15 avqust 2018 22:46
1589

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın Ermənistanı “ağrıdan” tərəfi...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Xəzər dənizinin hüquqi statusu haqqında imzaladıqları tarixi Konvensiya Ermənistanı  olduqca narahat edib.

Azərbaycanın hər bir uğurunu qısqanclıqla qarşılayan erməni tərəfinin bu Konvensiya ilə bağlı təşvişini görmək üçün işğalçı ölkənin mətbuatına ötəri nəzər salmaq kifayətdir.

Azərbaycana qarşı xüsusilə qısqanc və qərəzli mövqe nümayiş etdirməsi ilə tanınan armeniasputnik.am saytında Aşot Safaryanın sözügedən Konvensiyanın imzalanmasından dərin narahatlığını ifadə edən “Xəzərin çoxdan gözlənilən bölgüsü: kim nə qazandı və burada Ermənistanlıq nə var?” sərlövhəli yazıda bir çox mətləblərə toxunulub: “Erməni diplomatiyası Rusiyanın və dost İranın bu və ya digər şəklildə cəlb olunduğu bütün proseslərə çox ciddi diqqət yetirməlidir. Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması həqiqətən tarixi, sıçrayış yaradan bir anlaşmadır, ancaq   Xəzər hövzəsinin əsas məsələləri ilə  bağlı fikir ayrılıqlarını aradan qaldırmır”.

Erməni müəllifin özünü aldadaraq təskinlik tapması isə onunla bu barədə “həmfikir” olan ekspertlərin fikirlərinə söykənməsi ilə bağlıdır.

ERMƏNİLƏRİN SAXTA CANFƏŞANLIĞI

Xüsusən İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri  Vardan Voskanyanın fikrinə istinad edən  müəllifin düşüncəsinə görə,  Azərbaycanla İran arasında bununla bağlı ziddiyyətlər qalmaqdadır: “Ekspertin sözlərinə görə, İranda məlum Konvensiyanın imzalanmasına ikili münasibət mövcuddur: Bir yanda 20 ildən artıqdır davam edən çətin danışıqlar nəticəsində tərəflərin qarşılıqlı anlaşmasının tərəfdarları, digər tərəfdə ərazi sularının Azərbaycanla bölüşdürülməsi məsələsində Tehranın tələsməməsini lazım bilən  baxış bucağını dəstəkləyənlər. Konvensiyanın əleyhdarları bildirirlər ki, İran bir zaman Fars körfəzinin ərazi sularının Bəhreynlə bölünməsi məsələsində də səhvə yol verib.

Hər halda qeyd etmək lazımdır ki, Xəzər dənizi Tehran və Bakı arasında hələ bölünməyib. Bölünmənin prinsipləri var, ancaq onları təcrübədə reallaşdırmaq lazımdır. Ancaq eyni zamanda Konvensiyada müəyyən bir mühüm məqam var - bu, Xəzərdə üçüncü ölkələrin silahlı qüvvələrinin mövcudluğuna qadağa qoyur. Tehran həmişə Xəzər dənizinin Azərbaycan hissəsində antiiran qüvvələrin yerləşdirilməsi ehtimalı ilə bağlı narahatlıq keçirirdi. İndi bu təhlükə aradan qaldırıldı”.

İrana əməlli-başlı “canıyananlıq edən” erməni “ekspertlər”i deyəsən, məlum Konvensiya imzalandıqdan sonra Aktauda Azərbaycan Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səmimi görüşündən xəbərdar deyillər. Erməni “iranşünasların”ın özlərinin özlərinə təlqin etdikləri kimi, İranla Azərbaycan arasında hansısa formada narahatlıq yox, sadəcə dostluq və əməkdaşlıq mövcuddur. Prezidentlərin görüşündə də Azərbaycan ilə İran arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi, ölkələrimizin həyata keçirdikləri birgə iqtisadi layihələrin yaxşı nəticələr verdiyi, enerji, nəqliyyat və infrastruktur sahələrində, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi üzrə əməkdaşlığın uğurla həyata keçirildiyi qeyd olunmuşdu. Görüşün məğzində isə Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanda keçirilən V Zirvə toplantısının və Xəzərin hüquqi statusu haqqında imzalanan Konvensiyanın əhəmiyyətinin vurğulanması, bu Konvensiyanın gələcəkdə Xəzəryanı ölkələr arasında əməkdaşlığı daha da möhkəmləndirəcəyinə əminlikləri amili dayanırdı.

