17 noyabr 2017 22:22
675

Bu il ilkin əlilik təyin edilənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,4 faiz azalıb

Son illər Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi üzrə yaradılan elektron sistem qeyri-qanuni əlillik təyinatına heç bir imkan vermir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev parlamentin sosial siyasət komitəsinin son iclasından sonra bəzi kütləvi informasiya vasitələrində gedən fikirlərə münasibət bildirərkən vurğulayıb.

Qeyd edək ki, həmin iclasda bəzi millət vəkilləri tərəfindən səslənən fikirlərdə əvvəlki dövrlərdə, yəni elektron sistem tətbiq olunmamışdan əvvəl aparılan əlillik təyinatlarının heç də hamısının tam şəffaf olmadığı, onların yenidən yoxlanılmasının vacibliyini ifadə ediblər. Şöbə müdiri bildirib ki, bununla belə, bəzi media orqanları yanlışlığa yol verərək, həmin fikirlərin guya son illər aparılmış əlillik təyinatlarına aid olduğuna işarə vuran qeyri-obyektiv mövqe nümayiş etdiriblər: “Son zamanlar aparılan islahat tədbirləri əlillik dərəcələrinin verilməsi prosedurunun ekspert-vətəndaş təması olmadan, elektron sistem vasitəsilə tam şəffaflaşdırılmasına səbəb olub”.

O, əvvəllər təyin olunmuş əlillik dərəcələrinin yoxlanılması ilə əlaqədar həmin iclasda qeyd edilənlər barədə danışarkən hazırda nazirlik tərəfindən bununla bağlı hər hansı iş aparılmadığını, lakin bu məsələyə gələcəkdə baxıla biləcəyini mümkün olduğunu diqqətə çatdırıb: “Əvvəlki dövrlərdə əlilliyi olanlar hər il təkrar əlillik dərəcəsi almaq üçün müraciət etməli olur və bu da onların haqlı narazılığına, həmçinin müəyyən bürokratik hallara şərait yaradırdı. Ona görə də mühüm islahat tədbiri kimi, 2016-cı il yanvarın 1-dək müəyyən edilmiş və həmin vaxtadək müddəti başa çatmamış birinci qrup əlillik sistem tərəfindən avtomatlaşdırılmış şəkildə müddətsiz müəyyən olunub, ikinci və üçüncü dərəcə əlilliyi olanların əlillik müddəti isə eyni qayda ilə beş ilədək uzadılıb, yəni həmin şəxslərin əlilliyinin növbəti qiymətləndirilməsi 2020-ci ildə nəzərdə tutulur”.

Bildirilib ki, əlilliyin qiymətləndirilməsi proseduru Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) vasitəsilə yerinə yetirilir. Səhiyyə Nazirliyindən elektron qaydada daxil olan forma 88 adlanan göndəriş formasının kimə aid olduğu və hansı səhiyyə müəssisəsi tərəfindən verildiyi bilinmədən, yalnız xəstəlik vəziyyəti əsasında əlillik təyin edilib-edilməməsi barədə qərar verilir: “Göndərişi vermiş səhiyyə müəssisəsinin, onu təsdiq etmiş şəxslərin, eyni zamanda, göndərişin aid olduğu şəxsin (əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşın) kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar göndəriş elektron sistemə daxil olan anda həmin sistem tərəfindən adsızlaşdırılmaqla kodlaşdırılır. Həmin göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron formada onu vermiş səhiyyə müəssisəsinin yerləşdiyi və şəxsin qeydiyyatda olduğu yer üzrə TSEK istisna olunmaqla hər hansı TSEK-ə göndərilir. Göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında şəxsin əlilliyi qiymətləndirilir və 2 iş günü müddətində əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir. Bu qərar əlilliyi qiymətləndirmiş TSEK-in üzvləri tərəfindən elektron imzalarla təsdiqlənərək geriyə - elektron sistemə ötürülür, elektron sistem isə həmin qərardan kodu götürərək, əlilliyi qiymətləndirilmiş şəxsin adını, soyadını, ata adını əlavə edərək TSERAS-a yerləşdirir”.

Şöbə müdiri vurğulayıb ki, əlilliyin qiymətləndirilməsi zamanı müdaxiləni, subyektiv yanaşmaları mümkünsüz edən yeni elektron sistem mövcud əlillik qruplarının verilməsində ünvanlılığı, obyektivliyi tam təmin edir və nəticədə ilkin əlilliyin azalması özünü göstərir: “Cari ilin 9 ayında TSERAS-a daxil olan göndərişlər üzrə əlilliyin qiymətləndirilməsinə dair müraciətlərin hər birinə obyektiv və şəffaf şəraitdə baxılması təmin edilib və ilkin əlillik təyin edilənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 23,4 faiz azalıb. Respublika üzrə ilkin əlil hesab edilənlərin əksər hissəsini ağır dərəcəli əlilliyi olanlar təşkil edib”.