17 may 2018 23:38
1605

Şimaldan Cənuba, Şərqdən Qərbə gedən yollar Azərbaycandan keçir

Enerji layihələrindən sonra Azərbaycanın təşəbbüsü ilə Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun çəkilişi dünyada həyata keçirilən ən önəmli infrastruktur olmaqla beynəlxalq əhəmiyyətli layihə kimi də maraqla qarşılandı.

Ötən ilin oktyabr ayında BTQ-nin istifadəyə verilməsi ilə sivilizasiyalar və dialoqlar mərkəzi olan Azərbaycan qitələri birləşdirən dəmir yolu ilə də geosiyasi, geoiqtisadi önəmini artırdı. Yol mədəniyyət, inkişaf, dostluq, qardaşlıq, birlik, həmrəylik, əməkdaşlıq deməkdir. Güclü siyasi iradənin, qətiyyətin məntiqi nəticəsi olan BTQ kimi böyük infrastrukturu reallaşdırmaqla regional əhəmiyyətini artıran, bölgədə iqtisadi inkişafı ilə diqqət çəkən ölkə olduğunu təsdiqləyən Azərbaycanın təşəbbüsü ilə reallaşan bu nəqliyyat dəhlizinin son olmadığını Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin açılışında “Biz hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq və öz ərazimizdə bütün lazımi işləri başa çatdırdıq. Beləliklə həm Şimaldan Cənuba, həm də Şərqdən Qərbə gedən yollar Azərbaycan ərazisindən keçir və keçəcəkdir” sözləri ilə təsdiqləyən Prezident İlham Əliyev əlavə olaraq bildirir ki, biz gələcəyə baxmalıyıq və baxırıq. Cənub-Qərb nəqliyyat dəhlizinin işə salınması istiqamətində işlərin diqqətdə saxlanıldığını söyləyən dövlət başçımızın vurğuladığı kimi, bu da çox önəmli nəqliyyat dəhlizidir və birinci sınaq qatarı artıq bu yolla hərəkət edib.

Reallaşan beynəlxalq əhəmiyyətli layihələr isə təbii ki, əməkdaşlıq formatını genişləndirir. Şərq-Qərb magistralı Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, daha sonra Avropa ölkələrini, Şimal-Cənub isə Pakistan, Hindistan, İran, Azərbaycan, Rusiya, Şimali Avropa ölkələrini birləşdirir. Cənub-Qərb dəhlizinin əhatə dairəsi isə daha geniş, iqtisadi əhəmiyyəti, əməkdaşlığı şərtləndirən “sülhdaşıma missiyası” daha böyükdür. Ən əsası odur ki, dünyanın diqqət mərkəzində olan belə önəmli infrastruktur layihələrinin təşəbbüskarı, əsas maliyyə daşıyıcısı beynəlxalq nüfuzu daha da artan, xarici siyasətini məqsədyönlü, düşünülmüş şəkildə müəyyənləşdirən Azərbaycandır.

Regional əhəmiyyəti ilə seçilən Azərbaycanın dünya ölkələrinə çıxışı üçün bütün nəqliyyat növləri ən müasir tələblər səviyyəsində olmaqla beynəlxalq standartlara cavab verir. Dünyada 9 beşulduzlu status almış aeroportlar içərisində seçilən Heydər Əliyev Beynəlxalq Aeroportu xarici qonaqları belə heyrətləndirən səviyyədə müasir, gözəl və beynəlxalq standartlara uyğundur. Son 15 ildə yol-nəqliyyat sahəsinə göstərilən diqqətin nəticəsidir ki, respublika ərazisində 6 beynəlxalq aeroport inşa edilmiş, 15 min kilometr avtomobil yolu çəkilmiş, şəhər və kəndlərarası yollar inşa və bərpa olunmuşdur. Bu günlərdə coğrafi baxımdan əlverişli ərazidə yerləşən, respublikamızın Qərb və Cənub istiqamətinə açılan yolu olan Ələtdə Azad İqtisadi Zonanın yaradılması üçün başlıca şərt olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi ilə Azərbaycan nəqliyyat-infrastrukturla bağlı ən mühüm vəzifəni yerinə yetirdi. 15 milyon ton yükdaşıma, 100 min konteyner yükaşırma gücünə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sonrakı mərhələdə yükaşırma qabiliyyəti 25 milyon tona çatdırılacaq.

Artıq Azərbaycan gəmiçiliyin də inkişaf etdiyi ölkələr sırasındadır. “Xəzərdə bizim ən böyük donanmamız, 260-dan çox gəmimiz var” söyləyən dövlət başçımız İlham Əliyevin vurğuladığı kimi, Bakıda gəmiqayırma zavodunun tikilməsi ölkəmizin tələbatını ödəyəcək, gəmilərin istehsalı ilə xarici tərəfdaşlardan asılılıq da aradan qaldırılacaq. Göründüyü kimi, siyasi, iqtisadi uğurları ilə MDB və regionda liderliyini qoruyan Azərbaycan qitələrarası mərkəz rolunu da artırır, tərəfdaşlıq missiyasını qarşılıqlı əməkdaşlıq prinsiplərinə sadiqliyi ilə yerinə yetirir.

