23 dekabr 2017 00:19
1515

Tarixə qızıl hərflərlə yazılan möhtəşəm layihələr

Prezident İlham Əliyev XXI əsrdə nəhəng transmilli layihələri həyata keçirməklə bu layihələri müstəqilliyimizin təminatçısına çevirdi

Tarixi İpək Yolunu bərpa etmək üçün bütün müqavimətlərə və rəqabətə baxmayaraq, Bakı-Tbilisi-Qars dəmir yolu xətti reallaşdırıldı. Eyni zamanda, bu layihə Azərbaycanı Asiyaya və Avropaya polad raylarla bağlamış oldu. Azərbaycanın təşəbbüsü və siyasi iradəsi ilə reallaşdırılan, XXI əsrin unukal layihələrindən olan Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyəni deyil,  bütövlükdə Avrasiya məkanında onlarla ölkə arasında körpü rolunu oynayacaqdır.

Qədim İpək Yolunu polad magistrallarda daha da möhkəmləndirən bu nəhəng layihə Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu Bakı-Tbilisi-Ceyhan neft boru xəttindən sonra Azərbaycan iqtisadiyyatının inkişafına təkan verən ikinci böyük layihədir. Bu nəhəng layihə region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya prosesinin sürətlənməsinə, ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək. BTQ qədim İpək Yolu boyu Avropa ilə Asiya arasında quru ilə sürətli və etibarlı nəqliyyat əlaqəsini təmin edəcək.

Hazırda ölkəmiz Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb kimi regional və qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Aparılan genişmiqyaslı quruculuq işlərinin sayəsində respublikamızı qonşu ölkələrlə birləşdirən bütün magistral yollar müasirləşdirilib, ölkəmizdə altı beynəlxalq hava limanı inşa edilib, təyyarə parkı yenilənib, dəmir yolu infrastrukturunun fəal modernləşdirilməsi prosesi uğurla davam etdrilir. Həmçinin 2018-ci ildə Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı istismara veriləcək. Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri Şərq-Qərb nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilərək yalnız layihədə iştirak edən ölkələrin deyil, bütün regionun inkişafına müsbət töhfə verəcək, dəhlizlərin səmərəliliyinin artırılmasına və onların potensialından maksimum yayarlanmağa şərait yaradacaqdır. TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi olan, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra Şərq-Qərb nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi dəfələrlə artacaq, Asiya ölkələri ilə Avropa arasında yükləri çatdırılma vaxtı əhəmiyyətli dərəcədə qısalacaq.

Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini dəfələrlə artıracaq. Bu dəmir yolunun istifadəyə verilməsindən sonrakı ilk illərdə Azərbaycanın təkcə tranzitdən illik gəlirinin 50 milyon dollar olacağı gözlənilir.

Avropa ilə Asiyanın qovuşağında, möhtəşəm İpək Yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, respublikamızda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır. Ölkəmizin başçısı cənab İlham Əliyev Azərbaycanın yol-nəqliyyat infrastrukturunun ən müasir səviyyəyə qaldırılması istiqamətində görülən işləri daim yüksək qiymətləndirərək bildirir ki, belə infrastrukturların qurulması Böyük İpək Yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir.

30 oktyabr tarixə qızıl hərflərlə yazıldı

Məhz həmin gün Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri iştirak ediblər.

Prezident İlham Əliyev mərasimdə çıxış edərək bildirib ki, Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir: “Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Əlbəttə, bir daha demək istəyirəm ki, bu layihənin həyata keçirilməsi ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olmuşdur. Biz heç bir yerdən heç bir yardım, heç bir kredit almadıq, öz daxili imkanlarımız hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk”.

