15 may 2018 23:25
1458

Sahibkarlığın inkişafına yönələn addımlar sistemli xarakter daşıyır

Dövlətimizin başçısı İlham Əliyev bazar mexanizminin hərəkətverici qüvvəsi olan sahibkarlığın inkişafını sosial-iqtisadi sistemin möhkəmlənməsinə, sosialyönümlü problemlərin kompleks həllinə təsir göstərən mühüm amil kimi qeyd edir. 

Eyni zamanda, sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlərin qəbul edilməsi  özəl bölmənin güclənməsini şərtləndirir.  Son illərdə qeyri-neft sektorunun inkişafı yönümündə atılan addımların nəticəsidir ki,  ümumi daxili məhsulda özəl bölmənin payı 85 faiz təşkil edir. Bir sözlə, bu gün Azərbaycanda güclü sahibkarlar ordusu formalaşıb.

Qeyri-neft sektorunun inkişafına  nail olmaq üçün regionların potensial imkanlarından maksimum istifadəni təmin etmək üçün təsdiqlənən Dövlət proqramlarının uğurlu icrası göz önündədir. Bu günlərdə ölkə Prezidenti  Xaçmaz və Xızı rayonlarına səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşdə də bu kimi məqamlara diqqət yönəltmişdir.  Cənab İlham Əliyev daim  çıxışlarında vurğulayır ki,  2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Birinci Dövlət Proqramının icrasına başlanıldığı dövrə nəzər salan dövlətimizin başçısı İlham Əliyev infrastruktur layihələrinin icrasının önəmini xüsusi qeyd edir: “İnfrastruktur layihələri həm ölkəmizin ümumi inkişafına böyük təkan verdi, eyni zamanda, bizim nəhəng transmilli infrastruktur layihələrimiz Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdi.”  Ölkə Prezidenti  bu reallığı da diqqətə çatdırır ki, birinci proqramın qəbul edilməsi tarixi hadisə idi: “Həyat bunu əyani şəkildə göstərir. 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Azərbaycan regionlarının sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi.”

Artıq üçüncü Dövlət Proqramının icrası başa çatmaqdadır.  Hər bir Proqramın uğurlu icrası növbəti sənədin qəbulunu zərurətə çevirir. Cənab İlham Əliyev  yeni Dövlət Proqramının hazırlanması ilə  bağlı işlərin getdiyini bildirir.  Son 15 ilin sosial-iqtisadi göstəricilərinə qısa nəzər salaq. Ötən dövrdə ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub. Bunun yarısı xarici, yarısı isə daxili sərmayədir. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər arasındadır. On beş ildə   valyuta ehtiyatları 23 dəfə artıb. Valyuta ehtiyatlarımız ölkəmizin ümumi daxili məhsuluna bərabərdir. Xatırladaq ki, 2003-cü ildə valyuta ehtiyatları 1,8 milyard dollar idi. Bu gün isə bu rəqəm 44 milyard dollardır.  Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Müqayisə üçün qeyd edək ki,  birinci proqramın icrasına başlayanda ölkəmizdə  yoxsulluğun səviyyəsi 50 faiz idi. Maaşlar 15 ildə beş, pensiyalar səkkiz dəfədən çox artıb.

