17 fevral 2016 00:44
823

İranın yeni rolu: regional və qlobal kontekst

Onların əksəriyyəti Tehran üçün faktiki olaraq yeni mərhələnin başladığını bildirirlər. Burada İranın regional və qlobal səviyyədə oynaya biləcəyi rola diqqət çəkilir. İranın dövlət başçısının İtaliya, Fransa və Çinlə imzaladığı müqavilələrin iqtisadi əhəmiyyəti ilə bərabər geosiyasi mənası da vurğulanır. Söhbət böyük həcmli layihələrin həyata keçirilməsindən gedir. Bunlarla yanaşı, Qərb ölkələri arasında İranla bağlı vahid mövqe müşahidə edilmir. Xüsusilə Amerika avropalı tərəfdaşlarını bəzi məsələlərə diqqət etməyə çağırır. Bunun fonunda İranın 100 milyard dollar həcmində olan maliyyəsinin sərbəstləşməsi prosesi gedir. Artıq onun 23 milyardı konkret layihələr üzrə transfer olunmaqdadır. Bütün bunlar İranın dünyadakı mövqeyinə necə təsir edə bilər?

Sanksiyaların ləğvi: eyforiya ilə reallıq arasında

Sanksiyalar aradan qaldırıldıqdan sonra İranla bağlı bir siyasi-ideoloji eyforiya müşahidə edildi. Tehranın xarici siyasətində hansısa nəhəng dəyişmələrdən bəhs edənlər oldu. İrana geosiyasi olaraq yaxın olan ölkələrin kütləvi informasiya vasitələrində çoxlu sayda "analitik" yazılarda İran təkcə Yaxın Şərqin əsas dövləti kimi deyil, həm də "Avropanın qızıl zəmini" kimi də təqdim edildi. Təbii ki, bunlar başadüşüləndir. Lakin o da reallıqdır ki, İranın regional və dünya iqtisadi-siyasi mühitinə qayıdışı təsirlidir.

Bu tezis həm ölkənin daxili siyasi vəziyyəti, həm də qlobal miqyaslı geosiyasi, iqtisadi və maliyyə böhranları kontekstində konkret məzmun kəsb edir. Prezident Həsən Ruhaninin bir sıra Avropa ölkələrinə səfəri həmin müddəanın əsassız olmadığını təsdiq etdi. Məsələ ondan ibarətdir ki, Tehran Roma və Parislə milyard dollar həcmində sazişlər imzaladı. Bunlar əsasən enerji, texnologiyalar və nəqliyyat sahəsinə aiddir (bax: Успешное возвращение Ирана в Европу / "Iran.ru", 29 yanvar 2016).

Bundan başqa, İranın Türkiyədəki səfiri Əli Rza Biqdeli bir neçə dəfə ifadə edib ki, iki ölkə arasında iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq imkanları genişdir. Xüsusilə qaz sahəsində yeni addımların atılması gözlənilir (bax: Türkiye İran arasında yeni dönem / "Habertürk", 3 fevral 2016).

İran-Çin əlaqələrinin sürətlə inkişaf etdirilməsi barədə bu ölkələrin rəhbərləri qarşılıqlı razılıq əldə ediblər. Bunun real əsasları var. Belə ki, 1997-ci ildən bu yana tərəflər arasında ticarət dövriyyəsində artan temp müşahidə edilib. Bu göstərici 1997-ci ildə 12 milyard dollar, 2009-cu ildə 28, 2012-də 36, 2013-də 40, 2015-də isə 51 milyard dollar həcmində olub (bax: Иран-Китай: Грандиозный дипломатический прорыв / "Iran.ru", 25 yanvar 2016).

Çinin dövlət başçısının İrana səfəri zamanı isə 17 müqaviləyə imza atılıb. Yayılan informasiyalara görə, onlar çox böyük maliyyə həcmini əhatə edirlər. Hətta tərəflər 2025-ci ilə qədər ticarət dövriyyəsini 600 milyard dollara çatdırmaq niyyətində olduqlarını da bəyan ediblər (bax: əvvəlki mənbəyə).

