21 noyabr 2018 22:59
2350

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Belarusun mövqeyi qətidir

“İki sahil” İnternet Televiziyasının efirində yayımlanan “Siyasi baxış” verilişinin budəfəki qonağı Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovdur. Müsahibimiz Azərbaycan prezidentinin Belarus Respublikasına rəsmi səfəri,  aparılan danışıqlar, verilən bəyanatlar, əldə olunan nəticələrlə bağlı suallarımızı cavablandırdı.

- Elman müəllim, cənab Prezidentin Belarusa rəsmi səfəri münasibətlərin tarixinə nəzər salmağı ön plana çıxardı. İlk olaraq iki dövlət arasındakı münasibətlərin tarixinə nəzər salaq.

-Bu, Prezidentin cənab İlham Əliyevin Belarusa sayca beşinci səfəri idi. Belarus Prezidenti Aleksandr Lukaşenkonun isə Azərbaycana dörd səfəri olub. Yəni, doqquz səfər ikitərəfli formatda artıq mühüm bir göstəricidir. Bu səfərlər göstərir ki, dövlətlərimiz, dövlət başçılarımız arasında siyasi əlaqələr mövcuddur. Siyasi diaoloqlar səviyyəsində münasibətlərimiz inkişaf edib. Bu səfərə qiymət verərkən, həm də onu xüsusi vurğulamaq lazımdır ki, səfər ikitərəfli münasibətlərimizin 25 illiyinə təsadüf etdi. Belarus Respublikası ilə diplomatik münasibətlərimizin əsası 1993-cü ilin iyun ayında qoyulub. Cənab Lukaşenko da dəfələrlə çıxışlarında qeyd edib ki, Azərbaycan-Belarus  münasibətlərinin bu səviyyədə olması ilk növbədə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun Lukaşenko ilə birgə həyata keçirdiyi siyasət nəticə etibarilə, Bakı-Minsk münasibətlərinin indiki səviyyəsinin mühüm fundamentini təşkil edir. Bu gün də iki dövlətin  prezidentləri arasında çox sıx münasibətlər mövcuddur.

- İkitərəfli münasibətlərə Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində göstərilən səylər baxımından necə qiymət vermək olar?

-Ümumiyyətlə, iki dövlət arasındakı münasibətlərdə qapalı heç bir mövzu yoxdur. İstənilən məsələ ətrafında  dialoqumuz mümkündür. Bu Azərbaycan və Belarus arasında siyasi, iqtisadi, ticarət, humanitar, eyni zamanda hərbi texniki əməkdaşlıq özünün yeni bir səhifəsinə daxil olub. Bu da çox sevindirici haldır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Belarusun mövqeyi qətidir. Bu mövqe heç bir halda ziddiyətli olmayıb, ikili məzmun kəsb etməyib. Belarus dövləti bu münaqişənin tənzimlənməsində beynəlxalq hüququn prinsiplərini gözləyir və sərhədlərin toxunulmazlığı, suverenlik prinsiplərini qoruyub saxlayır.

- İki dövlət arasında iqtisadi münasibətlər də bu gün özünün inkişaf dövrünü yaşayır.

