22 yanvar 2018 23:45
1561

“Şahdəniz-2” yatağının istismarına başlanılacaq

Artıq xeyli müddətdir ki, müstəqil iqtisadi siyasət yürüdən ölkəmiz dünya əhəmiyyətli qlobal enerji layihələrinin təşəbbüskarı kimi çıxış edir. Bunun nəticəsidir ki, zəngin karbohidrogen ehtiyatlarımız ölkəmizin daxili tələbatı tam ödəməklə yanaşı, Avropa İttifaqının enerji təhlükəsizliyinin yaranmasında da mühüm rol oynayır.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsinin II mərhələsində ilk qazın hasilatına bu il başlanır. İqtisadçı ekspertlərin proqnozlarına görə, tikintisi uğurla gedən layihənin açılışı sentyabra təsadüf edəcək. 

Bu barədə “Natural Gas World”ə SOCAR-dan bildirilib. Qeyd edilib ki, yataqdan ilkin mərhələdə az həcmdə qaz hasil olunacaq və 2019-cu ildə “Şahdəniz-2” layihəsi çərçivəsində əlavə 2 milyard kubmetr təbii qaz çıxarılacaq.

Qeyd edək ki, “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qaz Avropa ölkələrinə “Cənub Qaz Dəhlizi” vasitəsilə nəql ediləcək. Layihə dörd hissədən ibarətdir. Birinci hissə “Şahdəniz” qaz yatağıdır. İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsidir. Üçüncü mühüm hissə Trans-Anadolu (TANAP) təbii qaz boru kəməri layihəsidir. Dördüncü hissə isə Azərbaycan təbii qazının Avropaya çatdırılmasına imkan yaradacaq Trans-Adriatik (TAP) boru kəməridir.

Yatağın tammiqyaslı işlənməsi üzrə işlər artıq başa çatdırılır. “Şahdəniz-2” layihəsi çərçivəsində yataqda 15-ci quyu qazılır. Altı quyu tamamlanıb, daha bir quyu tamamlanmaq üzrədir. “Şahdəniz-2” layihəsi çərçivəsində yataqda ümumilikdə 26 quyu qazılacaq.

“Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 98,8 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin isə 100 faizi yerinə yetirilib. Bu barədə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən (CQD) məlumat verilib: “Bundan başqa, Trans-Anadolu (TANAP) qaz boru kəmərinin inşası üzrə işlərin 89,6 faizi, Trans-Adriatik (TAP) kəmərinin tikintisinə dair işlərin isə 62,6 faizi icra edilib.”

TANAP-ın inşası bu il, TAP-ın tikintisi isə 2020-ci  ilədək qurtaracaq. “Cənub Qaz Dəhlizi” ilə ildə 16 milyard kubmetr “Şahdəniz” qazı ixrac ediləcək. “Cənub Qaz Dəhlizi”nin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq.

Məlumat üçün bildirək ki, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi adlandırılan “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindəndir. “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. Layihədə hasilatın pay bölgüsü üzrə BP (operator - 28,8%), “AzSD” (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir. Azərbaycan bu layihə ilə Avropa İttifaqı ölkələrinin enerji ehtiyaclarının təmin edilməsində mühüm ölkəyə çevrilməkdədir. Çünki Avropanın cənubunda yerləşən Bolqarıstan, Monteneqro, Albaniya, Xorvatiya və daha bir neçə ölkə bu layihə ilə “mavi yanacağ”a olan tələbatlarını xeyli dərəcədə ödəyəcəklər. Ümumiyyətlə, mütəxəssislərin rəyinə görə, TANAP və TAP layihələrinin işə salınması ilə Avropanın qaz təchizatı baxımından  enerji təhlükəsizliyi artacaq.

Yeni boru kəməri ilə Türkiyəyə nəql ediləcək 6 milyard kubmetr qazla yanaşı, əlavə 10 milyard kubmetr qazın Avropaya nəqli sayəsində Aİ-ni bir tranzit sistemindən asılılığını azaldacaq. Sonrakı illərdə isə “Cənub Qaz Dəhlizi”nin Yaxın Şərqdə nəhəng qaz təchizatçılarını əhatə edərək genişlənmə potensialı var. Bu isə öz növbəsində Avropanın enerji təhlükəsizliyinə çox böyük zəmanət ola bilər. Bu da Avropanın qaz bazarında rəqabəti artıracaq. Bu da öz növbəsində enerji daşıyıcılarının qiymətinin daha optimal variantının formalaşmasına təsir edəcək. Bundan əlavə, Avropa İttifaqının qaz bazarı sıx  əlaqəli şəkildə qurulduğundan, bilavasitə Azərbaycandan qaz alan ölkələrdən savayı digər dövlətlər də bunun bəhrəsini görəcəklər. Digər fakt odur ki, TANAP və TAP layihələrinin inşası prosesində Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya və digər ölkələrdə minlərlə yeni iş yeri açılıb, yəni kəmərin tikintisi artıq ölkələrin iqtisadiyyatlarına müsbət təsir göstərib.

Bir məsələni də vurğulamaq yerinə düşər ki, Avropa bazarı üçün qaz tədarük etmək Azərbaycanın iqtisadi çəkisini artırmaqla bərabər, siyasi nüfuzunu da yüksəldəcək. Dövlətlər arasında əməkdaşlıq əlaqələri  möhkəmləndikcə, onların əhalisinin sosial-mənəvi əlaqələri də genişlənməyə başlayır.

Orxan Vahidoğlu, “İki sahil”