13 yanvar 2021 17:52
860

Yeni agentlik: Media sahəsində nələr dəyişəcək?

Xəbər verildiyi kimi, yanvarın 12-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Qeyd edək ki, Agentlik Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir. Ölkə başçısının Fərmanı medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasında böyük rol oynayır.

Bəs  media nümayəndələri yeni qurumdan nələr gözləyir?

Cahangir Məmmədli: Mən bu Agentliyin bu gündən başlayan sabahına çox  inanıram

“Son illər Azərbaycanda siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində köklü islahatlar həyata keçirilir. Artıq sıra media sahəsinə çatıb və bu ildən başlayaraq KİV müstəvisində ciddi addımların atılması, islahatların aparılması planlaşdırılır. Cənab Prezidentimiz bütün istiqamətləri diqqətdə saxladığı kimi, mediamızın da, azad sözümüzün də daha da inkişaf etdirilməsini daim diqqətdə saxlayır. Uzun müddətdir fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu da elə bu məqsədlə yaradılmışdı. Əgər bu gün dövlət başçısı həmin təşkilatın varisliyi fonunda yeni bir qurum yaradırsa, bunun daha mükəmməl və səmərəli fəaliyyətə əsaslanan bir agentlik olacağını düşünürəm. Agentliyin yaradılmasını milli mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin başlanğıcı saymaq olar. Təbii ki, bundan sonra yeni yaradılan qurum informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək. Bu səbəbdən yeni qurumun çoxşaxəli fəaliyyətində informasiya təhlükəsizliyimizə böyük töhfələr verəcəyi şübhə doğurmur. Yaxın zamanlarda ortaya effektiv nəticələr qoyulacaq.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında tanınmış jurnalist, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli söyləyib.

Professorun sözlərinə görə, yeni agentliyin yaradılması Azərbaycan mediasının dünya mediasına tam şəkildə qovuşmasına dəstək olacaq: “Yeni qurumun fəaliyyət istiqamətlərindən biri də dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, qurumların KİV-lə təmaslarının təkmilləşdirilməsi, qarşılıqlı etimadın artırılmasıdır. Bununla bağlı tədbirlərin həyata keçirilməsi yeni agentliyin əsas işlərindən biri olacaq. Təbii ki, xarici təcrübənin öyrənilməsi və əməkdaşlıqların genişlənməsi ilə yanaşı mediamız üçün daxili informasiya mübadiləsi prosesinin və informasiya mənbələrinə birbaşa çıxışın səmərəli təşkili də çox mühüm əhəmiyyətə malikdir. Təəssüf ki, indiyədək bu istiqamətdə qarşılıqlı əlaqələr o qədər inkişaf etməmişdi. Məhz yeni qurumun bundan sonra həmin problemin həll edilməsinə ciddi töhfələr verəcəyi şübhə doğurmur. Təbii ki, beynəlxalq əməkdaşlıq üçün yerli kadr potensialının formalaşdırılması zərurəti meydana çıxır. Nizamnamədə bu sahədə mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində də aktiv işlərin görülməsi nəzərdə tutulur. Bundan sonra agentliyin aktiv fəaliyyəti sayəsində jurnalistlərin peşəkarlığı və məsuliyyəti artırılacaq, xarici ölkələrin media qurumlarının bizim üçün faydalı olacaq təcrübələri geniş şəkildə öyrəniləcək.”

C.Məmmədli qeyd edib ki, agentliyin fəaliyyət sahəsinə ənənəvi media ilə yanaşı, onlayn media sferası da daxil edilir: “Bu, onlayn medianın tənzimlənməsi baxımından ilk rəsmi təsisatdır. Agentlik vasitəsilə onlayn mediaya dövlət dəstəyinin göstərilməsi bu sahədə inkişafa ciddi stimul verəcək. Yəni, yeni təşkilat bütövlükdə medianı nəzərdə tutur. Bizim qəzetlərdən əlavə  saytlarımız  var ki,  onlar KİVDF-nin həmin saytları hesaba almadığından narazılıq edirdilər. Ona görə də yəqin, indi o saytlar hesaba alınacaq. Yeni qurum artıq medianın bütün istiqamətlərini nəzarətdə və diqqətdə saxlayacaq. Etiraf etməliyik ki, bu gün elə saytlarımız var ki, orada həm son dərəcə peşəkar jurnalistlər işləyir, həm də o saytların müəyyən dərəcədə maddi köməyə ehtiyacları var. Ümidvaram ki, bütün bunlar nəzərə alınar.”

