25 sentyabr 2026 23:02
255

Yevlax və Ucarda ağsaqqalların hesabat-seçki konfransları keçirilib - FOTO

Azərbaycan Ağsaqqallar Şurasının Yevlax və Ucar rayon təşkilatlarında hesabat-seçki konfransları keçirilib. Konfranslarda rayon ağsaqqallarının fəaliyyəti müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib və təşkilati məsələlərə baxılıb.

“İki sahil” xəbər verir ki, sentyabrın 22-də ilk olaraq Yevlax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Şuranın Aparat rəhbəri Ramin Həsənli, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Konfransda Ulu Öndərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının və hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Anar Tağıyev ağsaqqalların Yevlaxın ictimai və mədəni həyatında, milli-mənəvi dəyərlərin qorunmasında və gənc nəslin tərbiyəsində mühüm rol oynadığını bildirib.

Daha sonra Yevlax Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, hesabat dövründə rayon ağsaqqalları ictimai tədbirlərdə fəal iştirak edib, milli-mənəvi dəyərlərin və adət-ənənələrin qorunması, gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi, maarifləndirici görüşlərin keçirilməsi istiqamətində fəaliyyət göstəriblər.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev çıxışında Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından konfrans iştirakçılarını salamlayıb. O, Yevlaxda ağsaqqallarla görüşməkdən məmnunluğunu ifadə edib, ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən və Azərbaycan Ağsaqqallar Şurasının bölgələrdə artan fəaliyyətindən danışıb.

Ağalar Vəliyev Yevlax Rayon Ağsaqqallar Şurasının hesabatını qənaətbəxş qiymətləndirib və rayon ağsaqqallarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfransın sonunda təşkilati məsələlərə baxılıb. Açıq səsvermə yolu ilə Minnət Mürsəlov yenidən Yevlax Rayon Ağsaqqallar Şurasının sədri seçilib, İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.

Konfransda, həmçinin Minnət Mürsəlovun 75 illik yubileyi münasibətilə onun uzunmüddətli ictimai fəaliyyətinin yüksək qiymətləndirildiyi bildirilib. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev və İdarə Heyətinin üzvlərinin qərarı ilə “Fəxri Ağsaqqal” döş nişanına layiq görülüb. Döş nişanı Ağalar Vəliyev tərəfindən Minnət Mürsəlova təqdim olunub.

Daha sonra Ucar Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Şuranın Aparat rəhbəri Ramin Həsənli, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Daha sonra Ulu Öndərin, şəhidlərin və hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mənsur Məmmədov çıxışında Ucar rayonunda ağsaqqal sözünə və ağsaqqal nəsihətinə böyük hörmət göstərildiyini vurğulayıb. O, ağsaqqalların ictimai həyatdakı fəallığını, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin düzgün istiqamətləndirilməsində rolunu qeyd edib.

Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev hesabat məruzəsində təşkilatın ötən dövrdə həyata keçirdiyi işlər barədə məlumat verib. Qeyd olunub ki, rayon ağsaqqalları müxtəlif ictimai və maarifləndirici tədbirlərdə fəal iştirak edib, milli-mənəvi dəyərlərin, adət-ənənələrin yaşadılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində təşəbbüslər göstəriblər.

Ağalar Vəliyev çıxışında ağsaqqalların gənc nəslin tərbiyəsində mühüm rolundan danışıb. O, son illər boşanmaların artmasından, gənclərin bir qisminin müxtəlif mənfi vərdişlərə qurşanmasından narahatlığını ifadə edərək, bu məsələlərdə ağsaqqalların üzərinə düşən məsuliyyətin daha da artmasının vacibliyini vurğulayıb.

Millət vəkili Ucar Rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş qiymətləndirib, rayon ağsaqqallarına təşəkkürünü bildirib və qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb.

Konfransın sonunda təşkilati məsələlər müzakirə olunub. Açıq səsvermə nəticəsində Mirzalı Ağamalıyev yenidən Ucar Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Onun təqdimatı əsasında rayonun ictimai fəal və nüfuzlu ağsaqqallarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası da formalaşdırılıb.