31 oktyabr 2017 23:16
1003

Bakı-Tbilisi-Qars Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur

Son 14 ildə Azərbaycanın tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib. Belə ki, Xəzər hövzəsində ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı Gəmiqayırma Zavodu fəaliyyətə başlayıb. Oktyabrın 30-da  Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə veilməsi isə bu layihələrin miqyasını və əhəmiyyətini  daha da artırıb.

Oktyabrın 30-da BTQ kimi qlobal bir layihənin tarixi açılışında iştirak etmək üçün qonşu ölkələrin rəhbərləri də ölkəmizə səfər ediblər. Xüsusilə regonun böyük və qüdrətli ölkəsi olan qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın BTQ-nin açılışına qatılması bu layihənin nəinki Cənubi Qafqaz, eyni zamanda, Avropa üçün çox strateji əhəmiyyətindən xəbər verir. Bundan başqa, Gürcüstanın Baş naziri Giorqi Kvirikaşvili, Qazaxıstan Respublikasının Baş naziri Bakitjan Saqintayev, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarının nümayəndə heyətləri möhtəşəm layihənin açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, təməli 2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda kəndində qoyulmuş Bakı-Tbilisi-Qars dəmir yolunun uzunluğu 826 kilometrdir. Dəmir yolu xəttinin üzərində 10 stansiya qurulub və qatarların sürətinin saatda 120 kilometrə çatdırılması planlaşdırılıb.

BTQ Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxışını təmin etməsini nəzərdə tutan qlobal layihədir. Bu dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa tranzit xətti əldə edəcək. Azərbaycanlı sərnişinlər həmin qatarla bir günə Qarsa, iki günə  İstanbula çatacaqlar.

 Layihənin beynəlxalq əhəmiyyətini dəyərləndirən Prezident İlham Əliyev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu tarixi və strateji əhəmiyyətli qlobal layihədir: “ Bu dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olmaqla Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevriləcək.” 

İqtisadçılar da hesab edirlər ki, BTQ Azərbaycan iqtisadiyyatının inkişafına Bakı-Tbilisi-Ceyhan neft boru kəməri qədər təkan verəcək ikinci böyük layihədir. Çünki BTQ-nin yük və sərnişin daşımalarından il ərzində ölkə büdcəsinə yüz milyonlarla dollar valyuta daxil olacaq. Bir sözlə, bu layihə region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya prosesinin sürətlənməsinə, ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Gələcəkdə bu xəttə Asiyanın digər ölkələrinin maraq göstərəcəkləri barədə artıq ilkin razılaşmalar da var. Belə ki, Çin və Qazaxıstan kimi inkişaf etmiş Asiya ölkələri bəyan ediblər ki, onlar üçün Avropaya ən səmərəli nəqliyyat dəhlizi məhz Bakı-Tbilisi-Qars dəmir yolu ola bilər. Prezident İlham Əliyev BTQ-nin açılışı zamanı bu barədə bildirib: “BTQ dəmir yolu xətti tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini də birləşdirəcək.”

Ölkə başçısının vurğuladığı kimi, BTQ-nin istifadəyə verilməsi bir daha təsdiq edir ki, Asiyadan Avropaya, Avropadan Asiyaya konteyner daşımalarının həcminin dəfələrlə artması qaçılmazdır. İqtisadi proqnozlara görə, bu dəmir yolu xətti vasitəsilə birinci mərhələdə 5 milyon ton,  sonrakı mərhələdə 17 milyon ton, sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Xüsusilə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları ilə  ildə 1,5 milyon sərnişin daşınacaqdır ki, bu da turizmin inkişafına böyük töhfələr verəcəkdir. Ən başlıcası isə sərnişinlər BTQ- də ən müasir texnoloji üstünlüklərə və komforta malik olan vaqonlardan istifadə edəcəklər.

