26 noyabr 2026 15:40
216

“Yeni dövrün çağırışları: güclü iqtisadiyyat və dayanıqlı inkişaf strategiyası” - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Gəncə İdman Sarayında keçirilən “Heydər Əliyev məktəbi” layihəsinin dördüncü mərhələsinin - qış məktəbinin ikinci günündə gənc fəallarla “Yeni dövrün çağırışları: güclü iqtisadiyyat və dayanıqlı inkişaf strategiyası” mövzusunda görüş keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, YAP Veteranlar Şurasının üzvü, Auditorlar Palatasının sədri Vahid Novruzov, Milli Məclisin deputatı Kamran Bayramov və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov çıxış ediblər. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli iqtisadi inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam və inkişaf etdirilir.

Həmçinin dayanıqlı iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, aqrar sektorun və insan kapitalının inkişafı, eləcə də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində regionların müasir standartlara uyğun yenidən qurulması və “Böyük Qayıdış” prosesinin iqtisadi əsasları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Natiqlər müasir iqtisadi çağırışlara adekvat cavab verilməsi baxımından rəqəmsal transformasiyanın sürətləndirilməsinin, yaşıl enerji və innovativ texnologiyaların tətbiqinin prioritet əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, bu proseslərin əsas iştirakçıları və aparıcı qüvvələri məhz gənclər olmalıdır. Bu baxımdan onların elmi-intellektual potensialının artırılması, iqtisadi biliklərə yiyələnməsi və dövlət siyasətinin həyata keçirilməsində fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir.

Çıxışlarda maliyyə nəzarəti və audit mexanizmlərinin iqtisadi şəffaflığın və hesabatlılığın təmin edilməsindəki əhəmiyyəti, aqrar sektorun müasir texnologiyalar əsasında inkişafı, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin ölkə iqtisadiyyatına mühüm töhfələr verdiyi də diqqətə çatdırılıb.

Bildirilib ki, gənclərin yeni texnologiyalara, rəqəmsal həllərə və sahibkarlıq təşəbbüslərinə cəlb edilməsi, elmə və innovasiyalara marağının artırılması, onların vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə sadiq və yüksək liderlik keyfiyyətlərinə malik şəxsiyyətlər kimi formalaşdırılması dövlət gənclər siyasətinin əsas prioritet istiqamətlərindəndir. Diqqətə çatdırılıb ki, gənclərin bilik və bacarıqlarının inkişafına, təşəbbüskarlığının və fəallığının dəstəklənməsinə yönəlmiş tədbirlər onların “Böyük Qayıdış” prosesində və regionların sosial-iqtisadi tərəqqisində daha fəal iştirakına geniş imkanlar yaradır.

Görüşdə gənc fəallardan Fərəh Məcidzadə, Vasif Nəbiyev, Əlihüseyn İbrahimov, Şəfiqə Qədirova, Rəhman Şammadov mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Sonra iştirakçıların sualları cavablandırılıb.

Daha sonra gənc fəallar arasında boulinq yarışı təşkil olunub. Eyni zamanda, Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) əməkdaşlarının təşkilatçılığı ilə komandalar arasında “İdeoloji duel” adlı məntiq və strategiya yarışı keçirilib.