18 may 2018 23:08
2587

Azərbaycan Ordusu dünya miqyasında ən güclülər sırasında

Ordu quruculuğu ilə bağlı ilk addımı Naxçıvan MR Ali Məclisinin sədri olarkən atan, birinci sərhəd dəstəsini yaratmaqla yüz illərlə imperiya əsgərinin “qoruduğu” torpaqlarımızı öz hərbçilərimizə əmanət edən ulu öndər Heydər Əliyev inanırdı ki, vaxt gələcək Azərbaycan Silahlı Qüvvələri qüdrəti, hərbi hazırlığı ilə şöhrətlənəcək. Bunun üçün zəmin də hazırladı.

Muxtar respublikanı erməni işğalından qoruyan Ulu Öndərin səyi ilə  150 ildən artıq bir müddətdə “sərhədlərimizi qoruyan” SSRİ-nin 41-ci sərhəd dəstəsinin və 75 saylı mexanikləşdirilmiş moto-atıcı diviziyanın muxtar respublikanın ərazisindən çıxarılması barədə qərar qəbul etməklə arzusunun reallaşması istiqamətində ilk addımını atdı. Azərbaycanda “qızıl ordu” hissələrinin qaldığı bir vaxtda Naxçıvanda belə bir cəsarətli addımın atılması, rus ordusuna məxsus silah- sursatın, əmlakın, mülki texnikanın yeni yaradılan Milli Orduya və Azərbaycanın I Sərhəd Dəstəsinə təhvil verilməsi yalnız düşünülmüş, ağıllı siyasətin nəticəsində mümkün ola bilərdi. Məhz o illərdə yaradılan Naxçıvanın inkişafı və müdafiəsi fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə sərf edildi. 1993-cü ildə hakimiyyətə qayıdaraq Azərbaycanı yox olmaq, parçalanmaq təhlükəsindən qoruyan Ulu Öndərin diqqət göstərdiyi əsas məsələ ölkənin müdafiə qüdrətinin möhkəmlənməsi, nizami ordunun yaradılması oldu.

Onun qətiyyəti ilə  pərakəndə vəziyyətdə olan Silahlı Qüvvələr nizami ordu kimi formalaşdı, AXC-Müsavat iqtidarı dövründə  müxtəlif partiyalara xidmət edən könüllü dəstələrin “siyasiləşmə oyununa” çevrilməsinə son qoyuldu. 

 Ordu quruculuğunda əsaslı islahatlar aparıldı, nizami silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Yenicə formalaşmasına baxmayaraq müdafiə sahəsində müəyyən təcrübə toplamış ordumuzun köməyi ilə qısa müdətdə Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri Ermənistanın işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan Ordusunun əlinə keçdi.

Belə təməl əsasında formalaşan ordumuz regionda siyasi sabitliyin təmin olunmasına, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsinə tam hazırdır. Azərbaycan Silahlı Qüvvələri bu gün  NATO standartlarına uyğundur və nizam-intizamı yüksək səviyyədə olan ordumuzun hərbi sursat və  avadanlıqlarla təchizatının daim diqqət saxlanılması həm də iqtisadi qüdrətimizin göstəricisidir.

Bu günlərdə Naxçıvan MR səfəri zamanı müxtəlif sənaye, təhsil müəssisələrinin açılışında iştirak edən Prezident İlham Əliyev  ölkəmizin müdafəsi üçün strateji əhəmiyyətə malik muxtar respublikanın  təhlükəsizliyinin təminatı üçün yaradılan şəraitlə də tanış oldu.  Ulu Öndərin min bir əziyyətlə yaratdığı Sərhəd Dəstəsində və milli orduda müşahidə olunan vəziyyət isə sevindiricidir.

Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsindəki Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində, Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olan Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, muxtar respublikanın müdafiə potensialı və gücünün artması üçün hərbi avadanlıqlarla təchizata bundan sonra da diqqət artırılacaq. Silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olan Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, dünyanın ən güclü 50 ordusu arasında yer alan ölkədə Silahlı Qüvvələrin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsi və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulması daim diqqət mərkəzində saxlanılır. Ölkəmizdə yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində ən mühüm islahatlar həyata keçiriləcək.

Son illərdə güclü hərbi potensialın təkmilləşdirilməsinin nəticəsidir ki, Azərbaycan Ordusunun adı dünya miqyasında güclülər sırasına daxil edibdir. Beynəlxalq hərbi ekspertlərin də etiraf etdikləri kimi,  müdafiə qüdrəti artan Azərbaycanın reytinqinin yüksək səviyyədə olmasını aprel döyüşləri də təsdiqlədi.

 Respublikamızda keçirilən genişmiqyaslı hərbi təlimlər də Azərbaycan Ordusunun gücünü göstərir, təxribatlar törədən düşməni qorxuya salır. “Ordu quruculuğu bu gün də bizim üçün prioritet məsələdir, sabah da prioritet məsələ olacaq. Biz son illər ərzində güclü hərbi potensial yarada bilmişik, o potensial ki, bu gün Azərbaycan Ordusunu dünya miqyasında güclü ordular sırasına daxil edibdir. Bunu beynəlxalq məsələ ilə məşğul olan bütün qurumlar və reytinqlər təsdiqləyir. Biz bundan sonra da ən müasir silah, sursat, texnika alacağıq ki, daim hərbi üstünlük təmin edilsin, necə ki, bu gün bu, təmin edilir” söyləyən cənab İlham Əliyev onu da əlavə edir ki, müdafiə qüdrətimizin daha etibarlı təminatı üçün ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir. Dövlət büdcəsindən ayrılan müdafiə xərclərinin artırılması, təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından Azərbaycan Ordusu gücləndirilir.  Müdafiə qüdrətimizin möhkəmlənməsi, Ermənistan üzərində üstünlüyümüz aprel döyüşləri zamanı düşmənə, işğalçını dəstəkləyən qüvvələrə tarixi dərs oldu.

