12 may 2018 00:48
1638

“Atəşkəs”də belə kəsilməyən atəş səsləri

1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi təhlükəsinin yarandığı,  hərc-mərcliyin baş alıb getdiyi bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkəni üzləşdiyi mürəkkəb  vəziyyətdən çıxarmaq üçün mümkün olan bütün imkanlardan istifadə etdi.

Ancaq əsas məsələ ölkədə sabitliyin yaranması, dağıdılmış iqtisadiyyatın bərpası,  torpaqlarımızın işğalı ilə əlaqədar insanlarda yaranan təşvişi aradan qaldırmaq,  ermənilərin işğalı nəticəsində doğma evlərindən didərgin düşmüş insanların yaşamaları üçün şərait yaratmaq idi. Belə müşkül, həlli vacib məsələlərin yerinə yetirilməsi üçün isə cəbhədə nisbətən sakitliyin, AXC-Müsavat cütlüyündən “miras” qalan özbaşınalığın aradan qaldırılması, sabitlik təmin olunmalı idi. Bu problemlərin aradan qaldırılması üçün atəşkəsə ehtiyac duyulurdu. 1994-cü ilin mayın 12-də  Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş imzalandı, “Bişkek protokolu” qüvvəyə mindi. Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı. Protokolun 5-ci abzasında “tutulmuş ərazilər” sözü “işğal olunmuş ərazilər” ifadəsi  ilə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə “beynəlxalq müşahidəçilər missiyası” olması qeyd olunmuşdu.

Bununla da respublikada  inkişaf üçün  zəmin yarandı, ermənilərin əsassız torpaq iddiası nəticəsində başlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında sülh siyasətinə üstünlük verdiyini bildirən Azərbaycan  problemin danışıqlar əsasında müzakirəsinin tərəfdarı olduğunu bəyan etdi.

 Atəşkəsin imzalanması ilə  ölkədə nisbətən sabitlik yarandı,  müharibə şəraitində yaşayan Azərbaycan üçün ən önəmli məsələ olan  ordu quruculuğu sahəsində islahatlar aparıldı, döyüş bölgələrindəki vəziyyətlə tanış olmaq üçün  səngərlərdə əsgər və zabitlərlə görüşlər keçirən  ulu öndər Heydər Əliyev Ali Baş Komandan kimi ən vacib məqamlara diqqəti artırdı. Formalaşan hərbi hissələrin müdafiə qüdrəti gücləndirildi, silah, sursatla   təchizatına diqqət artırıldı, ən təcrübəli  zabitlər ordu quruculuğu işinə cəlb olundular.

 Zabit kadrları hazırlayan ali hərbi  məktəblər yaradıldı.  Sabitlikdən  istifadə edən Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi olan  və bu gün Azərbaycanın dünya enerji bazarında mövqeyinin möhkəmlənməsinin təməli sayılan “Əsrin müqaviləsi” kimi  möhtəşəm kontrakt imzalandı. Bu  müqavilənin imzalanması ilə  Azərbaycana  ayrılan investisiyalar nəticəsində ölkə iqtisadiyyatı  inkişaf etdi, planlı iqtisadiyyatdan  bazar iqtisadiyyatına keçid  üçün lazımıi islahatlar aparıldı. Bölgələrdə   yeni formalaşan sahibkarlığın əsası qoyuldu, xarici iş adamlarının Azərbaycana sərmayə yatırması üçün tanınmış iri şirkətlərlə danışıqlar aparıldı. Atəşkəsin imzalanması ilə ölkəmizdə sabitlik təmin olundu, Azərbaycana maraq artdı. Müstəqilliyimizin ilk illərində Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər ölkədəki ictimai-siyasi durumun gərginliyindən ehtiyat etdiklərini, bu səbəbdən də investisiya qoyuluşunda tərəddüdlərini gizlətmirdilər. Lakin  atəşkəsin imzalanması ilə  Azərbaycanda sabitliyin, normal biznes mühitinin yaradılması narahatlıq doğuran bu halları aradan qaldırılmaqla ölkəmizin böyük investisiyalar məkanına çevrilməsinə səbəb oldu.  

