06 dekabr 2019 19:45
1202

Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində parlaq qələbə qazanacaq

23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

Dekabrın 6-da YAP Xəzər rayon təşkilatının qərargahında bələdiyyə seçkiləri ilə əlaqədar 13 saylı Xəzər - Pirallahı və 14 saylı Xəzər seçki dairələrinin seçiciləri ilə görüş keçirildi. Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək bildirdi ki, YAP Xəzər rayon təşkilatı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq uğurla davam etdirir.  Xəzər rayonundan 8 qəsəbə üzrə 106 YAP  namizədinin təbliğatı aparılır. İnanırıq ki, “Xalq üçün” devizi ilə təbliğat-təşviqat kampaniyasına uğurla başlayan partiyamız növbəti qələbəsini qazanacaq. Bu uğurları şərtləndirən amillər çoxdur. Hakimiyyət bu gün strateji məsələlərin, sosial problemlərin, vətəndaşların qarşılaşdığı məsələlərin həll edilməsində böyük uğurlar qazanıb. İş yerləri açılır, əməkhaqları artırılır, şəhid ailələrinin müavinəti ödənilir, regionların inkişafı ilə bağlı qərarlar qəbul edilir. Bütün bunların hamısı indiki hakimiyyətin, şəxsən ölkə Prezidenti İlham Əliyevin fəaliyyətinin nəticəsidir.

Milli Məclisin deputatı Rauf Əliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol haqqında ətraflı çıxış edərək qeyd etdi ki, partiyamızın gücü tək üzvlərimizin sayında deyil, həm də xalqımızın bu partiyaya sevgisində, inamındadır. Partiyamızın sıralarında Azərbaycanın ən aparıcı intellektual və zəka sahibi olan insanları təmsil olunurlar. Yeni Azərbaycan Partiyası hazırda MDB məkanının ən böyük siyasi təşkilatlarından biridir, partiyamızın beynəlxalq əlaqələri çox genişdir. YAP Avropa Xalqlar Partiyasının  üzvüdür, müxtəlif ölkələrin hakim partiyaları ilə xoş münasibətlərə sahibdir. Əlbəttə ki, sadalanan faktlar YAP-ın nüfuzunun, siyasi çəkisinin və ictimai dəstəyinin göstəriciləridir. Bütün bunlar  onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi, sosial islahatlar, onların insanlar tərəfindən qiymətləndirilməsi və bunun sayəsində dövlətimizin başçısının qazandığı yüksək ictimai dəstək və nüfuz onun Sədri olduğu YAP-ın  mövqeyinin möhkəmlənməsinə də  öz müsbət təsirini göstərir.

Görüşdə çıxış edən seçicilər vurğulayıblar ki, bütün seçki proseslərində olduğu kimi bələdiyyə seçkilərində də çox böyük fəallıq göstərəcək, dövlətə və dövlətçiliyə sədaqətlərini Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə nümayiş etdirəcəklər.

Şəmsiyyə Əliqızı, “İki sahil”