20 noyabr 2026 16:38
106

“Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyət müstəvisində elmin inkişaf perspektivləri” mövzusunda tədbir keçirilib

AMEA Naxçıvan Bölməsində  “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyət müstəvisində elmin inkişaf perspektivləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan danışıb. Akademik 1992-ci ilin oktyabrında 91 nəfər ziyalının ölkədəki ağır ictimai-siyasi vəziyyət fonunda Heydər Əliyevə müraciət ünvanladığını, Ulu Öndərin bu çağırışa müsbət cavab verdiyini və 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında yekdilliklə partiyanın sədri seçildiyini bildirib. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının yaradılması müstəqillik tariximizdə yeni bir dövrün başlanğıcını qoyaraq dövlətin gələcək inkişafının siyasi və ideoloji təməllərini möhkəmləndirib.

AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi, AMEA Naxçıvan Bölməsi üzrə YAP ərazi partiya təşkilatının sədri, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva “Elm və dövlətçilik: milli inkişafın strateji prioritetlərinin formalaşdırılmasında Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda məruzəsində qeyd edib ki, müasir dövrdə ölkənin dayanıqlı tərəqqisi elmi potensialın düzgün yönləndirilməsindən asılıdır və Yeni Azərbaycan Partiyasının fəaliyyətində elmin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi əsas prioritet kimi götürülür. 

AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi, AMEA Naxçıvan Bölməsi üzrə YAP ərazi partiya təşkilatı sədrinin müavini, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva  “Yeni Azərbaycan Partiyası və Azərbaycan qadınının ictimai-siyasi yüksəlişi”  mövzusunda çıxış edərək dövlət qadın siyasətinin ölkədə gender bərabərliyinin təmin olunmasına geniş imkanlar açdığını qeyd edib. 

AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraitdən siyasi, elmi, innovativ inkişafa doğru” mövzusunda məruzəsində 1990-cı illərin əvvəllərindəki mürəkkəb ictimai-siyasi şəraitdən danışıb və YAP-ın tarixi zərurətdən yarandığını qeyd edib. 

Tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb.