22 yanvar 2018 22:31
1182

Qazaxıstan bu il 87 milyon ton neft çıxaracaq

Qazaxıstan cari ildə 87 milyon ton neft hasil etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib. O bildirib ki, ölkə üzrə xam neft istehsalı 2017-ci ildə əvvəlki ilə görə 10,5 faiz artaraq 86,2 milyon tona çatıb. Neftin 49,5 milyon tonu böyük neft yataqlarından əldə edilib. “Kaşaqan”da 8,3 milyon ton, “Tenqiz”də 28,7 milyon, “Karaçağanak” yatağında isə 12,5 milyon ton neft hasil olunub. 2018-ci ildə 87 milyon ton neft çıxarılması nəzərdə tutulur. 2017-ci ildə ölkənin neft ixracı əvvəlki illə müqayisədə 12,4 faiz artaraq 69,8 milyon tona yüksəlib.

“Ölkənin təbii qaz istehsalı isə keçən il 2016-cı ilə görə 14 faiz artaraq 52,9 milyard kubmetrə çatıb. Bu il 53,4 milyard kubmetr təbii qaz çıxarılması planlaşdırılır. Ötən il təbii qaz ixracı da 2016-cı illə müqayisədə 26,3 faiz artaraq 17,3 milyard kubmetr olub. Qaz ixracının bu il təxminən 17,2 milyard kubmetr olması gözlənilir. Qazaxıstanın mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı isə keçən il 2,9 milyon ton olub, bu həcmin 2018-ci ildə 23 milyon tona çatdırılması planlaşdırılır”, - deyə Kanat Bozumbayev əlavə edib.

Keçən il Çinə ilk dəfə təbii qaz ixrac etdiklərini deyən nazir bildirib: “Əldə olunan 5 milyard kubmetrlik təbii qaz razılaşması çərçivəsində Çinə ilk olaraq 1 milyard kubmetrlik təbii qaz nəql edilib. Gələcəkdə Çinə illik təbii qaz ixracını 10 milyard kubmetrə çatdırmağı nəzərdə tuturuq”.