Təbii ki, beynəlxalq nəqliyyat layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun bu zənginlikdə rolu və əhəmiyyəti daha böyükdür. BTQ-ni tarixi layihə adlandıran cənab İlham Əliyevin vurğuladığı kimi Azərbaycan bu layihənin təşəbbüskarı olmaqla dəmir yolunun çəkilişi üçün böyük vəsait də ayırmışdır: “Biz Bakını Avropaya dəmiryolu xətti ilə birləşdirdik. Əslində Asiyanı Avropaya birləşdirən Azərbaycan olmuşdur. Bu nəqliyyat dəhlizi uzun illər bundan sonra da bizə böyük gəlirlər gətirəcək, xalqımıza böyük fayda verəcəkdir.”

Tarixi İpək Yolunun bərpasında yeni mərhələ olan Bakı-Tbilisi-Qars dəmir yolunun beynəlxalq və regional əhəmiyyəti dünya səviyyəsində yüksək dəyərləndirilir. Region, eyni zamanda, bu təşəbbüsdə iştirak edən və nəqliyyat dəhlizinə qoşulacaq digər ölkələr üçün də ən sərfəli və əvəzedilməz layihə olan və artıq reallaşan, beynəlxalq yük və sərnişin daşımada əlverişli imkanlara malik BTQ-nin turizm potensialına əlavə töhfələr verəcəyini deyilənlərə əlavə etməklə əminliklə söyləmək olar ki, Xəzər və Qara dənizlər arasında əlaqələri təmin edəcək və qlobal layihə olan BTQ- yə marağın artması təsadüfi deyil.

Çindən Avropaya daşınan yükləri 12-15 günə, yəni dəniz nəqliyyatından iki dəfə tez çatdırılmaqla təhlükəsizliyin təminatında da mühüm əhəmiyyətə malik BTQ polad magistral kimi sarsılmaz dostluğun nəticəsidir. İlk mərhələdə, beynəlxalq təşkilatlarla danışıqların fayda vermədiyi zamanlarda belə Türkiyə, Azərbaycan və Gürcüstanın öz iradələrini ortaya qoyaraq dəmir yolunun çəkilişində göstərdikləri qətiyyət nəticəsini verdi. “Bu dəmir yolu layihəsinə Orta Asiya ölkələri, o cümlədən Qazaxıstan böyük maraq göstərir. Həmin ölkələrdən gəlmiş nümayəndə heyətlərinin, yüksək vəzifəli şəxslərin bu mərasimdə iştirakı bunu əyani şəkildə göstərir. Biz əminik ki, yüklərin daşınması istiqamətində əlavə imkanlar yaranacaq və bizim ölkələrimizin Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmləndiriləcək. Avropa üçün bu yolun böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə artıq müvafiq danışıqlar aparmışdır. Avropa ölkələri də bu yolun tikintisinə çox böyük maraq göstərirlər” söyləyən Prezident İlham Əliyevin inamla söylədiyi bu sözlər ölkəmizin beynəlxalq əhəmiyyətini artıran lider qətiyyətinin ifadəsidir.

Beynəlxalq nəqliyyat dəhlizinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə sanballı töhfə olan, dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən BTQ dəmir yolu vasitəsilə Azərbaycan müxtəlif ölkələrə, Türkiyəyə birbaşa gediş əldə etdi.

Dünyanın, xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələsində böyük önəm daşıyan Bakı -Tbilisi-Ceyhan və Bakı-Tbilisi- Ərzurum, “Cənub Qaz Dəhlizi” kimi qlobal əhəmiyyətli layihələri ilə Azərbaycana artan maraq BTQ-nin çəkilişi ilə daha da gücləndi. Layihə üzrə ilk mərhələdə 1 milyon sərnişin, 6 milyon ton yük daşınması planlaşdırılan, sonrakı illərdə sərnişinlərin sayı 5 milyona, yüklərin həcmi 17 milyon tona çatdırılması nəzərdə tutulan dəmir yolunun Çindən başlayaraq, Orta Asiyadan keçməklə Cənubi Qafqaz, Türkiyə, Balkanlar və Avropaya uzanaraq geniş bir coğrafiyanı əhatə etməsi perspektivlərin daha uğurlu olacağından xəbər verir.

Azərbaycanın müəllifi olduğu strateji enerji layihələri kimi, BTQ-nin də siyasi iqtisadi, bölgədə və dünyada sülh, sabitlik yaratması imkanları təsdiqlənir. Respublikamızın polad magistralların keçdiyi ölkələrin idxal və ixracında, tranzit daşımalarda rolu artır.

“Modern İpək Yolu” və ya “Orta dəhliz” adlandırılan BTQ Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələr arasında sürətli nəqliyyat imkanları yaradaraq iqtisadi və ticarət əlaqələrimizin inkişafına böyük töhfə verəcəkdir.

