15 fevral 2018 00:26
1001

Bilik Fondu: “Oxuyaq, öyrənək, öyrədək”

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 14 fevral – Beynəlxalq kitab bağışlama günü münasibətilə mütaliənin təbliği istiqamətində silsilə tədbirlər həyata keçirib. Fondun əməkdaşları “İmzalı görüş” layihəsi çərçivəsində uşaq yazarı Aygün Bünyadzadə ilə birlikdə “Ümid İşığında” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin nəzdində reablitasiya kursu keçən fiziki qüsurlu uşaqlarla görüşüblər.

Bilik Fondundan bildiriblər ki, görüşdə A.Bünyadzadə müəllifi olduğu hekayələri oxuyub və dinləyicilərlə fikir mübadiləsi aparıb. Fondun nümayəndələri A.Bünyadzadənin kitablarını azyaşlı oxuculara hədiyyə ediblər.

Bilik Fondundan kitab hədiyyəsi alan qurumlardan biri də Respublika Talassemiya Mərkəzi olub. Mərkəzin direktoru Valeh Hüseynov fondun fəaliyyətini yaxından izlədiyini, xüsusən mütaliə mədəniyyətinin təbliği ilə bağlı aksiyaların üstünlüklərini vurğulayıb. Direktor Bilik Fondunun hədiyyə etdiyi kitabları mərkəzdə müalicə alanlara təqdim edib.

Beynəlxalq kitab bağışlama günü münasibətilə fondun “Facebook” səhifəsində elan edilən “Oxuyaq, öyrənək, öyrədək” aksiyasını da izləyicilər məmnunluqla qarşılayıblar. Fevralın 14-də yüzdən çox yeniyetmə və gənc Bilik Fonduna gələrək, kitab hədiyyələrini seçiblər. Aksiyaya tələbələrlə yanaşı, tanınmış şəxslər, jurnalistlər və ictimaiyyətin nümayəndələri qatılıblar.

Oxucular seçdikləri müxtəlif məzmunlu kitabları həvəslə mütaliə edəcəklərini bildirib, bu cür aksiyaların davamlı olmasını arzulayıblar.

Bilik Fondunun fəaliyyətinin əsasını bilik mənbəyi olan kitaba marağın artırılması, əhalinin mütaliə mədəniyyətinin genişləndirilməsi təşkil edir. Bununla bağlı “Ev kitabxanası”, “Məsçid kitabxanası”, “İmzalı görüş” layihələri mütəmadi həyata keçirilir. Bu layihələr çərçivəsində kitabsevər ailələrə, dini məbədlərə, uşaq və qocalar evlərinə, təhsil ocaqlarına, məişət-iaşə obyektlərinə kitablar hədiyyə olunur.