Azərbaycanın 26 ildən artıq  müstəqillik tarixinə diqqət yetirdikdə iqtisadi və siyasi islahatların vəhdətliyi, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi fonunda  iqtisadi imkanlarını genişləndirməklə yanaşı, iqtisadi müstəqilliyini də yüksək səviyyədə təmin etdiyini aydın şəkildə görürük. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi, təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrin icrası istiqamətində göstərdiyi səylər iqtisadi imkanlarının genişlənməsində stimuldur. Bu rəqəm də açıqlanır ki,  2004-cü ildən bu günə qədər Azərbaycan sahibkarlarına təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər ölkə iqtisadiyyatının inkişafına böyük dəstək olmuşdur. Davamlı inrkişafa stimul verən əsas amillərdən biri də məhz şəffaflığın təmin edilməsidir.  “ASAN xidmət” mərkəzlərinin yaradılması  rüşvətxorluğa və korrupsiyaya qarşı  mübarizədə mühüm addımlardandır. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  “ASAN xidmət” mərkəzlərinin yaradılması bu sahədə inqilabi dönüş etdi. Özünüməşğullun təmin edilməsinin prioritetliyi də atılan addımlardan daha aydın görünür. Dövlətimizin başçısı İlham Əliyevin  23 sentyabr 2016-cı il tarixili “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” Fərmanı  özünüməşğulluğun təminatı istiqamətində mühüm addımdır. Cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında görüləcək işlərdən bəhs edərkən  bu məqamı  xüsusi vurğlamışdır ki.  bu il biz, eyni zamanda, “Ailə Biznesinə Asan Dəstək” layihəsinin sürətli inkişafını görəcəyik: “Bu il 3 “ASAN xidmət” mərkəzi açılır. Onlardan biri fevral ayında Mingəçevir şəhərində istifadəyə verilib. Digər iki mərkəz isə Şəki və İmişli şəhərlərində açılacaq. Daha 5 mərkəzin tikintisi ilə bağlı göstəriş verilmişdir. Onlar gələn il açılmalıdır. Beləliklə, gələn ilin sonuna qədər bizdə 20 “ASAN xidmət” mərkəzi olacaqdır. Ailə Biznesinə Asan Dəstək (ABAD) mərkəzləri yaradılır. Bunun da həm sahibkarlığın, həm də biznesin inkişafı üçün böyük əhəmiyyəti var. ABAD mərkəzlərində rəqabətqabiliyyətli məhsullar yaradılır. Mən dövlət şirkətlərinə göstəriş vermişdim və özəl şirkətlərə tövsiyə etmişdim ki, bu sahəyə diqqət göstərsinlər. Bu proses artıq başlamışdır. Bu il 5-6 min insan özünüməşğulluq proqramı ilə əhatə ediləcək. Bu, işsizliyin aradan qaldırılması və yoxsulluğun azaldılması istiqamətində önəmli addım olacaqdır. Kifayət qədər vəsait var. Sadəcə olaraq bu işlər düzgün təşkil edilməlidir ki, ehtiyacı olan insanlara pul qazanmaq üçün vasitələr verilsin.”

Onu da qeyd edək ki, ötən ilin sonunda dövlətimizin başçısı İlham Əliyevin Fərmanı ilə  Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb.  Bu qurum  ölkədə kiçik və orta sahibkarlığın (KOS) inkişafını dəstəkləyən, KOS subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir. Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes-inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən “Kiçik və orta sahibkarlıq evi” yaradılacaq və onların fəaliyyəti “ASAN xidmət” mərkəzləri, “ASAN xidmət” mərkəzləri olmayan regionlarda isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək.

Kiçik və orta sahibkarlığın inkişafı, eyni zamanda, məşğulluq probleminin həllinə dəstəkdir. Görülən tədbirlər, həmçinin  bu reallığın təsdiqidir ki, rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Ailə təsərrüfatlarına asan dəstəyin həyata keçirilməsi hər bir ailənin bazarlarda öz məhsulu ilə tanınmasına, ən əsası rəqabətin artması fonunda  keyfiyyətli məhsulun istehsalına və ixracına geniş yol açır.  Əsas prioritetlər açıqlanarkən ölkə Prezidenti bu məqamı da xüsusi qeyd edir ki,   gələcəkdə iqtisadiyyatın inkişafını təmin edən əsas sahə ixrac olacaq.  “Biz xaricdə logistika mərkəzləri yaradırıq. Nə üçün? Ona görə xaricə vəsait qoyuruq ki, məhsullarımız oraya - yeni bazarlara çıxsın. Bunu ona görə edirik ki, sahibkarların gedib öz məhsullarını rahat satmaq imkanları olsun” söyləyən cənab İlham Əliyev bildirir ki,  biz açıq bazar iqtisadiyyatı siyasətini aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti, Prezidentin siyasəti, bax, budur. Qarşıdakı illərdə  məşğulluğun artırılması məqsədilə regionlarda  ənənəvi kənd təsərrüfatı  sahələrinin,  pambıqçılığın, tütünçülüyün, çayçılığın  və digər sahələrin  inkişafı məqsədilə  mühüm tədbirlər görülür.

Dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən zona müşavirələrində həllivacib məsələlərə diqqət yönəldilərək, aidiyyəti qurumlara konkret tapşırıqlar verilir. Nazirlər Kabinetinin son iclasında cənab İlham Əliyev qeyd olunan sahələrin inkişafına son illərdə göstərilən diqqəti əldə olunan rəqəmlər əsasında diqqətə çatdırmışdır: “Tütünçülük. 2015-ci ildə cəmi 1300 hektarda tütün əkilmişdisə, 2018-ci ildə bu, 3300 hektara çatacaq. Tütünü biz indi ixrac edirik. Bu, ixracyönümlü məhsuldur. Fermerlər yaxşı pul qazanırlar. İndi dövlət qurutma kameraları alır. Azərbaycanda tikilməkdə olan siqaret fabriki də bu tütünü alacaq, siqaret hazırlayacaq və ixrac edəcək, idxaldan asılılığı azaldacaq. Barama istehsalı. 2015-ci ildə 240 kiloqram barama tədarük olunmuşdusa, 2017-ci ildə bu rəqəm 240 tona qalxdı. Bu il biz təqribən 450-500 ton barama gözləyirik. İlk növbədə, bu da mənim üçün sosial layihədir... Bildiyiniz kimi, fındıqçılıq bizim üçün ənənəvi sahədir və pomidor ixracından sonra kənd təsərrüfatında ikinci valyuta gətirən sektordur. Biz burada da çox ciddi işlər apardıq. Bu işlərə 2015-ci ildən başladıq, 2016-cı ildə fındıq bağlarının sahəsi 40 min hektara çatdırıldı. Bu il isə fındıq bağlarının sahəsi 67 min hektara çatacaq. Yəni, görün, biz fındıq bağlarının sahəsini nə qədər artırmışıq. Bu, fermerlər üçün çox böyük gəlir mənbəyi olacaq, ölkəmizə də valyuta gətirəcək. Ancaq bu da son hədd deyil. Mənim vaxtilə müəyyən etdiyim rəqəmə əminəm ki, biz gələn il çatacağıq. Çünki bu il və gələn il 16 min hektarda yeni fındıq bağları salınacaq. Beləliklə, Azərbaycanda 80 min hektardan çox sahədə fındıq yetişdiriləcək və fındıq istehsalına görə biz dünyanın üçlüyünə daxil ola bilərik.” Ölkə Prezidenti bildirmişdir ki, bütün bu işlər verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur: “Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, sahibkarlara həm dəstək vermək, həm də yol göstərmək lazımdır... Dövlət bu qədər səy göstərir, dəstək verir, vəsait ayırır, siyasi dəstək göstərir. Ona görə biz əgər bu işlərə başlamasaydıq, indi heç biri olmayacaqdı, bax, 2,8 milyard dollar, 2,3 milyard manat qoyulmayacaqdı, kənd təsərrüfatı istehsalı bu qədər artmayacaqdı, bu qədər iş yerləri yaradılmayacaqdı, yalnız pambıqçılıqda 200 min insan işlə təmin olunmayacaqdı. Bizim qəbul etdiyimiz qərarların real nəticələri bunlardır.”

Dövlətimizin hərtərəfli inkişafı təmin etmək üçün atdığı davamlı addımlar beynəlxalq maliyyə qurumlarının qiymətləndirmələrinə  də öz müsbət təsirini göstərir.  Texnoparkların, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması, ixrac yönümlü sənaye məhsullarının istehsalının artırılması  ilə ölkə  iqtisadiyyatının dayanıqlı inkişafı təmin olunur.  Kənd təsərrüfatının inkişafı üçün kompleks tədbirlər görülür, müasir texnika alınır, lizinqlər, aqroservislər yaradılır, subsidiyalar, güzəştli şərtlərlə gübrə və yanacaq verilir. Şübhəsiz ki, kənd təsərrüfatının, özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi bundan sonra da gücləndiriləcək. Son illər qəbul edilən qərarlar, imzalanan sərəncamlar, qəbul olunan qanunlar  sahibkarlığın inkişafında nəzərə çarpan süni əngəllərin aradan qaldırılması, sahibkarların maksimum dərəcədə sərbəst, rahat şəraitdə fəaliyyət göstərmələri, həmçinin ölkədə  biznes mühitinin daha da yaxşılaşması məqsədi daşıyır. Dövlətimizin başçısı bildirir: “Son vaxtlar vergi sistemində aparılan ciddi islahatlar, sağlamlaşdırma prosesi, bildiyimə görə, artıq biznes dairələri tərəfindən də müsbət qarşılanır və bu istiqamətdə əlavə addımlar atılacaq. Mən əvvəlki çıxışlarda da dəfələrlə demişəm ki, biz dünyada mövcud olan ən müsbət, ən şəffaf praktikanı Azərbaycanda tətbiq etməliyik və bizim bütün maliyyə sistemimiz tam şəffaf mexanizm kimi işləməlidir.”

Yeganə Əliyeva, “İki sahil”