08 fevral 2018 22:48
1084

Bilik Fondu dini icma rəhbərlərini mükafatlandırıb

Fevralın 8-də Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev və Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda icraçı direktor Oktay Səmədov və qurumun əməkdaşları ilə görüşüblər.

Bilik Fondundan bildirilib ki, O.Səmədov 2016-cı ildə "Multikulturalizm İli" və 2017-ci ildə "İslam Həmrəyliyi İli" çərçivəsində Azərbaycandakı tolerant mühitin təbliğat və təşviqatı istiqamətində həyata keçirdikləri uğurlu fəaliyyətə görə dini icma rəhbərlərinə təşəkkür edib.

Fondun icraçı direktoru udilərin yaşadıqları Qəbələ rayonunun Nic və Quba rayonunun Qırmızı qəsəbələrində keçirilmiş müxtəlif məzmunlu tədbirləri xatırladaraq, həm “Cotari” Alban-Udi kilsəsi, həm də "Altı gümbəz" sinaqoqunda reallaşmış layihələrə icma rəhbərlərinin yüksək səviyyədə dəstək verdiklərini diqqətə çatdırıb.

Görüşdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” dövlətimizin başçısının 2017-ci il 16 may tarixli Sərəncamından söz açan O.Səmədov qonaqları Fondun fəaliyyət planına əsasən icmalarla birgə görüləcək işlər ətrafında fikir mübadiləsinin aparılmasına dəvət edib.

Müzakirələr zamanı icra rəhbərləri maraqlı təkliflər səsləndirib, Azərbaycan Cümhuriyyətinin dünya dövlətçilik tarixində şərəfli izlər qoyduğunu ölkə daxilində və xaricdə təbliğ etməyə hazır olduqlarını vurğulayıblar.

Görüşün sonunda Robert Mobili və Milix Yevdayev Azərbaycanda tolerantlıq ənənələrinin qorunub saxlanması və inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin təbliği ilə bağlı maarifləndirici layihələrdə fəal iştirak etdiklərinə görə Bilik Fondunun fəxri fərmanı ilə təltif olunublar.