Yaranan siyasi sabitlikdən sonra reallaşan “Əsrin müqaviləsi” də daxil olmaqla  onlarla sazişin imzalanması Azərbaycanın gələcəyinə olan inamı artırdı, neft strategiyasının əsas tərkib hissəsi olan BTC və BTƏ neft-qaz layihələrini reallaşdırdı. “Cənub Qaz Dəhlizi”, o cümlədən TANAP, TAP kimi layihələrə yol açdı. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycana qaz ixracatçısı kimi də maraqlar artdı. Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsi atəşkəs sazişinin imzalanmasından sonra  ölkəmizdə möhkəmlənən sabitliyin, bunun nəticəsi olaraq mövcud enerji resurslarından səmərəli istifadənin nəticəsidir. Atəşkəs sazişinin imzalanmasından sonra  Azərbaycanın qazandığı nailiyyətlərdən biri də güclü ordu quruculuğu istiqamətində aparılan islahatların uğurla nəticələnməsidir. Tam  əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Ordunun maddi-texniki bazası möhkəmləndirilmiş, dünya və NATO standartlarına uyğunlaşdırılmışdır. Müdafiə Sənayesi Nazirliyinin strukturlarında 1000-dən artıq adda hərbi təyinatlı məhsul istehsal olunur. Diplomatik mübarizədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını mühüm amil kimi önə çəkən dövlətimizin bu istiqamətdə atdığı addımlar göz qabağındadır. Ermənilərin təmas xəttində törətdikləri təxribatlara layiqli cavab verən Azərbaycanın mövqeyini dəstəkləyən beynəlxalq ictimaiyyətin ölkəmizlə həmrəylik nümayiş etdirməsi  diplomatik səylərin dəstəklənməsidir. Ermənilərin  kəşfiyyat  qruplarının  döyüş bölgəsində törətdikləri təxribatların qarşısının hər zaman alınacağını bildirən  Prezident İlham Əliyev haqlı olaraq  vurğulayır ki,  təxribatlar Ermənistan rəhbərliyinin göstərişləri əsasında törədilir və layiqli cəzalarını alırlar. “Biz atəşkəsi pozmamışıq, biz sadəcə olaraq təxribata layiqli cavab vermişik. Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, hələ də  imzaladığı atəşkəsə  əməl etməyən Ermənistan tərəfi təmas xəttində gərginlik yaratmaqla işğalçılığa son qoymaq niyyətində olmadığını göstərir. Amma regionda sabitliyin qorunması üçün səylərini artıran Azərbaycanın sülhsevər siyasətinin qələbə çağırışı ilə  əsl atəşkəs mümkün olacaq. Dünyada heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bütün dünya ictimaiyyəti bilir ki, işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilər Azərbaycanın tarixi torpaqlarıdır və xalqımız işğalla barışmayacaq.

 Azərbaycan xalqı  müdafiə qüdrəti  möhkəmlənən, dünya miqyasında güclü ordular sırasında adı çəkilən Silahlı Qüvvələrimizin şücaətinə tam əmindir. Beynəlxalq hərbi ekspertlərin söylədikləri kimi, təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri güclü ordular sırasındadır. “Biz güclü ordu qurmuşuq. Orduların gücünü müəyyən edən aparıcı reytinq agentlikləri Azərbaycan Ordusunu 50 güclü ordu sırasında görürlər. Biz bunu bilirik və bizim hərbi gücümüz gündən-günə artır” söyləyən Ali Baş Komandanın vurğuladığı  kimi, ordumuz üçün ən müasir silahlar alınır və bu proses davam edir. Ordumuzun gücünü düşmənə subut edən aprel döyüşləri şanlı tariximiz, böyük qələbəmizdir. Həmin döyüşlərdə Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, minlərlə hektar torpağa  artıq Azərbaycan əsgəri  nəzarət edir. Bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır,  ermənilərin işğalçılıq siyasəti nəticəsində  torpaqlarını tərk etməyə məcbur qalan insanlar  yurdlarına qayıdırlar. İşğaldan azad olunmuş ərazilərdə  yeni qəsəbələr salınır, yaşayış  evləri, sosial obyektlər  inşa olunur.  Dirçəliş rəmzimizə çevrilən  Cocuq Mərcanlıda  bərpa olunan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, onu qürurlandırır. Torpaqlarımızın bütünlükdə işğaldan azad olunması üçün Ali Baş Komandanın əmrini gözləyən əsgər və zabitlərimizin hərbi hazırlığı, ölkəmizin müdafiə qüdrətinin NATO standartları səviyyəsində  güclənməsi  əminlik yaradır ki, Cocuq Mərcanlı son olmayacaq.

