14 noyabr 2017 19:14
627

Yunanıstanın köklü klubu iflas həddinə çatıb

Yunanıstandakı iqtisadi böhran ölkənin köklü idman klublarından olan "Panatinaikos"u iflas həddinə çatdırıb. 

"İki sahil" "Report"a istinadən xəbər verir ki, mövcud problemlər üzündən futbol komandasının Super Liqadan çəkilməsi gündəmdədir.

Hazırda klub futbolçularına, öz əməkdaşlarına və Yunanıstan Futbol Federasiyasına borclarını ödəyə bilmir. Vəziyyət belə davam edərsə, əmək haqlarını ala bilməyən oyunçuların FİFA-ya şikayət edəcəkləri gözlənilir. Artıq "Panatinaikos" aşağı yaş qrupundan olan 17 gənc futbolçu ilə müqavilə imzalayıb. Bu isə bahalı futbolçuların tədricən əsas komandadan göndəriləcəkləri anlamına gəlir.

Belə vəziyyətdə "Panatinaikos"un çox da seçim imkanı qalmayıb. Yunanıstan mətbuatı növbəti mövsümdən "ağ-yaşıllar"ın Super Liqadan çıxaraq, başqa adla III Liqaya enməsini ən məntiqli seçim kimi göstərir. Bu strategiyadan əvvəlki mövsümlərdə AEK də yararlanıb. Afina komandası sonradan maliyyə problemlərini aradan qaldırıb və III Liqadan Super Liqaya, oradan isə Avropa kuboklarına vəsiqə qazanıb.

Qeyd edək ki, "Panatinaikos" 2017-2018 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində evdə 1:0, səfərdə isə 2:1 hesablı qələbələrlə "Qəbələ"ni mübarizədən kənarlaşdırıb. Əvəzində Azərbaycan təmsilçisi 2015-2016 mövsümündə Yunanıstan komandasını pley-off mərhələsində səfər qolları sayəsində (evdə 0:0, səfərdə 2:2) üstələyərək, qrup mərhələsinə yüksəlib. "Panatinaikos" 20 qat ölkə çempionu olsa da, sonuncu dəfə qızıl medallara 2009-2010 mövsümündə sahib çıxıb.