03 dekabr 2019 12:04
90

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələniblər

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Nizami, Xətai və Suraxanı RPİ əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində qeyd olunan rayonlar ərazisində mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilmişdir.

Həmin mağazaların satıcıları - H.Bəbirov, A.Şahməmmədov, Ə.Şükürov, Ə.Əsədullayev və İ.Şükürov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuşdur.

Bu istiqamətdə reydlər davam etdirilir.