Amma  atəşkəs imzalanmasına baxmayaraq hər zaman vədinə xilaf çıxan ermənilər bir gün də olsun cəbhə bolgəsində  sabitliyə əməl etmədilər. Gün ərzində iri, xırda çaplı  silahlardan, bəzən isə  daha güclü hərbi avadanlıqlardan istifadə etməklə  atəşkəs rejimində belə təxribatlar törədirlər. Günahsız insanları qətlə yetirən erməni vandalları tarixi abidələrimizə qarşı da  soyqırımı törədib, işğal altında qalan Azərbaycan torpaqlarında ekoloji fəlakət yaratdırlar. Ermənistanın sabiq prezidenti, günahsız azərbaycanlıların qətlində iştirakını etiraf edən qatil Serj Sarkisyanın rəhbərliyi ilə  erməni silahlıları illərdir  atəşkəsi pozurlar. Bu gün də silahlar susmur, cəbhədə atəş səsləri eşidilir. Faşist ermənilərin böyüklərlə  yanaşı,  körpələri də hədəf seçməsi bu millətin qana hərisliyini göstərir.

Ermənistanda  son aylarda başlanan və  faşist, daşnak ideologiyasının təbliğatçısı  Serj Sarkisyanın süqutu ilə  nəticələnən hadisələr göstərir ki,  tam atəşkəsdən danışmaq hələ tezdir. Cəbhədə  gərginliyi artıran Ermənistanın özünün daxili atəşkəsə ehtiyacı vardır. Yeni baş nazir seçilən və ilk gündən Dağlıq Qarabağa səfər etməklə keçmiş iqtidarın işğalçılıq siyasətinə sadiq qalacağını bildirən Nikol Paşinyanın sərsəm iddiaları eşidilməkdədir.  Erməni ekspertlərinin də etiraf etdikləri kimi,  yeni hakimiyyətin Ermənistanı daha miskin vəziyyətə salacağı gözləniləndir. Hələ də  Dağlıq Qarabağ-İrəvan erməniləri arasında davam edən qarşıdurmaları sahmana salmaq gücündə, siyasi hazırlığında olmayan, siyasətdən bixəbər N.Paşinyanın separatçı rejimi tanıyacağı  barədəki vədlərinin heç bir əsası yoxdur. Gözlədikləri nəticəni görə bilməyəcəklərini hiss edən ermənilər başa düşürlər ki,  xalqdan istifadə edərək baş nazir seçilən, yeni iqtidarı  formalaşdırmaqda  çətinlik  çəkən Paşinyanın kreslo həvəsi çox uzun sürməyəcək. Artıq korrupsiyalaşmış ölkəni inhisardan qurtarmaq mümkün deyil. İqtisadiyyatı böhran vəziyyətində, ordusu dağınıq, əhali arasında artan miqrasiyası ilə dünyada ilk sırada yer alan Ermənistanı daha miskin günlər gözləyir.  Heç bir dövlətin,  təşkilatın tanımadığı separatçı rejim “Dağlıq Qarabağ Respublikası”nı tanıyacağını bildirən və qondarma rejimin  erməni icmasının danışıqlarda tərəf kimi iştirakını istəyən Paşinyanın dünya siyasətindən,  beynəlxalq hüquq normalarından belə xəbəri yoxdur. Belə ki,  Dağlıq Qarabağla bağlı danışıqlara əməl etməyərək işğalçılıq siyasətini yeritməkdə israrlı olan Paşinyanı da  sələfi Serj Sarkisyanın aqibəti  gözləyir. Çünki münaqişə ilə bağlı  danışıqların formatı artıq təsdiq olunub. Eyni zamanda Azərbaycan ərazisi olan  “Dağlıq Qarabağ Respublikası”nın danışıqlarda tərəf kimi iştirakı müzakirə mövzusu deyil.

  Prezident İlham Əliyevin bu günlərdə  səsləndirdiyi sözlər Ermənistanın yeni rəhbərliyinə mesajı,  xəbərdarlıqdır: “Münaqişənin digər həlli yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Əgər kimsə başqa cür fikirləşirsə, hesab edirəm ki, o, əbəs yerə illüziyalarla yaşayır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə və qeyd-şərtsiz təmin edilməlidir. Bunu ədalət və beynəlxalq hüquq tələb edir... Biz öz prinsipial mövqeyimizi bundan sonra da gücləndirəcəyik. Azərbaycanın həm beynəlxalq müstəvidə, həm də regionda kifayət qədər imkanları var. Bizim iştirakımız olmadan bölgədə heç bir layihə icra edilə bilməz. Ermənistanda bu reallığı nə qədər tez başa düşsələr, münaqişə o qədər də tez həll edilər və bölgəmizdə sülh təmin olunar.”

Xuraman İsmayılqızı, “İki sahil”