyyətlərə maraq göstərmirsə və ya yuxu rejimi pozulursa, bu artıq, valideyn üçün xəbərdarlıq siqnalıdır. Belə hallarda ekran vaxtının tədricən azaldılması, alternativ maraqlı fəaliyyətlərin təşkil edilməsi və ailə daxilində birgə keçirilən keyfiyyətli vaxtın artırılması vacibdir. Yay tətili uşağın yalnız dincəlməsi üçün deyil, həm də psixoloji inkişafı, ailə münasibətlərinin möhkəmlənməsi və yeni həyat bacarıqlarının formalaşması üçün əla fürsətdir. Valideynlər çalışmalıdırlar ki, bu dövrdə uşağın günü yalnız ekran qarşısında deyil, idman, mütaliə, yaradıcı məşğələlər, təbiətdə gəzintilər və ailə ilə birgə fəaliyyətlər arasında balanslı şəkildə qurulsun. Uşağın gələcək emosional sağlamlığının təməli məhz bu cür balanslı həyat tərzi ilə formalaşır.

Nigar Orucova, "İki sahil"