Türkiyə Prezidenti R. T. Ərdoğan bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun  reallaşdırılması ilə  Azərbaycan, Türkiyə və Gürcüstanın rifahı istiqamətində yeni addım atılır: “Yeni İpək Yolunun bir həlqəsi, Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsi istifadəyə verilir. Artıq Londondan Pekinə qatarlar birbaşa hərəkət edəcək. Türkiyə olaraq son 15 ildə bu istiqamətdə imkanlardan istifadə etmək üçün səylər göstəririk. İstanbulda üçüncü körpü və digər layihələr bunların bir hissəsidir. Həyata keçirdiyimiz layihələrlə Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini artırırıq. Qazaxıstanı Aktau, Türkmənistanı Türkmənbaşı limanı ilə Avropaya bağlayırıq. Bakı-Tbilisi-Qars dəmir yolu 6 milyon ton yük və 1 milyon sərnişin daşıya biləcək. 2030-cu ildə 17 milyon ton yük, 3 milyon sərnişin daşınacaq. Hazırda Çindən Avropaya ildə 240 milyon ton yük daşınır. Bu yükün 10 faizi belə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınsa, bu, 24 milyon ton olacaq”.

BTQ regionun iqtisadi inkişafını böyük töhfələr verəcək,
xalqlar arasındakı dostluğu möhkəmləndirəcək

BTQ iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə oluna bilər. Əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstan olan BTQ Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənir. Bu layihə Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artırır, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldır.  İlkin mərhələdə BTQ-nin buraxılış qabiliyyəti ildə 1 milyon sərnişin və 6,5 milyon ton yükə hesablanıb. Planlaşdırılır ki, daşıma həcmi sonralar 17 milyon ton artacaq və  tədricən 50 mln. tona çatdırılacaq. Sərnişin sayı isə 2 milyon nəfər olacaq. Bakıdan Türkiyənin Qars şəhərinə qədər yolun müddəti 16-17 saat təşkil edəcək. Sonra yol Ankara, İstanbula qədər uzanacaq, Avropa üzərindən La-Manş və Londona keçəcək. Dəmir yolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edəcək. Dəmir yolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmir yolu  Azərbaycan iqtisadiyyatının inkişafında da əhəmiyyətli rol oynayacaq. Azərbaycanın ilk illərdə tranzitdən minimal gəliri 50 milyon dollar təşkil edəcək.

Azərbaycanın siyasi iradəsi ilə reallaşdırılan BTQ-nin istifadəyə verilməsi həm də Ermənistanın nəqliyyat izolyasiyasını gücləndirir. Bu layihə gündən-günə inkişaf edən ölkəmizi qısqananlara, onun reallaşdırılmasına mane olanlara, ən başlıcası isə Ermənistana sarsıdıcı zərbə oldu. Təcavüzkar ölkə çox mühüm bir layihədən kənarda qalmaqla onsuz da acınacaqlı olan iqtisadi vəziyyətini daha da çətinləşdirdi.

Qətiyyətlə demək olar ki, BTQ-nin reallaşdırılması ilə Azərbaycan özünü təkcə neft və qaz hasil edərək ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir. Əlverişli coğrafi mövqeyə və zəngin enerji ehtiyatına malik Azərbaycan bu layihənin reallaşdırılması ilə beynəlxalq səviyyəli tranzit mərkəzə çevrilməklə yanaşı, beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirəcək, ölkəmizin iqtisadi tərəqqisi daha da sürətlənəcəkdir. Regionun iqtisadi inkişafına,  böyük töhfələr verəcək BTQ xalqlar arasındakı bağları gücləndirəcək, ölkələrin rifahı və sabitliyi üçün möhkəm təməllər  yaradacaq.

Çoxşaxəli enerji siyasəti ölkəmizi regional və qlobal əhəmiyyətli aktora çevirib

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin növbəti uğuru 2014-cü il sentyabrın 14-də də Bakıda “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokunun işlənməsi üzrə 2049-cu ilin sonunadək qüvvədə olacaq yeni Sazişin imzalanma mərasimi keçirilməsi oldu.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft və qaz strategiyasının gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Məhz 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”ndən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi, eyni zamanda Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması bir daha nümayiş etdirildi. “Əsrin müqaviləsi”nin bağlanması Azərbaycanın bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı.