Ümumiyyətlə, bu, bir gerçəklikdir ki, beynəlxalq iqtisadiyyata inteqrasiyanın ilkin şərtlərindən  biri də genişmiqyaslı, sürətli nəqliyyat  sisteminin qurulmasıdır. Belə bir sistem, eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyinin etibarlı təminatında çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan dövlətinin məhz beynəlxalq təcrübələrdən yararlanaraq etibarlı nəqliyyat sisteminin yaradılmasına yüksək səviyyədə investisiya yatırması son 15 ilin çox mühüm nəqliyyat layihələrindən biridir. Prezident İlham Əliyev açılış mərasimində bu barədə bildirib: “Məhz bu BTQ dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra ölkəmiz Avrasiya məkanının mühüm tranzit qovşaqlarından birinə çevriləcək. Eyni zamanda, BTQ-nin fəaliyyətə başlaması ilə ölkəmiz Avrasiyada regionlararası ticarətə yeni inkişaf imkanları qazandıracaq.”

BTQ-nin digər mühüm iqtisadi üstünlükləri ondan ibarətdir ki, bu dəmir yolundan istifadə edən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, əməkdaşlıq dərinləşəcək, ölkələr bir-birinə daha yaxın olacaq. Prezident İlham Əliyev məhz bu məqamı xüsusi dəyərləndirərək bildrib: “BTQ-nin uğurlu fəaliyyəti iştirakçı ölkələrin geosiyasi əhəmiyyətini artıracaq. Bu yol bölgədə sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək.”

Burada digər önəmli bir nüansı qabarmaq lazımdır ki, məhz Bakı-Tbilisi- Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi, Bakı Tbilisi Qars dəmir yolu xətti də rəsmi Bakının güclü siyasi iradəsi nəticəsində reallaşdı. Azərbaycan dövlətinin gücünə və iqtisadi potensalına güvənən qonşu ölkələr  Gürcüstan və Türkiyə ölkəmizin sahiblik etidyi bu layihəyə dəstək verdilər. Hər üçü ölkənin birgə səyləri, əməkdaşlıq və etimad mühiti BTQ ilə bağlı qarşıya qoyulan hədəflərə çatmaq imkanı verdi.

Prezident İlham Əliyev bu ölkələr arasındakı dostluq və qardaşlıq münasibətlərinin inkişafından razı qaldığını bildirərək vurğulayıb ki, Azərbaycan, Gürcüstan və Türkiyə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər, bir-birlərini dəstəkləyirlər, özləri və  dünya üçün önəmli olan layihələri icra edirlər: “Məhz hər üç ölkənin əməkdaşlığı sayəsində 2006-cı ildə böyük tarixi əhəmiyyətə malik olan və Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft,  2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri  inşa edilmişdir. Eyni zamanda, dünya miqyaslı, Avropanın ən böyük infrastruktur layihələrindən biri olan “Cənub Qaz Dəhlizi” də məhz Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrin birgə fəaliyyəti nəticəsində yaradılır. Regional əməkdaşlığa ən böyük töhfə verən  Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaq, bir-birini dəstəkləyəcəklər.”

BTQ-nin istifadəyə verilməsi eyni zamanda Avropa ölkələri üçün də iqtisadi dividendlər vəd edir. Hazırda Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində də iş aparılır. Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcəkdir. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək, o cümlədən Avropanı da əhatə edəcək.

Ümumiyyətlə, Azərbaycan dövlətinin nəqliyyat sahəsinə ayırdığı önəmli diqqətin nəticəsidir ki, bu gün ölkəmiz nəqliyyat-tranzit imkanlarına görə də regionda liderdir.  2004-cü ildən bu günə qədər Azərbaycanda 11 min kilometr avtomobil yolu tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı, eyni zamanda, Xəzər dənizində ən böyük dəniz donanması (270 gəmi) var və onlar  yükdaşımalarının təşkilində önəmli paya sahibdirlər.

Bir sözlə, son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna qoyulan iri həcmli sərmayələr nəticəsində çox güclü nəqliyyat infrastrukturu yaradılıb Məhz həmin infrastruktur nəqliyyat daşımalarına görə, həm ölkə, həm bölgə və həm də dünya üçün böyük əhəmiyyət kəsb edir.

Elçin Zaman, “İki sahil”