13 aprel 2018 16:26
1342

Neftçalanın üç yaşayış məntəqəsinə qaz xətti çəkilir

Neftçalada əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədilə rayonun üç ucqar yaşayış məntəqəsinə - Mirqurbanlı, Ərəbqardaşbəyli və Cəngan kəndlərinə qaz xətləri çəkilir.

 

AZƏRTAC-ın bölgə müxbiri verir ki, Mirqurbanlı kəndində ötən əsrin 50-ci illərinin ortalarında təbii qaz olsa da, sonradan kəndə “mavi yanacağın” verilməsi dayandırılıb. Ərəbqardaşbəyli və Cəngan kəndlərində isə bu günə kimi təbii qaz olmayıb. Hər üç kəndin əhalisi təbii qazın olmaması ucbatından payız-qış aylarında bir sıra çətinliklərlə qarşılaşırdılar. Nəhayət, əhalini narahat edən bu problem dövlətimizin başçısının bu yaxınlarda imzaladığı Sərəncamdan sonra öz həllini tapıb.

Salyan Rayon Qaz İstismar İdarəsinin Neftçala xidməti şöbəsi üzrə rəis müavini Mehrac Gözəlov bildirib ki, qısa müddətdə kəndlərdə qaz çəkilişi ilə bağlı xeyli iş görülüb. Mirqurbanlı kəndində bu günə kimi 17 min 200, Ərəbqardaşbəyli kəndində 11 min və Cəngan kəndində isə 4 min 400 metr polad və polietilen borularla qaz xətləri çəkilib. Xətt çəkilişi ilə paralel olaraq sayğac və tənzimləyici də quraşdırılır. Yaxın vaxtlarda kəndlərdə işlər başa çatdırılacaq.