19 noyabr 2026 15:15
143

Yeni Azərbaycan Partiyası: yeni hədəflər, müasir çağırışlar və davamlı inkişaf strategiyası

“30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirməklə yanaşı, torpaqlarımızda misli görünməmiş dağıntılar törədib. Yaşayış evləri, inzibati binalar, sosial və iqtisadi infrastruktur, tarixi, dini və mədəni abidələr vandalizmə məruz qalıb. İşğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus mülkiyyət talan edilib, yaşayış məntəqələri sistemli şəkildə dağıdılıb, təbii sərvətlərimiz istismar olunub, ətraf mühitə ciddi ziyan vurulub. Ermənistanın işğal dövründə törətdiyi dağıntıların miqyası adi müharibə nəticəsində yaranan fəsadlarla müqayisə edilə bilməz. Çünki burada söhbət yalnız hərbi əməliyyatların nəticələrindən deyil, bütöv yaşayış məntəqələrinin, xalqımızın tarixi yaddaşının, mədəni irsinin və milli-mənəvi dəyərlərinin məqsədyönlü şəkildə məhv edilməsindən gedir. 2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə nəticələndi və torpaqlarımızın işğalına son qoyulması istiqamətində həlledici mərhələ oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq prosesinə başladı. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi və konstitusiya quruluşu tam bərpa edildi. Bu gün həmin ərazilərdə həyata keçirilən quruculuq işləri Azərbaycanın öz tarixi torpaqlarına qayıdışının, milli kimliyinin və dövlət suverenliyinin əyani təcəssümüdür”.

“İki sahil” xəbər verir ki, bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, işğal dövründə Ermənistanın törətdiyi vandalizmin ən ağır nümunələrindən biri Ağdam şəhəridir: “Bir zamanlar Qarabağın mühüm iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri olan, həyatı, abadlığı, inkişafı ilə seçilən Ağdam Ermənistanın işğalçılıq siyasəti nəticəsində xarabalığa çevrilib. Şəhərin yaşayış binaları, sosial obyektləri, tarixi-mədəni abidələri dağıdılıb, bütün infrastrukturu məhv edilib. Təsadüfi deyil ki, Ağdamı ziyarət edən xarici jurnalistlər, beynəlxalq nümayəndələr və turistlər bu şəhəri ‘Qarabağın Xirosiması’ adlandırıblar. Bu ifadə Ağdamın hansı miqyasda dağıntılara məruz qaldığını bütün dünyaya nümayiş etdirən acı reallıqdır. Ağdam təkcə bir şəhər deyil, Azərbaycan xalqının tarixi yaddaşının, milli-mənəvi irsinin və Qarabağ həyat tərzinin mühüm tərkib hissəsidir. “Ağdam” adının etimologiyası ilə bağlı müxtəlif izahlar mövcuddur. Tarixi mənbələrdə bu ad ağ daşdan tikilmiş imarət, işıqlı məkan anlayışları ilə əlaqələndirilir. XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın burada ağ daşdan imarət tikdirməsi də şəhərin adının formalaşması ilə bağlı tarixi rəvayətlərdə xüsusi yer tutur. Ağdam ərazisində aparılmış arxeoloji tədqiqatlar bu torpağın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. Ərazidə aşkar edilmiş tarixi izlər onun minilliklər boyu insanların məskunlaşdığı qədim Azərbaycan torpağı olduğunu göstərir. 1930-cu ildə inzibati rayon kimi yaradılmış Ağdam Qarabağın mərkəzində, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşir. Rayon 1993-cü il iyulun 23-də Ermənistanın işğalına məruz qalıb. Ağdamın işğalı beynəlxalq ictimaiyyət tərəfindən də pislənib. 1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edərək işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Lakin Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayaraq işğal siyasətini uzun illər davam etdirib. İşğal dövründə mülkiyyətin talan edilməsi, coğrafi adların dəyişdirilməsi, ərazilərin yandırılması və tarixi-mədəni irsin dağıdılması beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə zidd əməllər olub”.

Deputat vurğulayıb ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb: “2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal altında olan ərazilərinin Azərbaycana qaytarılması tarixi Zəfərimizin mühüm nəticələrindən biri oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu Qələbə xalqımızın tarixi ədalətinin bərpasını təmin etdi. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalının təsis edilməsi bu tarixi Qələbədə əməyi və xidməti olan qəhrəmanlarımızın dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin ifadəsidir. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də tarixi yaddaşımızın qorunmasına xidmət edir. Həmin Sərəncama əsasən, noyabrın 20-si Ağdam Şəhəri Günü kimi müəyyənləşdirilib. Bu gün Ağdamda tamamilə yeni bir dövr başlayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində şəhərin və rayonun kəndlərinin bərpası, müasir infrastrukturun yaradılması, əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində ardıcıl və sistemli işlər görülür.