Həmsöhbətimiz vurğulayıb ki, Medianın İnkişafı Agentliyində Müşahidə şurası da olacaq. O Şuranın üzvlərinin seçilməsində aidiyyəti qurumlar çox diqqətli olacaqlar: “Azərbaycan mediasının inkişafı ilə bağlı, Azərbaycan mediasının söz və mətbuat azadlığı ilə bağlı inkişafına çox ciddi diqqət yetirəcək.  Bu sahəni yaxşı bilən adamlar yəqin ki, Müşahidə Şurasının üzvü olacaqlar. Mən bu agentliyin bu gündən başlayan sabahına çox  inanıram.  Prezidentimizə də təşəkkür edirəm ki, belə bir  qurumun yaranmasını təmin  etdi. Agentliyin Nizamnaməsində öz əksini tapan hər bir nüans ayrılıqda milli mediamızın inkişafına təkan verəcək. Bir sözlə, deyə bilərik ki, artıq ölkəmizin media məkanında yeni dönəm başlayır və Medianın İnkişafı Agentliyinin qarşısında mühüm vəzifələr durur.”

Vüsalə Mahirqızı: Əsas odur ki, yeni baxış və inkişaf istəyi olsun

“APA Group”un rəhbəri Vüsalə Mahirqızı  isə media sahəsində yeni yaradılmış qurumun yeni baxış, yeni proses başlatmasını arzu  edir:  “Ümid edirəm ki, agentlik hüquqi bazaya əsaslanan yeni media standartlarını müəyyən edib, ona əməl olunmasına nəzarəti doğru və tərəfsiz qaydada həyata keçirəcək. Əsas odur ki, yeni baxış və inkişaf istəyi olsun. Zənnimcə, daha müasir, daha lazımlı və geniş perspektivli iş görüləcək və hər şey yaxşı olacaq. Bu agentliyin ilk işi media sahəsindəki xaotik vəziyyətə aydınlıq gətirmək olmalıdır. Daha doğrusu, bunu düzəltmək üçün hüquqi baza yaratmaq. Bu o deməkdir ki, bizim indi fəaliyyətdə olan “Kütləvi informasiya vasitələri haqqında” Qanun dəyişməlidir. Yəni, həmin qanun müasir standartlara və tələblərə cavab verməlidir. Onlayn media standartları ilə bağlı həmin hüquqi bazaya qaydalar əlavə olunmalıdır.  Qurumun işi də gələcəkdə medianı tətbiq olunmuş standartlara uyğun fəaliyyətinə nəzarət etmək olmalıdır.”

Həmsöhbətimiz bir mühüm məqama da aydınlıq gətirdi ki,  vahid vəsiqə sistemi  tətbiq olunmalıdır: “Türkiyədə “sarı kart” dediyimiz sistem ki var. Həmin sistemin icrası zamanı isə jurnalistlərin əmək fəaliyyətləri,  iş təcrübəsi, eyni zamanda, onların çalışdıqları media qurumlarının standartları nəzərə alınmalıdır. Bu gün hər kəs gedib bir dənə domen alır  və sayt qeydiyyatdan keçirir. Bir noutbuk olur, vəsiqəsini düzəldir. Sonra isə jurnalist immuniteti ilə fəaliyyət göstərməyə başlayır.  Bunun qarşısını almağın yolu vahid vəsiqə sisteminin tətbiq olunmasıdır. Bunun üçün də mütləqdir ki, vahid standartlar yaradılsın. Zənnimcə, Medianın İnkişafı Agentliyi də həmin standartları yaratmalı,  onlara əməl olunmasına nəzarət etməlidir. Əgər hansısa qurum, ya jurnalist o standartlardan kənara çıxarsa agentlik səlahiyyəti çərçivəsində inzibati cəhətdən tənbeh tədbiri görməlidir, əməl olunmadıqda isə hüquq mühafizə orqanlarını məlumatlandırmalıdır. Bir sözlə, bu sahədə nizam-intizam yaratmalıdır.”

V.Mahirqızı  Medianın İnkişafı  Agentliyindən reklamla bağlı  olan gözləntilərdən də bəhs etdi: “Bəzi həmkarlarımız bildirir ki, medianın reklam bazarı kasaddır. Agentlik medianın reklam siyasətini də təmin etsin. Qeyd etməliyəm ki, bu qurum reklamla bağlı hər hansı bir tədbir görə bilməz. Medianın İnkişafı Agentliyinin  vəzifəsi media mexanizmlərini müəyyənləşdirməkdir. Yeni qurumdan reklam bazarı ilə bağlı heç bir gözləntim yoxdur. Azərbaycanda onlayn mediaya reklam gəlməsinin təmin edilməsi üçün yeni qurumun edə biləcəyi bir iş var,  indiki xaotik durumu aradan qaldırmaq, bunun üçün hüquqi bazaya əsaslanan standartlar yaratmaq. Medianın nüfuzu təkmilləşdikcə, inkişaf etdikcə, artıq nüfuzlu media qurumlarına reklam gələcək.”

Yaqut Ağaşahqızı, “İki sahil”