18 may 2018 00:50
1804

Azərbaycan multikulturalizm diyarıdır

Dövlətimizin başçısı bildirir ki, əgər biz ətrafda gedən hadisələrə, Avropada, Yaxın Şərqdə, digər bölgələrdə ayrı-seçkiliyə, ksenofobiyaya rəvac verən amillərə nəzər salsaq bu sahədəki siyasətimizin təkcə ölkə daxili deyil, dünya üçün önəmli olduğunu görərik

Dövlətimizin başçısı İlham Əliyev qarşıdakı illər üçün hədəfləri açıqlayarkən bildirir ki, milli mənəvi, dini dəyərlər, ənənələr bundan sonra da inkişafımızın əsas istiqaməti olacaq. Bu gün dinlərarası, millətlərarası dialoqdan söhbət açılanda ilk növbədə Azərbaycan göz önünə gəlir. Təsadüfi deyil ki, multikulturalizm, dinlərarası dialoq üzrə beynəlxalq forumlar məhz Azərbaycanda keçirilir:

“Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqdır. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək” Bu məqam da təəssüf hissi ilə vurğulanır ki, islamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərilir: “Ona görə biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda, biz öz milli mənəvi dəyərlərimizə sadiqik, buna bağlıyıq və təsadüfi deyil ki, 2016-cı və 2017-ci illər Azərbaycanda “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri elan olunmuşdur.”

Azərbaycan dünyəvi dövlətdir. Lakin dünyəvilik dini inkar etmək deyil, bu, dövlətin siyasi qurumunun məzmununu müəyyən edir. Din insanların cəmiyyət qarşısında məsuliyyətlərini daha da artırır. Dövlətin dinə münasibətində də siyasətin əsasını mənəviyyatın milli sərvətin tərkib hissəsi kimi dəyərləndirməsi təşkil edir. İnsanın sərbəst yaşayıb işləməsi üçün bütün azadlıqlarının mövcud olduğu ölkəmizdə bu münasibətlər yüksək səviyyədə tənzimlənir. Ölkə Prezidenti İlham Əliyev bildirir: “Bu gün din-dövlət münasibətləri uğurla inkişaf edir. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıllıq davam etdiriləcəkdir.”

Qeyd etdiyimiz kimi, Azərbaycanda dini və milli dözümlülüyün çox böyük və şərəfli tarixi vardır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu fikirlər Bakıda təşkil olunan sivilizasiyalararası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda da dəfələrlə səslənmişdir. Dünya ictimaiyyəti üçün aydın olan həqiqət budur ki, Azərbaycanın dinlərarası dialoqun mərkəzinə çevrilməsi prosesi bu gün də uğurla davam etdirilir. Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meyilləri respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət göstərir. “Ölkənin gücü təkcə onun iqtisadi imkanları ilə ölçülmür” söyləyən dövlətimizin başçısı İlham Əliyev dünya dini liderlərinin sammitində də  bu reallığı diqqətə çatdırmışdır ki, bizim gücümüz birliyimizdədir, ölkədə hökm sürən sabitliyin möhkəmlənməsindədir, dini və milli sülhün mövcudluğundadır. Ölkə Prezidenti “Ölkəmizə gələn qonaqlar bir çox hallarda təəccüb hissi ilə bunu qeyd edirlər ki, siz buna necə nail ola bilmisiniz, sizdə dini, milli zəmində nəinki heç bir qarşıdurma, heç bir anlaşılmazlıq da yoxdur. Reallıq bundan ibarətdir ki, dövlət siyasəti, din xadimlərinin müdrikliyi, eyni zamanda, cəmiyyətdə müsbət ab-havanın mövcudluğu və əlbəttə ki, ölkəmizin sürətli dinamik inkişafı burada əsas rol oynayır. Bu, bizim böyük sərvətimizdir” fikirləri ilə düşünülmüş və məqsədyönlü siyasətin uğurlarını bir daha ümumiləşdirir və bu fonda perspektivləri açıqlayır.

