06 sentyabr 2017 20:02
576

“Heydər Əliyevin milli siyasəti” kitabı türk dilində çap edilib

Hidayət Orucovun “Heydər Əliyevin milli siyasəti” kitabı Türkiyədə türk dilində çap edilib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun “Heydər Əliyevin milli siyasəti” kitabını Türkiyənin İstanbul şəhərindəki “Günform” nəşriyyat evində çap etdirib.

Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi bioqrafiyasının az işlənmiş, lakin olduqca önəmli bir səhifəsi - milli siyasət sahəsindəki fəaliyyətinin araşdırılması və şərhinə həsr edilən monoqrafiya ilk dəfə 2001-ci ildə Azərbaycan və rus, sonralar türk, ingilis, ərəb, gürcü və qırğız dillərində nəşr olunub.

Müəllif bu və digər ölkədə çap olunan kitablarında Ulu Öndərin həmin ölkə ilə münasibətləri haqqında geniş ön söz yazıb.

Bu nəşrə də müəllif “Biz birlikdə güclüyük adlı” ön söz yazıb və Heydər Əliyevin türk dünyası üçün gördüyü əvəzsiz xidmətlərdən bəhs edir.

Ön sözdə Ümummilli Liderin şərəfli ömür yolundan, Azərbaycanın tarixindəki müstəsna xidmətlərindən bəhs edilir, o, keçmiş SSRİ-nin əsas rəhbərlərindən biri, bütün İttifaqda yüksək nüfuza malik siyasətçi, dünya şöhrətli siyasi xadim, əvəzsiz dövlət xadimi kimi xarakterizə olunur. Ulu Öndərin Azərbaycana qayıdışı, dövlətimizin dirçəlişi və xalqımızın birliyi üçün gördüyü təkrarolunmaz işlərdən müfəssəl söhbət açılır.

Ulu Öndərin TDƏŞ, TÜRKSOY və TürkPA kimi türk xalqlarını birləşdirən beynəlxalq təşkilatların yaranması üçün apardığı işlər, ölkəmizin türkdilli dövlətlər ilə sıx əlaqələrinin qurulması və inkişafı yolundakı fəaliyyətləri, həmçinin bütün türk xalqlarına xüsusi diqqət və məhəbbətlə yanaşdığı diqqətə çatdırılır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Heydər Əliyevin təşəbbüslərindən söhbət açan müəllif qeyd edir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin ev-eşiklərinə qaytarılması ilə əlaqədar dörd qətnamə qəbul edib. Lakin işğalçı Ermənistan dövləti hələ də bu sənədlərə və digər nüfuzlu beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur, bununla da dünya ictimaiyyətinə meydan oxuyur.

Müəllif, həmçinin Ulu Öndərin azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının bir araya gələrək təşkilatlanmasında misilsiz xidmətlərindən ətraflı söz açır. O, Heydər Əliyevin fenomen şəxsiyyət olduğunu, onun türk dünyasında hər zaman yad edildiyini və sevildiyini vurğulayır. Bildirir ki, Heydər Əliyev tərəfindən başlanan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən fəaliyyət nəticəsində Azərbaycan ən inkişaf edən ölkələrdən birinə çevrilib.

Əsərdə mərkəzləşdirilmiş sovet rejiminin məhdud imkanlarından maksimum məharətlə istifadə edilərək Azərbaycanda milli şüurun dirçəlişi, ziyalıların, xüsusilə də milli ruhun əsas daşıyıcıları olan fikir adamlarının repressiya və təzyiqlərdən qorunması, mədəniyyətin, elmin, təhsilin inkişaf etdirilməsi, zəngin milli özgürlüyün qorunub saxlanılması, dövlət idarəçiliyinin bütün sahələrində milli kadrların xüsusi çəkisinin artırılması, güclü sənaye və kənd təsərrüfatı potensialının yaradılması, bugünkü müstəqil Azərbaycanda həyata keçirilən çoxcəhətli və genişmiqyaslı milli siyasət haqqında da məlumat verilir.

Monoqrafiyada, həmçinin bu siyasətin milli müstəqillik konsepsiyası və praktikası, demokratik Azərbaycan cəmiyyətinin dünyaya inteqrasiyası prosesi araşdırılır.

Kitab siyasətçilər, siyasi tədqiqatlarla məşğul olan elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, ümumiyyətlə, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Kitabın fotoalbom hissəsində Ulu Öndərin xarici ölkələrin və beynəlxalq təşkilatların liderləri ilə keçirdiyi görüşlər, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin görüşləri, türk dövlətlərinin başçılarının ölkəmizə səfərlərini əks etdirən tarixi şəkillər yer alıb.