13 noyabr 2017 22:33
848

Qrip göründüyü qədər yüngül xəstəlik deyildir

“Adi” soyuqdəymə rinoviruslarından fərqli olaraq, qrip pandemiya deyilən epidemiya yaratmağa qadirdir. Pandemiya zamanı isə xəstəlik bütöv ölkələri və qitələri əhatə edir. Bununla belə, müxtəlif regionlarda qrip epidemiyası müəyyən dövrdə başlayır və bu vəziyyət də ildən ilə dəyişmir.

AZƏRTAC “Zdorovye mail.ru” saytına istinadla xəbər verir ki, hər il yüz milyondan çox adam qripə yoluxur. Qripin bir o qədər də təhlükəli görünmədiyinə baxmayaraq, hər il 500 minə qədər adam bu xəstəlikdən dünyasını dəyişir. Vaksinlər yaradılana qədər insanlar qripdən kütləvi şəkildə qırılırdılar. “İspan” adlandırılan ən məşhur pandemiya 1918-ci ildə baş verib və 40-50 milyon insanı tələf edib. Yeri gəlmişkən, “ispan” qripi 2009-2010-cu illər mövsümündə donuz qripi kimi geri qayıdıb.

Qripi adi kəskin respirator virus infeksiyasından fərqləndirmək çox asandır. Soyuqdəymə zamanı əlamətlər tədricən güclənir: əvvəlcə boğaz ağrıyır, sonra zökəm başlayır, bəzən azacıq temperatur olur (nadir hallarda 38,5 dərəcədən çox). Qripə yoluxan adamın isə vəziyyəti qısa müddətdə pisləşir, qızdırma dərhal kəllə-çarxa çıxır (39-40 dərəcəyə qədər), baş və əzələ ağrıları başlayır. Bu zaman bəzən xəstənin nə boğazı ağrıyır, nə də zökəmi olur. Əvəzində o, quru öskürəkdən əziyyət çəkir.

Qrip virusu yuxarı tənəffüs yollarının – burunun, nəfəs yolunun və bronxların selikli qişası vasitəsilə orqanizmə daxil olur. Qrip adətən bir həftə ərzində özü keçir. Virus hər il mutasiya etdiyi üçün hər dəfə konkret ştamm üçün dərman yaratmağın mənası yoxdur. Xüsusən də ona görə ki, insanların çoxunun orqanizmi bu yoluxucu xəstəliyin öhdəsindən özü gəlir.

Risk qrupuna daxil olan bəzi adamlar - azyaşlı uşaqlar, ahıllar, hamilə qadınlar və xroniki xəstələr üçün isə qrip çox təhlükəlidir, çünki ağır fəsadlar doğurur və hətta ölümə gətirib çıxarır. Belə insanlar qrip əlamətləri özünü büruzə verəndən sonra 48 saat ərzində virus əleyhinə vasitələr qəbul etməlidirlər. Bu vasitələr xəstəliyin gedişatını yüngülləşdirməklə, sağalmanı tezləşdirir.

Bizim ənənəvi olaraq “virus əleyhinə” hesab etdiyimiz interferon induktorları və buna bənzər immunomodulyatorlar kimi preparatların qripə qarşı səmərəliliyi sübuta yetirilməyib. Maksimal vitamin C dozası da kömək etmir. Çoxsaylı tədqiqatlar göstərib ki, askorbin turşusu xəstəliyin müddətinə və ağırlığına təsir göstərmir.

Qrip başlayandan sonra üç gün ərzində düşməyən yüksək temperatur (təqribən 39 dərəcə), əvvəlcə azalan, xəstəliyin 5-7-ci günündə isə geri qayıdan qızdırma, güclü boğaz ağrısı, badamcıqların şişməsi, qulaq ağrıları, təngnəfəslik, iki həftədən çox müddətdə davam edən öskürək bu xəstəliyin qorxulu əlamətləridir.