-Sözsüz. İkitərəfli münasibətlərimizin əsasında həm də iqtisadi əlaqələr mühüm rola malikdir. İki ölkənin prezidentləri arasındakı danışıqlar zamanı da vurğulandı ki, il ərzində ticarət dövriyyəmizin həcmi 3,5 dəfə artıb. Bu, çox mühüm göstəricidir. Hətta ayrı-ayrı vaxtlarda ticarət dövriyyəmizin 300 milyon dollara çatdığı da bəllidir. Əsas hədəf odur ki, potensial çox genişdir və bundan maksimum istifadə etmək lazımdır. Xüsusilə, yeni korperasiya ideyalarının yaradılmasının çox gözəl nəticələri var. Məsələn, Gəncə avtomobil zavodunda məhz Belarus ilə əməkdaşlıq konteksində 10 mindən artıq traktor, MAZ avtomobili buraxılıb. Hazırda bu sahədə elə bir mərhələdəyik ki, artıq üçüncü ölkədə birgə müəssisələr qurur və istehsal həyata keçiririk. Bu nöqteyi-nəzərdən Türkiyədə keçirilən layihə xüsusilə diqqəti cəlb edir. Belə ki, Azərbaycan və Belarusun birgə səyi Türkiyədə traktorların istehsalında öz əksini tapır. Hazırda ideya reallaşmaqdadır. Eyni zamanda, dərman istehsalı, turizm, kənd təsərrüfatı sahələrində də anoloji addımların atılması əsas hədəflərdəndir. Azərbaycanda infrastukrtun inkişafında da Belarus öz töhfəsini ortaya qoyub. Hesab edirəm ki,  humanitar əlaqələrimiz sürətlə inkişaf edir. Nəzərə alaq ki, Azərbaycan paytaxtında Bakı Slavyan Universitetində Belarus dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. 2010-cu ildə cənab Lukaşenkonun Bakıya səfəri zamanı onun açılışı oldu. Eyni zamanda, Minskdəki Pedoqoji universitetdə Azərbaycan dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir.

- Cənab Prezidentin səfəri çərçivəsində getdiyi yerlərdən biri də  Minskdəki “Azərbaycan Ticarət evi” oldu.

-Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətini həyata keçirir. Biz xüsusilə, qeyri-neft sektorunun inkişafında maraqlıyıq. 9 ayın yekunlarına görə ölkəmizdə ümumdaxili məhsulun istehsalı 57,8 milyard manatdır. Əgər neft sektorunda il ərzində bir faiz artım varsa, qeyri-neft sənayesində bu, təxminən 10,7 faizdir. Biz qeyri-neft sektorundakı məhsulların xaricə ixracında, ixrac yönümlü məhsulun istehsalında maraqlıyıq və “Made in Azerbaijan” adı altında onların dünaya bazarına çıxarılmasını istəyirik. Bu məqsədlə isə ayrı-ayrı ölkələrdə Azərbaycan Ticarət evləri açırıq. Onlar bizim məhsullarımızın tanıdılması funksiyasını həyata keçirir. İlk belə Ticarət evlərinin açıldığı məntəqələrdən biri də məhz Belarusdur. Belarusda fəaliyyət göstərən Azərbaycan Ticarət Evi nəticə etibarilə Azərbaycan məhsullarının Belarus bazarına çıxarılması, eyni zamanda Avropaya çıxarılması üçün mühüm rol oynayır. Bu baxımdan  səfər çərçivəsində ilk gedilən yerlərdən biri məhz Azərbaycan Ticarət evi oldu. Bu da ona dəlalət edir ki, Azərbaycan bu gün ixracyönümlü iqtisadiyyatın həyata keçirilməsində maraqlıdır və bizim üçün məhsulların Belarusda və digər ölkələrdə tanıdılması  əsas hədəfdir.

- Elman müəllim, maraqlıdır, cənab Prezidentin Belarusa səfərinə dünya, xüsusilə erməni mətbuatında hansı münasibətlər göstərildi?

-Səfər Belarus, Azərbaycan, dünya, xüsusilə də Ermənistan mətbuatında işıqlandırılan hadisədir. Erməni mətbuatı hər zaman olduğu kimi, bu səfərə də böyük qısqanclıqla yanaşır. Hətta iş o yerdədir ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyan son günlər böyük bir qorxu içində bəyanatlar verməklə mövqe ifadə edir. Söyləyir ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvü deyil, lakin 8 noyabr tarixində görüşün detalları ilə bağlı məsələləri Belarus Prezidenti Azərbaycanın Belarusdakı səfirinə danışır. Eyni zamanda, söyləyir ki, KTMT-yə üzv ölkələrin münasibətləri ətalət üzrədir, onlar bizi kiçik dövlət və xalq hesab edirlər. Davam edir ki, biz azsaylı ola bilərik lakin böyük xalqıq. Bir sözlə özlərinə təsəlli verməklə məşğuldurlar.

Şəfiqə Dadaşova, “İki sahil”