16 may 2018 23:26
1321

Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik

Dövlətimizin başçısı İlham Əliyev bu il “Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP-ın istifadəyə veriləcəyini önə çəkərək bildirir ki, bundan sonrakı illərdə Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək

“Əlbəttə ki, bizim iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir. Təbii ki, son 15 il ərzində bu sahəyə xüsusi diqqət göstərilirdi və bundan sonra da göstəriləcək. Bu illər ərzində biz doğrudan da tarixi nailiyyətlərə nail ola bilmişik.”

Andiçmə mərasimində son 15 ilin uğurlarına qısa baxış keçirən dövlətimizin başçısı İlham Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən biri dövlətlər, xalqlar arasında körpü rolunu oynayan, ən əsası Azərbaycanın regionda, dünyada enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirən enerji layihələri olmuşdur. BTC və BTƏ neft-qaz layihələrinin gerçəkləşməsini dünyaya açılan pəncərə kimi dəyərləndirən ölkə Prezidenti hazırda “Cənub Qaz Dəhlizi”nin icrasının uğurla həyata keçirildiyini önə çəkərək bildirmişdir: “Bu, həm iqtisadi, həm texniki cəhətdən maliyyə tutumlu layihədir. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur. Ona görə xüsusilə bu da dünyada mövcud olan iqtisadi böhrana təsadüf etdi və bu vəsaiti ölkəmizə cəlb etmək o qədər də asan məsələ deyildi. Biz, əlbəttə, diplomatik, siyasi və iqtisadi yollarla buna nail ola bilmişik. “Cənub Qaz Dəhlizi” layihələrinin üçü bu il istifadəyə veriləcəkdir - “Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP. Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik. Bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək. Əlbəttə, bizə əlavə gəlirlər gələcək ki, bu gəlirləri də biz ölkəmizin inkişafına yönəldəcəyik.” Cənab İlham Əliyev bu fikri də böyük inam və qətiyyətlə bildirir ki, Azərbaycan artıq neft-qaz sektorunda istədiyinə nail olub və bir-iki ildən sonra “Cənub Qaz Dəhlizi” tam istifadəyə veriləcək. Əminliklə söylənilən bu fikrin təsdiqi təbii ki, keçilən yol və bugünkü reallıqlarımızdır. 2012-ci ildə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinə imza atıldı və bu il layihənin uğurlu icrası başa çatır. 2013-cü ildə TAP layihəsi qaz kəməri kimi seçilmiş və bu istiqamətdə də işlər gedir. 2014-cü ildə “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub, 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalanıb. Enerji sektorunda əsas xronoloji mənzərəyə diqqət yetirməklə, 2018-ci ilin gözləntiləri açıqlanaraq uğurların davamlılığına əminlik ifadə olunur: “Azəri-Çıraq-Günəşli” neft yatağının istismar müddətinin uzadılması məsələsi həll olundu. Bu kontrakt 2050-ci ilə qədər qüvvədə olacaq və ölkəmizə milyardlarla dollar gəlir gətirəcək. Sadəcə olaraq, Azərbaycana verilən bonus 3 milyard dollardan çoxdur. “Cənub Qaz Dəhlizi”nin icrası demək olar ki, son mərhələyə qədəm qoyub... Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli tərəfdaşa çevrilir.”

Göründüyü kimi, vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallaşması ilə dünyaya açılan pəncərə əməkdaşlığın daha geniş coğrafiyanı əhatə etməsinə yol açıb. Hər bir tarixi hadisə irəliyə daha inamla baxmağa, yeni-yeni layihələrin gündəmə gətirilməsinə stimuldur. “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsində Azərbaycan və Türkiyə arasında əməkdaşlığın xüsusi rolunu önə çəkən cənab İlham Əliyev 2012-ci ildə İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla Transanadolu qaz kəmərinə dair tarixi müqaviləni xatırladaraq, “Əslində, “Cənub Qaz Dəhlizi”nin icrası məhz həmin gündən başlayır” bildirmişdir. 2015-ci ilin martında Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlinin qoyulması münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev bir daha qeyd etmişdir ki, bu layihə, ilk növbədə, Türkiyə-Azərbaycan birliyinin layihəsidir”.

Qısa vaxtda dünyada böyük dəstək qazanan TANAP, 2013-cü ildə “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi kimi seçilən TAP layihələri üzrə işlərin cədvəl üzrə getdiyini qeyd edən dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi”ni Avropanın ən böyük infrastruktur layihəsi kimi dəyərləndirmişdir. Bu əminlik ifadə edilmişdir ki, Azərbaycanın malik olduğu nəhəng qaz ehtiyatları “Cənub Qaz Dəhlizi”ni təmin edəcək, bu layihə ölkələr arasında yeni əməkdaşlıq formatlarının yaranmasına səbəb olacaq. Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təşəbbüsü ilə həyata keçirilən layihələrin hər zaman uğur qazandığını vurğulayan, bu layihənin də eyni taleyi yaşayacağına əminliyini bildirən dövlətimizin başçısı İlham Əliyev Avropanın qaza olan tələbatının ödənilməsində Azərbaycanın mühüm rolunu önə çəkir.

