12 oktyabr 2018 21:54
2499

Ölkəmizin nailiyyətləri təkcə statistik rəqəmlərdə yox...

Bu ilin ötən 9 ayında əldə olunan iqtisadi uğurların təməlində duran başlıca amillər, qarşıda duran vəzifələr və digər məsələlər barədə suallarımızı Milli Məclisin deputatı, iqtisadçı Aydın Hüseynova ünvanladıq. Deputat qeyd etdi ki, bu ilin doqquz ayının yekunlarına baxanda ilk diqqəti cəlb edən əsas rəqəm ölkəyə qoyulan investisiya həcmlərinin artmasıdır ki, bu da Azərbaycana inamın və etimadın göstəricisidir: “Bu ilin doqquz ayının yekunları göstərdi ki, ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul 0,8 faiz, valyuta ehtiyatları 3 milyard dollar, kənd təsərrüfatı məhsulları 4,1 faiz, qeyri- neft sektorunun sənaye sahəsi 10,7 faiz, əhalinin gəlirləri isə 9 faiz artıb. Əvvəla, qeyd olunmalıdır ki, iqtisadi inkişafın əsasında birbaşa Prezident İlham Əliyevin müəyyənləşdirdiyi düzgün, strateji xəttə əsaslanan siyasət və Azərbaycanın iqtisadi potensialı durur. Ölkəmizin nailiyyətləri təkcə bizim dediyimiz statistik rəqəmlərdə yox, eyni zamanda, dünyanın bir çox aparıcı maliyyə institutlarının apardığı hesabatlarda da öz əksini tapır və yüksək qiymətləndirilir”.

Əldə olunan iqtisadi göstəricilər arasında qeyri-neft sektorunun payının artırılmasının ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran A.Hüseynov bunu qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan işlərin davamı kimi qiymətləndirdi: “Ölkəmizə qoyulan 9 milyard sərmayənin 4,5 faizi qeyri-neft sektorunun payına düşür. Bir neçə ilə öncə ölkənin qarşısında duran məsələ bu sahənin inkişaf etdirilməsi idi. Bu gün isə biz artıq həmin hədəfə nail olmuşuq. Əldə olunan nəticələr bunu deməyə əsas verir. Getdikcə ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun payı daha da artır”.

“Neft bizim milli sərvətimizdir. “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsi ilə bağlı “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilə qədər uzadılması, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması, eləcə də neftdən gələn gəlirlərin artması ölkəmizin iqtisadi inkişafının əsas təkanverici qüvvəsidir” deyən deputat vurğuladı ki, neftdən gələn gəlirlər hesabına “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində böyük işlər görüldü. Həmin işlərin davamı olaraq gələn il IV Dövlət Proqramı qəbul olunacaq və neftdən gələn gəlirlər fundamental şəkildə ölkədə əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına yönəldiləcək”.

A.Hüseynovun sözlərinə görə,  sənayeləşmə siyasətinin uğurlu icrası nəticəsində ölkənin əksər regionlarında yeni sənaye müəsisələri yaradılıb ki, bu da məşğulluğun artırılması, işsizliyin aradan qaldırılması, ölkədə əmək bazarının zənginləşməsi deməkdir: “Hazırda Bakıda neft emalı zavodunun yenidən qurulması, modernləşdirilməsi prosesi gedir. Bu, çox önəmli sənaye layihəsidir. Bu, bizə imkan verəcək ki, daha keyfiyyətli neft məhsulları istehsal edək. Yenidənqurma başa çatandan sonra Azərbaycanda istehsal olunacaq benzin “Avro-5” standartına cavab verəcək. Bu da ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək. Eyni zamanda, bu zavodun yenidən qurulması, modernləşdirilməsi bizə böyük iqtisadi səmərə verəcək. Eyni zamanda, Neftçala Sənaye Parkında “Xəzər” adlı avtomobillər artıq istehsal olunur. Artıq 300-ə yaxın avtomobil istehsal olunub. Onların böyük hissəsi, 200-dən çoxu artıq satılıb. Bu zavodun illik istehsal gücü 10 min ədəd avtomaşındır. Eləcə də Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələr yaradılır. Orada da 2 milyard dollardan çox sərmayə nəzərdə tutulur. Gələn il bir neçə önəmli, vacib müəssisə açılacaqdır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin davamlı inkişafı təmin olunmaqdadır və bu inkişaf davamlı xarakter daşıyacaq”.

Şəfiqə Dadaşova, “İki sahil”