 Bakı-Tbilisi-Qars dəmir yolunun başa çatması ilə Orta Asiyadan keçməklə Çindən Avropaya birbaşa əlaqə yaradılır. Qərbi Avropadan çıxan qatar birbaşa Xəzər sahillərinə, oradan da Aktau limanından keçməklə Şanxaya və Seula çatacaqdır. İngiltərədən Çinə birbaşa dəmir yolu əlaqəsi yaradacaq bu xətt xalqlarımızın rifah səviyyəsini artıracaq strateji əhəmiyyətə malik böyük nəqliyyat infrastrukturudur. Türkiyənin İğdır vilayəti ilə Ermənistan tərəfindən blokadaya alınan Naxçıvan arasında dəmir yolu şəbəkəsinin yaradılması da nəzərdə tutulur. Uzunluğu təxminən 850 kilometr olan dəmir yolunun 504 kilometrinin Azərbaycan ərazisindən keçməsi, Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilməsi ölkəmizin dünya siyasətindəki mövqeyini daha da gücləndirir, artan maliyyə imkanlarının göstəricisi kimi ölkəmizin iqtisadi qüdrətini dünyaya bəlli edir. Yolun keçdiyi ərazidə yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşunun artması xalqlar arasındakı əməkdaşlığı gücləndirməklə , bölgədə sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək.

 Ən başlıcası isə maliyyə böhranının hələ də davam etdiyi müasir dövrümüzdə dövlətlərarası iqtisadi münasibətlərin möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlıq üçün əlavə imkanlar yaranır.

 “Əsrin müqaviləsi”ni utopiya adlandıranlara, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə mane olmağa çalışanlara qətiyyəti, qarşılıqlı dəstək, inamları ilə cavab verən hər üç dövlət başçılarının siyasi iradəsinin nəticəsi olan BTQ kimi layihələr birlik, dostluq rəmzi olmaqla tərəfdaş dövlətlərə iqtisadi uğur qazandıracaq sonuncu təşəbbüs də deyil. Cənab İlham Əliyevin “Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətdir. Bu dəmir yolu, - bu barədə çox danışılıb, ictimaiyyət də əhəmiyyətini bilir, - həqiqətən bölgədə, Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində bəlkə də son illərdə ən önəmli layihədir. Bunun bizim üçün də çox böyük əhəmiyyəti var” sözlərini uzaq məsafələri yaxınlaşdıran BTQ-nin qlobal əhəmiyyətini dünya KİV-lərində yer alan yazılar da təsdiqləyir .

 Avropa ilə Asiya arasında yerləşən, açıq dənizlərə çıxışı olmayan ölkəmiz üçün BTQ, Şimal-Cənub, Şərq-Qərb həyat yolu, iqtisadi inkişaf deməkdir. Ona görə də ölkəmizin Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilməsi tarixi nailiyyət olmaqla dünyaya açılan qardaşlıq körpüsüdür. Təsdiq olunmuş həqiqətdir ki, Azərbaycan regional əməkdaşlıq məsələlərində bütün hallarda təşəbbüskar kimi çıxış edir.

 Belə əhəmiyyətli layihələrin reallaşmasında xüsusi rolu və xidmətləri olan ölkəmizin təşəbbüsü ilə yaradılan regional formatların uğurlu fəaliyyətinin nəticəsi olan enerji və nəqliyyat layihələri bütün dünya xalqlarının maraqlarına xidmət edir. Azərbaycan-İran-Gürcüstan, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya üçtərəfli və nəhayət Azərbaycan-İran-Gürcüstan-Türkiyə dördtərəfli formatlar nəticəsində bölgədə sabitlik təmin olunur, möhkəmləndirilir, əməkdaşlığı gücləndirir və bu formatlarda iştirak edən ölkələrin iqtisadi maraqlarına uyğun müzakirə olunan məsələlər qarşılıqlı anlaşma, etimad və hörmət prinsipləri əsasında həllini tapır, siyasi, iqtisadi, mədəni, nəqliyyat və digər sahələri əhatə edir.

Enerji və nəqliyyat layihələrinin təşəbbüskarı olan Azərbaycan dünyada çəkisini və sözünün dəyərini də artırır, mövqeyini möhkəmləndirir. Ən başlıcası isə regionu dünya ictimaiyyətinin diqqət mərkəzində saxlayan, bölgəyə marağı artıran qlobal enerji layihələrinin müəllifi olan Azərbaycanın siyasi iradəsi ilə Ermənistan bütün layihələrdən kənarda qalır. Bu isə dünyada baş verən hadisələrə təsir imkanları artan, hərbi qüdrəti, sülhsevər siyasəti ilə mövqeyi möhkəmlənən Azərbaycanın diplomatik uğuru, işğalçı üzərində siyasi qələbəsidir.

Xuraman İsmayılqızı, “İki sahil”