2021-ci il mayın 28-də ictimaiyyətə təqdim olunan Ağdam şəhərinin Baş Planına əsasən, şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, burada gələcəkdə 100 min nəfərədək əhalinin yaşaması nəzərdə tutulur. Xarabalıqlar üzərində müasir, dayanıqlı və innovativ şəhərsalma modeli əsasında yeni Ağdam inşa edilir. Yollar çəkilir, yaşayış kompleksləri, məktəblər, səhiyyə müəssisələri, sosial və mədəniyyət obyektləri tikilir, ərazilər minalardan təmizlənir, yaşıllıq zolaqları salınır. Ağdamın dirçəlişinin mühüm istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıqdır. 2026-cı il iyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar. Dövlət başçıları burada Milan Rastislav Ştefanik adına 840 şagird yerlik tam orta məktəbin təməlini qoyublar. Slovakiya şirkətlərinin kəndin inşasında iştirakı, məktəbin isə Slovakiya tərəfindən Azərbaycana hədiyyə edilməsi ölkəmizin azad edilmiş ərazilərdə quruculuq prosesinə beynəlxalq tərəfdaşların cəlb olunmasının əhəmiyyətli nümunəsidir. Baş Qərvənddə müasir yaşayış evləri, sosial və xidmət infrastrukturu, avtomobil yolları, elektrik, qaz, su və rabitə şəbəkələri yaradılır. Kəndin “ağıllı kənd” prinsipləri əsasında qurulması Böyük Qayıdışın yalnız insanların fiziki qayıdışı deyil, həm də müasir və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması məqsədi daşıdığını göstərir”.

S.Hüseynova qeyd edib ki, Ağdamda quruculuq prosesinin iqtisadi və sosial nəticələri 2026-cı il noyabrın 7-də Prezident İlham Əliyevin rayona səfəri zamanı bir daha aydın nümayiş olundu: “Dövlət başçısı Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış oldu. Müasir tələblərə uyğun inşa edilən xəstəxana Ağdam və ətraf ərazilərdə yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin edilməsində mühüm rol oynayacaq. Bu layihə Böyük Qayıdışın sosial infrastrukturunun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin gün Ağdam Sənaye Parkında ortopedik döşək istehsalı müəssisəsinin açılışı da mühüm hadisə oldu. Müəssisədə ildə 130 minədək döşəyin istehsalı nəzərdə tutulur. Burada yaradılan istehsal imkanları yerli bazarın tələbatının ödənilməsinə, ixrac potensialının genişləndirilməsinə və yeni iş yerlərinin açılmasına xidmət edir. Eyni zamanda, Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışı regionun sənaye potensialının inkişafı baxımından əlamətdar hadisədir. Müəssisədə polad tor, məftil, mismar və digər metal məhsullarının istehsalı təşkil olunur. Bu məhsulların bir hissəsi işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti və bərpa layihələrində istifadə ediləcək. Beləliklə, Ağdamda yaradılan sənaye müəssisələri quruculuq prosesinin özünü də yerli istehsal hesabına dəstəkləyir. Prezident İlham Əliyevin Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanışlığı isə kənd təsərrüfatı və emal sənayesinin inkişafına verilən diqqətin göstəricisidir. Bu istiqamətdə yaradılan imkanlar Qarabağın aqrar potensialının reallaşdırılmasına, qeyri-neft sektorunun genişləndirilməsinə və yeni məşğulluq imkanlarının formalaşmasına töhfə verir. Xüsusilə qeyd etmək lazımdır ki, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı Qarabağ iqtisadi rayonunun sənaye inkişafında strateji əhəmiyyət daşıyır. Burada yeni müəssisələrin yaradılması, özəl investisiyaların təşviqi, istehsal və ixrac imkanlarının genişləndirilməsi regionun iqtisadi reinteqrasiyasını sürətləndirir. Sənaye Parkı yalnız istehsal məkanı deyil, həm də əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı və dayanıqlı iqtisadi həyatın formalaşdırılması baxımından mühüm platformadır”.

Sevinc Hüseynova bildirib ki, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Muğam Mərkəzinin və digər obyektlərin istifadəyə verilməsi də şəhərin sosial-mədəni həyatının yenidən canlanmasını sürətləndirir: “Bütün bunlar göstərir ki, Ağdamda quruculuq prosesi kompleks xarakter daşıyır. Burada həm yaşayış mühiti, həm iqtisadiyyat, həm nəqliyyat, həm səhiyyə, həm təhsil, həm də mədəniyyət infrastrukturu paralel şəkildə inkişaf etdirilir. Bu gün Ağdamda görülən işlər Azərbaycanın yalnız dağıdılmış əraziləri bərpa etmədiyini, eyni zamanda həmin ərazilərdə gələcəyin müasir şəhər və kəndlərini qurduğunu nümayiş etdirir. Bu, güclü dövlətin, milli həmrəyliyin və Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunun real nəticəsidir. Ən mühüm məqam isə doğma yurdlarına qayıdan ağdamlıların artıq öz evlərində təhlükəsiz, rahat və firavan həyat qurmaq imkanına malik olmalarıdır.

Vaxtilə düşmən tərəfindən xarabalığa çevrilmiş Ağdam bu gün yenidən qurulur, sənaye və istehsal mərkəzinə çevrilir, sosial həyat bərpa olunur. Bu dirçəliş xalqımızın iradəsinin, dövlətimizin qüdrətinin və tarixi Zəfərimizin təntənəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq, şəhər Qarabağın ən mühüm iqtisadi, sosial və mədəni mərkəzlərindən biri kimi yenidən inkişaf edəcək. Ağdamın bu günkü mənzərəsi bir daha sübut edir ki, Azərbaycan öz tarixi torpaqlarında əbədi və dönməz şəkildə quruculuq aparır. Bizim üçün Ağdamın dirçəlişi həm tarixi ədalətin təntənəsi, həm də gələcək nəsillərə ötürülən milli qürur və dövlətçilik irsidir”.