Qeyd etdiyimiz kimi, dörd mərhələ üzrə həyata keçirilən TANAP-ın ilk mərhələsi məhz bu il - 2018-ci ildə başa çatdırılacaq. Kəmərin nəqletmə imkanı 2020-ci ildə 17 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk mərhələdə nəql olunacaq 16 milyard kubmetr təbii qazın 6 milyard kubmetri Türkiyə, 10 milyard kubmetri isə Türkiyə-Bolqarıstan, Türkiyə-Yunanıstan sərhədindən keçməklə Avropa ölkələrinə çatdırılmaq üçün nəzərdə tutulur.

Dövlətimizin başçısı İlham Əliyev “Əsrin müqaviləsi”nin 20 illiyi ərəfəsində keçirilən “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimində də qeyd etmişdir ki, bu tədbir sadəcə olaraq görülən işlərin zirvəsidir. Əgər əvvəlki dövrlərdə lazımi məsələlər öz həllini tapmasaydı, bu gün “Cənub Qaz Dəhlizi”ndən söhbət belə gedə bilməzdi. Biz enerji əməkdaşlığını ölkələri yadlaşdıran deyil, birləşdirən sahə hesab edirik.

Beləliklə, ölkəmizin təşəbbüsü ilə gerçəkləşdirilən TANAP layihəsi Azərbaycan qazının müxtəlif ölkələrə nəql olunmasını təmin edəcək. Cənab İlham Əliyev hər zaman bildirir ki, əsas odur ki, layihənin nəzərdə tutulan vaxtda istismara verilməsi üçün güclü iradə, zəngin təcrübə, texniki imkanlar mövcuddur.

Bu kimi qlobal layihələrin şaxələndirilməsi ilə iqtisadiyyatın inkişafına nail olan Azərbaycan investor kimi mövqelərini daha da möhkəmləndirir. Neft strategiyasının həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-ın Gürcüstan, Türkiyə, Rumıniya, Ukrayna, Macarıstan, İsveçrə və digər ölkələrdə investisiya layihələrini həyata keçirməsi təbii ki, artan iqtisadi imkanlarımız sayəsində mümkün olmuşdur. “Dövlət Neft Şirkəti xarici ölkələrə böyük investisiyalar qoyur, artıq biz, necə deyərlər bu qapını da açdıq” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu istiqamətə yönəldilən sərmayələr Azərbaycan üçün siyasi və iqtisadi baxımdan zəruridir. Digər iri şirkətlərə də bu təcrübədən yararlanmaq tövsiyə olunur. “Biz həmişə maraqlı idik ki, xaricdən Azərbaycana investisiyalar gətirilsin. Bu gün də bunda maraqlıyıq. Ancaq artıq ölkəmizin inkişafı bizə diktə edir ki, yeni bazarlara çıxaq” deyən dövlətimizin başçısının qeyd etdiyi kimi, SOCAR-ın artan maliyyə imkanları Azərbaycanın dünya bazarında iştirakını təmin edən başlıca amildir.

Bu reallıq da ölkə Prezidentinin çıxışlarında yer alır ki, Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyatımız dinamik inkişaf edir, şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün heç bir maneə yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Ötən il “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması ölkəmizə daha möhtəşəm uğurlar gətirəcək. “Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratmışdır. Bu, bizə böyük faydalar gətirib” söyləyən cənab İlham Əliyev eyni zamanda bildirir ki, xarici tərəfdaşlar da böyük mənfəət əldə ediblər. Reallıqlar eyni zamanda bu amilin önəmini açıqlayır ki, səylərin birləşdirilməsi qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaqda, çoxtərəfli əməkdaşlığın genişləndirilməsində əsasdır. Ötən ilin mühüm hadisəsi olan “Yeni əsrin müqaviləsi”nin imzalanması mərasimində dövlətimizin başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurların davamlılığına əminliyini belə ifadə etmişdir: “Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür. Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.”

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, neft strategiyasının son illər ölkəmizə gətirdiyi böyük dividendlərdən biri Azərbaycanın beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. Mənbəyini məhz “Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial hazırda Azərbaycanı regionun neft-qaz dövlətinə çevirib. Bütün bunlarla yanaşı, “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qitənin qaz nəqli infrastrukturunun şaxələndirilməsində əhəmiyyətli rol oynayacaq.

Yeganə Əliyeva, “İki sahil”