08 avqust 2018 14:08
1046

Ermənistan üzərində qazandığımız diplomatik üstünlüyün miqyası daha da genişlənir

Müasir qloballaşan dünyada geosiyasi sabitliyə, balanslaşdırılmış siyasətə əsaslanmadan beynəlxalq səviyyədə istənilən zəruri qarşılıqlı fəaliyyətə nail olmaq mümkünsüzdür. Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən bir tərəfdən, öz milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən, bölgədə maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu ölkələrlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq və genişləndirmək kriteriyalarından çıxış edir. Bu baxımdan Azərbaycan dövlətinin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, müstəqilliyimizin beynəlxalq dayaqlarını daha da möhkəmləndirməyə istiqamətlənmiş qlobal layihələrin həyata keçirilməsi, dunyanın güclu dövlətləri və aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi təşkil edir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir.

Azərbaycanın təşəbbüsü ilə yaradılan üçtərəfli əməkdaşlıq platformaları dövlətlər arasında münasibətlərin inkişafına, eyni zamanda, regional məsələlərin həllinə yeni töhfə verir. Zamanında ölkəmizin fəal səyləri sayəsində yaradılan və hazırda uğurla fəaliyyət göstərən Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya formatları regionda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın dərinləşməsi üçün çox vacib birliklərdir. Ümumiyyətlə, respublikamız təcavüzkar Ermənistan istisna olmaqla, bütün qonşularla dostluq münasibətlərinə malikdir.  Prezident İlham Əliyevin irəli sürdüyü fəal təşəbbüslər bir qayda olaraq müxtəlif ölkələrin müvafiq dairələrində də yüksək qiymətləndirilir və dövlətlərarası münasibətlərin qurulmasında mütləq nəzərə alınır. Beynəlxalq hüquq müstəvisində də Azərbaycanın Ermənistan üzərində qazandığı diplomatik üstünlüyünün miqyası daha da genişlənir. Məhz bunun nəticəsidir ki, beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinə yanaşmada Azərbaycanın istədiyi hüquqi mənzərə formalaşıb və belə bir vəziyyət Ermənistana kifayət qədər böyük zərbə hesab edilir. Söhbət ondan gedir ki, müxtəlif təşkilat və dövlətlərin qəbul etdikləri sənədlərdə, qərarlarda, qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə tanınır.

Prezident İlham Əliyev avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Böyük Vətən müharibələri, Çernobıl əlilləri və şəhid ailələrinə mənzil və avtomobillərin verilməsi mərasimindəki çıxışında bu məsələyə toxunaraq demişdir: “Bütün dünya dövlətləri ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Keçən ay Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı Azərbaycana çox böyük dəstək ifadə olunmuşdur. Bu, bizim növbəti diplomatik qələbəmizdir. Eyni zamanda, keçən ay NATO-nun zirvə görüşünün nəticəsi olaraq qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilib. Yəni, bunlar çox ciddi siyasi sənədlərdir, həqiqəti, beynəlxalq hüququ əks etdirən sənədlərdir. Eyni zamanda, işğalçı ölkəyə göndərilən çox ciddi siqnallardır. Onlar bilsinlər ki, mötəbər beynəlxalq təşkilatlar bu məsələni diqqətdə saxlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin həlli yalnız bu prinsiplər əsasında ola bilər və olmalıdır”.

Bu gün işğalçı Ermənistan hərbi, siyasi və iqtisadi təhlükəsizliyini öz gücünə təmin etmək iqtidarında olmadığını açıq şəkildə bildirir. Ölkə başçısı İlham Əliyev bu məsələni dəfələrlə vurğulamış və qeyd etmişdir ki, işğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanına malik deyil: “İqtisadi sahədə Ermənistanla Azərbaycan arasında yerlə göy qədər fərq var. Həm hərbi paradda nümayiş olunan imkanlar, həm də döyüş meydanında göstərilən şücaət, qəhrəmanlıq göstərdi ki, kim kimdir və kim nəyə qadirdir. Biz bütün bu imkanlardan istifadə edirik və edəcəyik. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Bir daha demək istəyirəm, Ermənistan rəhbərliyi bilməlidir ki, sülh istəyirsə torpaqlarımızdan öz xoşu ilə çıxmalıdır.”

Göründüyü kimi, Azərbaycanın xarici siyasətinin əsas prioriteti respublikamızın müstəqilliyinə qarşı yönələn bütün təhlükələrin aradan qaldırılması,  milli təhlükəsizliyin təmin edilməsi, Ermənistan tərəfindən həyata keçirilən separatizm və işğalçılıq siyasətinin qarşısının alınması və bu məqsədlə bölgədə və dünyada müttəfiqlərin qazanılmasıdır. Dünya birliyində artıq belə bir yekdil fikir formalaşmışdır ki, münaqişənin həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması, azərbaycanlı məcburi köçkünlərin və qaçqınların öz doğma yurd-yuvalarına qayıtması ilə başlanmalı, bunun ardınca münaqişə tərəfləri arasında əməkdaşlıq, etimad mühitinin formalaşmasına xidmət edən qarşılıqlı addımlarla işğalın ağır nəticələri aradan qaldırılmalıdır. Bütün bunlar erməni yalanlarına qarşı dünya miqyasında Azərbaycan tərəfindən aparılan uğurlu diplomatik hücum strategiyasının bariz nəticələridir. Bir sözlə, müstəqil dövlətimizin dünya dövlətləri ailəsinə sürətli inteqrasiyasını təmin edən uğurlu strategiyası cəmiyyətin həyatında olduğu kimi, xarici siyasət sahəsində də öz müsbət nəticələrini verməkdədir. Azərbaycanın artan beynəlxalq nüfuzu gələcəkdə qazanılacaq uğurlarına əsaslı zəmin yaradır.

Sevinc Azadi, “İki sahil”