Ölkəmizdə vicdan, demokratik azadlıqlar güclənir, bu istiqamətdə davam edən meyillər möhkəmlənir. Bu gün Azərbaycan xristian və yəhudi dinlərinə mənsub olan insanlar üçün doğma vətəndir. Azərbaycanda bu cür demokratik şəraiti ölkəmizə gələn qonaqlar da etiraf edirlər. Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir, ölkədə tolerantlığın formalaşması, milli azlıqların ictimai həyatın bütün sahələrinə inteqrasiyası, dini, əqidə azadlığının təmin olunması üçün dini liderlərlə konstruktiv mövqe nümayiş etdirilir.

Bu fikir də vurğulanır ki, ölkələr, xalqlar arasında daha da yaxşı münasibətlərin qurulması üçün dini liderlərin birgə fəaliyyəti çox böyük əhəmiyyətə malik olan məsələdir. Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi, Azərbaycanda yaşayan müxtəlif dini icmaların başçılarından ibarət nümayəndə heyətinin ABŞ-ın Kaliforniya ştatına səfəri çərçivəsində ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan, Los-Ancelesdə fəaliyyət göstərən Sinay Sinaqoqunda Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinə həsr olunmuş tədbirdə də Azərbaycanın dinlərarası harmoniya modeli böyük rəğbətlə qarşılanıb. Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun və Amerika Yəhudi Komitəsinin birgə təşkilatçılığı ilə 300-dək qonağın, o cümlədən xarici ölkələrin Los-Ancelesdə akkreditə olunmuş baş konsullarının, yerli yəhudi icmasının təmsilçilərinin qatıldıqları tədbirdə Amerika Yəhudi Komitəsinin Los-Anceles nümayəndəliyinin sədri Skot Edelman ölkəmizdə müxtəlif dinlərin və xalqların dinc birgəyaşayışının, eləcə də uzun əsrlərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına göstərilən münasibətin yüksək səviyyədə olmasının Amerika yəhudiləri tərəfindən yüksək dəyərləndirildiyini bildirmişdir. 

Bütün bunlar bu reallığın təsdiqidir ki, tolerantlıq milli mentalitetimizin xarakterik cəhəti kimi ölkəmizdə stabilliyin əsasına çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi, eyni zamanda Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunlarına, ötən il IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi multikulturalizm, tolerantlıq təcrübəsinin nümayişi, həmçinin dünyaya bir birlik, həmrəylik mesajı kimi dəyərləndirildi. Azərbaycan atdığı addımları ilə multikultural cəmiyyətlərin formalaşdırılmasına davamlı töhfələr verməkdə maraqlı olduğunu təsdiqləyir. Çoxkonfessiyalı ölkə olaraq Azərbaycanın xarici siyasətində Qərb və Avropa dövlətləri ilə yanaşı, İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər əsas yer tutur. Ölkəmizin İslam həmrəyliyinə verdiyi töhfələrin miqyasının genişliyi keçirilən beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur. Hər bir məsələnin sülh, əmin-amanlıq, ən əsası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində maraqlı olan Azərbaycan bu mövqeyi ilə regionda sabitləşdirici faktor olduğunu bir daha təsdiqləyir. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı yüksək səviyyədədir. Qurumun sülhməramlı fəaliyyətinə dəstək verən Azərbaycan müasir dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsinə ciddi əhəmiyyət verir. İslam Əməkdaşlıq Təşkilatının sammitlərində, Zirvə görüşlərində Azərbaycanın  islamofobiyaya qarşı mübarizədə fəal iştirakı xüsusi önə çəkilir. “Biz müsəlmanlara qarşı törədilən cinayətləri qətiyyətlə pisləyirik” söyləyən Prezident İlham Əliyev ötən il ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunlarında 50-dən artıq müsəlman ölkəsinin iştirakını islamofobiyaya qarşı ən real mübarizə kimi dəyərləndirmişdir. Eləcə də İslam aləmində narahatlıq doğuran hadisələr - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmalar, qaçqın böhranının hər biri taleyüklü məsələ olmaqla həmrəyliyin, birliyin vacibliyini aktuallaşdırır.

Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında diqqəti Xocalı soyqırımına, Dağlıq Qarabağ müharibəsi zamanı həlak olan dinc əhalinin sayına, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi terror hadisələrinə yönəltməklə erməni faşizminin bu gün də davam etməsinə göz yuman, seyrçi qalan Qərb dövlətlərinin, beynəlxalq təşkilatların müsəlman ölkələrinə qarşı ikili standartlardan yanaşmasının beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu  bildirir. “Ermənistanda islamofobiya pik həddinə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz” söyləyən cənab İlham Əliyev erməni faşistlərinin Azərbaycanın dinc vətəndaşlarına qarşı törətdikləri terrorları vəhşilik adlandırır. O da vurğulanır ki, BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrə məhəl qoymayan Ermənistanın maddi və mənəvi dəstəkdən yaranan ərköyünlüyünə bu günə qədər göz yumulmasının yaratdığı problemlər göz önündədir.

Rəsmi Bakı bəyanatlarında daim bu məqamı da xüsusi diqqətə çatdırır ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan BMT və İƏT-in qətnamələri işğalçı dövlətlə münasibətdə olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır. Çünki Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın dini-mədəni sərvətlərinə qarşı deyil, həm də ümumilikdə İslamın tarixi-mədəni irsinə qarşı olan hücumdur. Ermənistanın işğal etdiyi ərazilərdə İslam mədəniyyətinə aid yüzlərlə abidə, məscid, ibadətgah, qəbiristanlıq və s. dağıdılmış, bütün bunlar ATƏT-in faktaraşdırıcı missiyaları tərəfindən təsdiq olunmuşdur. Pakistan və Səudiyyə Ərəbistanının Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə rəsmən tanımaqdan imtina etməsi, Türkiyənin bu ölkə ilə sərhədlərinin açılmasından imtina etməsi, beş müsəlman dövlətinin Xocalı soyqırımını rəsmən tanıması İslam həmrəyliyinin addım-addım olsa da nümunəsidir.

Azərbaycan İslam dünyasında mövcud münaqişələrin həllinə öz töhfəsini verir, müsəlman dövlətlərində baş verən və maraqlı qüvvələrin təhriki ilə hələ də davam etdirilən problemlərin ədalətli həlli ilə bağlı müzakirələrdə birmənalı olaraq beynəlxalq hüquqa əsaslanır, prinsipial mövqeyini əməli ilə təsdiqləyir. “Bədxahlara, anti-Azərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallıqlarımızdır. Gəlsinlər, öz gözləri ilə görsünlər. Deyə bilərəm ki, Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyəti ölkəmizdən ən xoş arzularla ayrılır. Çünki onlar qərəzsizdir, Azərbaycana xoş niyyətlə gəlirlər. Mən demişəm və bir daha demək istəyirəm ki, biz xoş niyyətlə ölkəmizə gələn bütün xarici qonaqlara qucaq açırıq. Azərbaycan multikulturalizm diyarıdır. Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur, heç vaxt olmayıb və olmayacaqdır. Biz bir çox ölkələr üçün nümunəyik, xüsusilə, indiki dövrdə. Bu gün hamımızın gözü qarşısında müsəlman qaçqınlara işgəncələr verilir. Bu, bizi hiddətləndirir. Onu da qeyd etməliyəm, Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz ədalətsizliyə dözə bilmirik. Biz ədalətin, insanlığın tərəfdarıyıq. Bütün vacib beynəlxalq məsələlərlə bağlı bizim öz mövqeyimiz var. Hesab edirəm ki, əgər bizim təcrübəmiz geniş şəkildə öyrənilərsə, o zaman dünyada münaqişələrin və dini, milli zəmində qarşıdurmaların sayı da azalacaqdır” söyləyən Prezident İlham Əliyev bütün çıxışlarında bildirir ki, bundan sonra da ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bu, bizim böyük sərvətimizdir.

Yeganə Əliyeva, “İki sahil”