01 may 2024 13:44
457

Elektron siqaret tütünçəkmədən xilas yolu deyil - AÇIQLAMA

Hətta heç vaxt çəkməyənlər belə bu məhsulların istifadəsinə başladıqdan sonra asanlıqla siqaret və digər tütün məmulatlarına keçir

Elektron siqaret – tərkibində nikotin və  aromatizatorlar olan buxar əmələ gətirən bir cihazdır. Elektron siqaret buxarının tərkibində tütün tüstüsündə olan təhlükəli kimyəvi maddələr var. Elektron siqaretin buxarı kiçik hissəciklərdən ibarətdir, o, tənəffüs yollarına dərindən nüfüz edir və dağıdıcı təsir göstərir, ürək və ağciyər xəstəlikləri riskini artırır, həmçinin ağız boşluğunda bir sıra xəstəliklərin yaranmasına səbəb olur.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev bildirdi.

Tofiq Musayev qeyd etdi ki, hazırkı tendensiyalar göstərir ki, bəzən hətta heç vaxt çəkməyənlər belə bu məhsulların istifadəsinə başladıqdan sonra asanlıqla siqaret və digər tütün məmulatlarına keçir. Tütünçəkmə kimi zərərli vərdişdən qurtulmaq istəyən insan elektron siqaret əvəzinə, sağlam davranış variantlarını seçməlidir. Məsələn, idmanla məşğul ola və ya meditasiya edə bilər. Əsas məsələ – insanın fərdi motivasiyası olmalı və zərərli vərdişə yox deməyi bacarmalıdır.Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlərin və digər nikotin çatdırılma sistemlərinin satışını məhdudlaşdırmağı tövsiyə edir.

Yaqut Ağaşahqızı “İki sahil”