Azərbaycanın reallaşdırdığı enerji layihələri Avropa üçün yeni imkanlar açır

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, 2012-ci ildə “Şahdəniz-2” layihəsi üzrə Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi ilə bağlı razılıq əldə edildi. Layihə çərçivəsində hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün mühüm addımlar atıldı, TANAP və Trans-Adriatik (TAP) qaz boru kəmərlərinin inşasına dair sazişlər imzalandı. 2018-ci ildə istismara veriləcək TANAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu qabiliyyətinin 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. 2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün Trans-Adriatik qaz boru kəmərinin seçildiyini elan etdi. Uzunluğu 870 kilometr olan və ilkin olaraq 5,2 milyard ABŞ dolları məbləğində qiymətləndirilən, Cənubi Qafqaz Qaz Kəmərinin və TransAnadolu qaz kəmərinin davamı olan TAP boru kəməri “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.

2014-cü il sentyabrın 20-də isə Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirildi. Mərasimdən sonra təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilən “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməlatma mərasimi keçirildi. Xəzər hövzəsindən neftin və qazın dünya bazarlarına çatdırılması yollarının şaxələndirilməsi Qərbin geosiyasi maraqları baxımından mühüm əhəmiyyət kəsb etdiyindən XXI əsrin bu nəhəng layihəsinə ABŞ və Avropa ölkələri, eləcə də nüfuzlu beynəlxalq maliyyə qurumları güclü  dəstək verirlər.

Növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan artıq sərmayə qoyulacağı gözlənilir.

Bu il sentyabrın 14-də Bakıda “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokunun işlənməsi üzrə 2049-cu ilin sonunadək qüvvədə olacaq yeni Sazişin imzalanma mərasimi keçirildi. Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən tədbirdə “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi Azərbaycan hökuməti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), eləcə də BP, “Chevron”, “İNPEX”, “Statoil”, “ExxonMobil”, “TP”, “İtochu” və “ONGC Videsh” şirkətləri imzaladılar.

Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişə əsasən, BP layihənin operatoru olaraq qalacaq. SOCAR-ın AÇG-dəki iştirak payı isə 1994-cü ildə bağlanmış müqavilədəkindən fərqli olaraq 11,65 faizdən 25 faizə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan artıq sərmayə qoyulacağı gözlənilir.

Prezident İlham Əliyev bildiririb ki,  imzalanan kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var: “23 il ərzində kontraktın icrası da çox uğurlu idi. Bu illər ərzində “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilmişdir. Yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Ancaq bugünkü məlumat, - əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq, - onu göstərir ki, hələ də “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq”.

Ulu öndər Heydər Əliyevin dühasının məhsulu olan  neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi son 14 ildə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsinə, iqtisadi inkişafın davamlılığına və şaxələndirilməsinin sürətləndirilməsinə, yeni müəssisələrin yaradılmasına, minlərlə iş yerinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə böyük töhfələr verib.

Təcrübəli və uzaqgörən dövlət xadimi, Prezident İlham Əliyevin dərin elmi əsaslara söykənən iqtisadi inkişaf strategiyası ölkəmizin tərəqqisini sürətləndirib, cəmiyyətin rifahının yüksəlməsini, iqtisadiyyatın dinamik inkişafıni, Azərbaycanın dövlət müstəqilliyinin və suverliyinin möhkəmlənməsini, respublikamızın xarici ticarət əlaqələrinin genişlənməsini vəbeynəlxalq aləmdə nüfuzunun daha da artmasını təmin edib. Onun rəhbərliyi ilə görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olmasına hesablandığı üçün xalqımız tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır və birmənalı olaraq dəstəklənir. Bəli, Azərbaycan öz Liderinin rəhbərliyi ilə tərəqqi yolunda yeni-yeni nailiyyətlərə imza atır.

Zahid Rza, “İki sahil”