İran ənənəvi olaraq yaxın əlaqələrdə olduğu Rusiya ilə də münasibətləri yeni səviyyəyə yüksəltmək xətti seçib. Artıq Tehran Türkiyə mallarının Rusiyaya reeksport edilməyəcəyi haqqında rəsmi təminat verib. Bundan başqa, Tehran Moskvadan həm böyük məbləğdə kredit alır, həm də müxtəlif sferalarda əməkdaşlığı inkişaf etdirməkdə qərarlıdır.

O cümlədən enerji və nəqliyyat sahəsində əlaqələrdə inkişaf nəzərdə tutulub. Bununla yanaşı, İran biznes maraqlarını da güzəştə getmək fikrində deyil. Bu səbəbdən Rusiyada hesab edirlər ki, İran bazarında onların güclü rəqibləri meydana çıxacaq və bununla razılaşmaq lazım gəlir. Məsələn, indi Tehran Rusiyadan təyyarə və tank almaq istəmədiyini bəyan edib. Əvəzində, Fransadan sərnişin təyyarələri almaq haqqında razılıq əldə olunub, tanka olan ehtiyacı isə yerli istehsal hesabına ödəmək qərara alınıb (bax: Тегеран вдохнул жизнь в бизнес Старого Света / "Независимая газета", 26 yanvar 2016; Иран отказался от закупки российских танков Т-90 / "Ведомости", 2 fevral 2016).

"Yeni dönəm" iddiası: perspektiv görünürmü?

Nəhayət, rəsmi Tehran Amerika ilə texnologiyalar sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib. Lakin hələlik burada müəyyən maneələr mövcuddur ki, onların aradan qaldırılması lazım gəlir. Avropa şirkətləri isə İrana sərmayə qoymağa hazırdırlar. H.Ruhaninin İtaliyaya səfəri zamanı "Saipem", "Danieli", "Condotte", "Coet" və başqa şirkətlər konkret əməkdaşlıq planı təklif ediblər. Nəzərə alaq ki, bunlar müxtəlif sahələri – sənaye, boru istehsalı, su infrastrukturu və tikintini əhatə edir. Deməli, söhbət geniş əməkdaşlıq layihələrindən gedir (bax: Успешное возвращение Ирана в Европу / "Iran.ru", 29 yanvar 2016).

Bunlardan başqa, KİV-də verilən informasiyalara görə, bir avropalı məmur deyib ki, "Eni", "Enel Ferrovie dello Stato", "Gavio" və "Fincantieri" kimi nəhənglər "Tehranla əməkdaşlıq üçün sıraya düzülüblər" (bax: əvvəlki mənbəyə). H.Ruhaninin Romada 15 milyard ABŞ dolları həcmində müqavilələr imzalaması fonunda bu fikir inandırıcı görünür.

Yuxarıda vurğuladığımız kimi, İran prezidenti Fransa ilə də geniş əlaqələri nəzərdə tutan sazişlərə nail ola bilib. Fransa İrana 114 "Airbus" təyyarəsi satacaq. Fransanın "Peugeot-Citroеn" avtomobil şirkəti ilə İranın "Khodro" şirkəti birgə avtomobil istehsal etmək haqqında razılığa gəliblər. Dəmiryolu sahəsində keyfiyyətcə yeni səviyyədə əlaqələr yaratmaq nəzərdə tutulub. Bütün bunları ekspertlər İranla Fransa arasında "yeni dönəm" kimi qiymətləndirirlər (bax: əvvəlki mənbəyə).

Göründüyü kimi, rəsmi Tehran 35 illik embarqoların vurduğu ziyanı sürətlə aradan qaldırmaq kursunu seçib. Onun bu aktivliyinə, əsasən, ABŞ-la geosiyasi maraqları uyğun gəlməyən böyük dövlətlər – Çin və Rusiya dəstək verirlər. Avropanın da bir sıra ölkələri Tehranla əlaqələrin inkişafına ciddi maraq göstərirlər. Bunların sırasında Fransa, Almaniya və İtaliya kimi dövlətlər var. Böyük Britaniya İranın da daxil olduğu yeni beynəlxalq bankda ortaqlardan biridir.

