13 noyabr 2017 15:28
913

Heydər Əliyev adına Neft Emalı Zavodunda ictimai dinləmələr keçirilib

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidən qurulması və modernləşdirilməsi layihəsi üzrə Ekologiya İdarəsi tərəfindən hazırlanan Ətraf mühitə təsirlərin qiymətləndirilməsi (ƏMTQ) sənədi ilə əlaqədar ictimai dinləmələr keçirilib.

Dinləmələr zamanı Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına müvafiq olaraq ölkəmizdə neft-qaz emalı və neft-kimya sənayesində həyata keçirilən yenidənqurma və modernizasiya layihələri barədə məlumat verib. Heydər Əliyev adına NEZ-in baş mühəndisin müavini, İstehsalat şöbəsinin rəisi Soltanəli Allahverdiyev qeyd edib ki, NEZ-də həyata keçirilən yenidənqurma və modernizasiya layihəsi çərçivəsində mövcud qurğu və avadanlıqların rekonstruksiyası və müasir standartların tələblərinə uyğun yeni qurğuların quraşdırılması həyata keçiriləcək, zavodun ümumi məhsuldarlığı artırılacaqdır. Bununla yanaşı, sözügedən modernləşdirmə və yenidənqurma işləri çərçivəsində NEZ-də yeni Bitum istehsalı qurğusunun tikintisi artıq başlanılmışdır.

İctimai dinləmələrdə Ekologiya İdarəsinin nümayəndələri təqdimatlarla çıxış edərək, hazırlanmış ƏMTQ sənədinin məqsədi, layihə ərazisində həyata keçirilmiş ilkin ekoloji tədqiqatlar, flora və fauna, ekoloji həssas ərazilər, layihənin icrası ilə əlaqədar ətraf mühitə potensial təsirlər və onların yumşaldılması tədbirləri, layihə alternativləri, o cümlədən ətraf mühitin idarə edilməsi və monitorinq planı barədə iştirakçılara ətraflı məlumat veriblər.

SOCAR-ın baş ofisi, Ekologiya İdarəsi, Heydər Əliyev adına NEZ, Nizami və Xətai rayon İcra Hakimiyyətləri və bələdiyyələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin nümayəndələrinin iştirak etdiyi ictimai dinləmələrdə səslənən rəy və təkliflər müzakirə edilib, suallar cavablandırılıb.