21 sentyabr 2017 15:59
610

ABŞ-ın xam neft ehtiyatları 1 faiz artıb

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 4,6 milyon barrel (1 faiz) artaraq 472,8 milyon barrel olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 3,5 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftə xam neft ehtiyatları 5,9 milyon barrel artmışdı. Beləliklə də, ABŞ-ın xam neft ehtiyatları ard-arda 3 həftə artım göstərib.

ABŞ-ın strateji neft ehtiyatları isə ötən həftə 1,6 milyon barrel (0,2 faiz) azalaraq gündəlik 675,4 milyon barrel olub. Ölkənin benzin ehtiyatları keçən həftə 2,1 milyon barrel (1 faiz) azalaraq 216,2 milyon barrel təşkil edib. Bazar proqnozları isə ehtiyatların 8,4 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1,6 milyon barrel azalmışdı.

Ölkənin xam neft hasilatı ötən həftə gündəlik orta hesabla 157 min barrel artaraq sutkada 9,51 milyon barrelə çatıb. ABŞ-ın neft idxalı hesabat həftəsində gündəlik orta hesabla 888 min barrel artaraq sutkada 7,37 milyon barrel olub. Xam neft ixracı isə gündəlik 154 min barrel artaraq 918 min barrelə çatıb.