Bu, Amerika ilə Avropa arasında geosiyasi narazılığa səbəb ola bilərmi? Bu suala indi birmənalı cavab vermək çətindir, lakin artıq KİV-də müəyyən mənada informasiya savaşı gedir. Məsələn, İran prezidentinin Fransaya səfəri zamanı Amerikanın "Associated Press" agentliyi ballistik raket istehsalına görə Parisin İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı Brüsselə müraciət etdiyi haqqında informasiya yaymışdı. "Reuters" isə dərhal yaydığı məlumatda bunun yalan olduğunu bildirdi və hətta Fransa xarici işlər nazirinin bundan xəbərinin olmadığını göstərən informasiya getdi (bax: əvvəlki mənbəyə).

Hiss olunur ki, İranın müxtəlif ölkələrlə iqtisadi, maliyyə, texnologiya və enerji sahəsində müqavilələr imzalaması artıq onun qlobal və regional rolunun dəqiqləşdirilməsini tələb edir. Qərbin bu məsələdə sanki vahid mövqeyi yoxdur. ABŞ hələlik ehtiyatla davranır, Tehrandan müəyyən şərtlərin yerinə yetirilməsini tələb edir. İsrailin mövqeyində də heç bir dəyişiklik yoxdur.

Avropanın bir sıra ölkələri isə İrandan Yaxın Şərqdə bir çox sahələri əhatə edən balansı saxlamaq üçün istifadə etməyə çalışırlar. Bu, ilk növbədə, iqtisadi böhrandan xilas olmaqda Tehranın potensialından yararlanmağı və İran-Səudiyyə Ərəbistanı-Türkiyə münasibətləri xəttində Avropa maraqlarının gözlənilməsini ehtiva edir.

Bu bağlılıqda Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerin aşağıdakı fikri diqqəti çəkir. O deyib: "Almaniya İranın Yaxın Şərqdə situasiyanın sabitləşməsində iştirakını zəruri hesab edir... Bizə İran ixtilafları yatırtmaqda və böhrana düçar olmuş bu regionun bərpa edilməsində lazımdır. Və mən ümid edirəm ki, İran buna hazırdır" (bax: əvvəlki mənbəyə). Onu deyək ki, 2015-ci ildə ilk olaraq Tehrana səfər edən məhz Almaniyanın iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel olmuşdur. O zaman bu ölkənin Federal Ticarət-Sənaye Palataları Birliyinin başçısı Erik Şvaytser bəyan etmişdi ki, alman şirkətləri İran bazarlarına qayıdanların birinciləri olmalıdırlar.

Bütün bunlara əsaslanaraq bir sıra ekspertlər İranın yeni regional və qlobal rolundan danışırlar. Onlar hesab edirlər ki, rəsmi Tehranın bu istiqamətdə geniş imkanları vardır. Ümid edilir ki, İran qarşısında duran bir sıra maneələri aşıb öz rolunu yerinə yetirəcək (bax: məs., Новая мировая и региональная роль Ирана / "Iran.ru", 26 yanvar 2016).

Bizcə, bu məsələdə konkret proqnoz verməkdə tələskənlik müsbət hal deyil. İndi mövcud olan bir sıra ziddiyyətlərin necə aradan qaldırılacağı məlum deyil. Həm də Moskva və ya Pekinin xoşuna gəlsə də, gəlməsə də, İranla yanaşı regionda başqa böyük dövlətlər də var ki, onları nəzərə almamaq sadəlövhlükdür. Ancaq o da qəbul edilməlidir ki, İranın dünya siyasətində iştirak imkanlarının artması Yaxın Şərqdə qüvvələr nisbətinə yeni dinamika verə bilər. Onun hansı istiqamət alacağını və özü ilə nə kimi məzmun çalarlarını gətirəcəyini isə zaman müəyyənləşdirəcək.

Newtimes.az