Beləliklə, Azərbaycanla İran arasında erməni “analitiklərin” güman etdikləri kimi, hər hansı bir narahatlıq amili yoxdur, narahatlıq olsa - olsa Azərbaycanın əldə etdiyi uğurlarla bağlı işğalçı ölkənin hakim dairələrinin özündə mövcud ola bilər.

Məqalə müəllifi daha sonra “canıyananlığına” bu cür davam edib: “Əlbəttə ki, Konvensiyanın imzalanmasının birbaşa şəkildə Ermənistanla heç bir əlaqəsi yoxdur. Lakin Voskanyanın sözlərinə görə, erməni diplomatiyası İranın iştirak etdiyi bütün proseslərə çox ciddi diqqət yetirməlidir. Yeri gəlmişkən, bu, həm Xəzər dənizinin bölünməsi,  həm də ABŞ-ın İrana qarşı sanksiyaları da ola bilər”. Bu məqamda hazırda “özünə umac ova bilməyən” Ermənistanın qonşu dövlətlərə “əriştə kəsmək” istəyi əlbəttə ki, gülüş doğurur.

Jurnalist, yazısında həmçinin Ermənistanın bir sıra siyasətçilərinin  sözügedən Konvensiyanın imzalanmasını narahatlıq və həyəcanla qarşıladığını da gizlətmir:  “Xüsusən də Respublikaçılar Partiyasının xarici əlaqələr üzrə komissiyasının sədr müavini Armen Aşotyan hesab edir ki, Xəzərin ən məqbul bölgüsü Azərbaycan üçün həyata keçirilib və Azərbaycan enerji daşıyıcılarının daha böyük həcmdə ixracı üçün Xəzər şelfini  daha geniş miqyasda tədqiq edə bilər”.

Əlbəttə, Ermənistanın səfil durumu fonunda Azərbaycanın da tərkib hissəsi  olduğu daha bir uğurlu anlaşmanın reallaşmasının armenlərin və armenkimilərin narahatlığını bu qədər artırması təbiidir.

BÜTÜN TƏRƏFLƏRİN MÜƏYYƏN GÜZƏŞTLƏRƏ GETDİYİ İLK QLOBAL PRESEDENT - XƏZƏR KONVENSİYASI

Müəllif yazıda, eyni zamanda, digər ekspertlərin rəylərinə də istinad edərək bir qədər “təskinlik” tapa bilib: “Mərkəzi Asiya və Yaxın Şərq üzrə tanınmış ekspert Aleksandr Knyazev isə bu narahatlığı bölüşmür. Onun sözlərinə görə, Konvensiyadan digərləri nə qədər alacaqsa, Azərbaycan da o qədər alacaq. Konvensiya hüquqi statusdan başqa, daha bir əhəmiyyətli məna daşıyır. Bu, bütün tərəflərin müəyyən güzəştlərə getdiyi ilk qlobal presedentdir. Bu Konvensiya haqqında bir dövlətin marağındadır  demək olmaz. Bu, hamının marağındadır. “

Müəllif A. Knyazevin Konvensiya ilə bağlı şübhəli hesab etdiyi məqamları qeyd etmiş olsa da, fikir ayrılıqlarına baxmayaraq həmsöhbətinin bu tarixi anlaşmanın əhəmiyyətini azaltmadığını da etiraf etməli olub.

Azərbaycanın hər uğuruna, reallaşdırdığı, yaxud da qatıldığı istənilən yeni bir  layihəyə çirkab atmağa hazır vəziyyətdə dayanmış Ermənistan indi də bu Konvensiyanın ölkəmizə gətirəcəyi  dividendlərlə bağlı dərin narahatlıq burulğanındadır. Bu Konvensiya konkret olaraq Qazaxıstan, Rusiya, İran, Türkmənistan və Azərbaycanın marağında olan və birgə həll yollarını tətbiq edəcəkləri bir anlaşmadır. Bununla bağlı ermənilərin bir sıra ölkələr üçün saxta “canıyananlıq seansları” sadəcə ironik təbəssüm doğurur. Elə bu yerdə müəllifin öz sərlövhəsində vurğuladığı başlığı yada salmaq yerinə düşərdi: “Burada Ermənistanlıq nə var?”

Sevinc Abdullayeva, “İki sahil”