2016-cı ilin aprel hadisələri göstərdi ki, başqalarının himayəsi ilə “qüdrətli orduya” malik olduğu mifini yaradan işğalçı Ermənistan Azərbaycanın  rəşadətli ordusu qarşısında acizdir. Hazırda da atəşkəsi gün ərzində dəfələrlə pozan Ermənistanın dağınıq ordusu  yüksək mənəvi-psixoloji durumu, təchizatı və nizam- intizamı ilə fərqlənən fədakar Azərbaycan əsgərinin gücünə bələddir. Ordumuzda vətənpərvərlik ruhu yüksək olduğu kimi hərbi hazırlıq məsələləri də daim diqqətdə saxlanılır. Ağdərənin, Fizulinin, Cəbrayılın işğaldan azad olunmuş ərazilərində, Lələtəpədə üçrəngli bayrağımızın dalğalanması əsgərlərimizin qələbə əzmini artırır. Müasir tələblərə uyğun ordu formalaşdırmaq üçün NATO ilə əməkdaşlığı gücləndirən Azərbaycanda ordu quruculuğu istiqamətində islahatlar dünya təcrübəsindən yararlanmaqla davam etdirilir. Hərbi hissələrin modernləşməsi, ən müasir silahlarla təchiz olunması üçün modern silahlar alınır, əsgər və zabitlərin mənzil- yaşayış şəraiti yaxşılaşdırılır. “Qeyd etdiyim kimi, ordu quruculuğu bizim üçün prioritet məsələdir və Həmin döyüşlərdə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad olunması, minlərlə hektar torpağa Azərbaycan əsgərinin nəzarət etməsi böyük qələbənin qaçılmaz olduğunu göstərdi. Artıq bu torpaqlara həyat qayıdır, işğaldan azad olunan ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır, yeni qəsəbələr salınır. Bu hərbi qələbə ordumuzun qüdrətini, əsgərlərimizin şücaətini, xalqımızın gücünü, yenilməz ruhunu göstərir. Artıq Ermənistan, işğalçını dəstəkləyən ermənipərəst qüvvələr də əmindirlər ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Döyüş ruhu hər zaman yüksək olan əsgərlərimiz torpaqlarımızı azad edəcək” söyləməklə “Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilibdir. Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, onu qürurlandırır” deyən Prezident İlham Əliyev ermən vandallarının dağıtdığı kənd və şəhərlərimizin də azad olunacağını, yenidən qurulacağını bildirir.

Azərbaycanın hərbi qüdrətini görən düşmənin silah sursatlarını atıb döyüş bölgəsindən qaçması Ermənistan ordusu barədə hakimiyyətinin yaratmağa çalışdığı “möhtəşəmlik”, küçələrdən hakimiyyətə gələn baş nazir Nikol Paşinyanın separatçı rejim “Dağlıq Qarabağ Respublikası”na qeyri-qanuni səfəri, münaqişə ilə bağlı sərsəmləmələri işğalçını qorxudan panikadan başqa bir şey deyildir. Respublikamızda Müdafiə Sənayesi Nazirliyinin yaranması, beynəlxalq sərgilərdə iştirakımız, hərbi ekspertlərin “Azərbaycan markası” ilə istehsal olunan avadanlıqlara artan marağı Ermənistanla müqayisədə üstünlüyümüzü təsdiqləyən amillərdən bir neçəsidir. Silahlı Qüvvələrimizin döyüş hazırlığı, ordumzda mövcud olan nizam-intizamın möhkəmliyi də qələbə əzmini artırır. “XXI əsrdə müharibələr zamanın tələb etdiyi kimi, daha çox texnologiyalar, biliklər üzərində qurulacaqdır” tələbinə uyğun olaraq Azərbaycan Ordusunun son illərdə əldə etdiyi ən müasir, dəqiqliyə və çox böyük məhvetmə gücünə malik olan silahlara, döyüş və nəqliyyat helikopterinə, hava hücumuna qarşı ən müasir artilleriya qurğularına, zirehli maşınlara malik olması düşmənin istənilən nöqtəsini məhv etməyə qadir ordumuzun gücünü göstərir. Müdafiə qüdrətimizin daha da möhkəmlənməsi üçün hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitlər üstünlük təşkil edir. Bu da bəllidir ki, iqtisadiyatı bərbad olan Ermənistanla müqayisədə Azərbaycan gündən-günə güclənir,  dünyada mövqeyi müqayisə edilməz dərəcədə möhkəmlənir. Düşməni istənilən istiqamət üzrə bir neçə dəfə, bəzi istiqamətlər üzrə dəfələrlə üstələyən Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Ən başlıcası isə dominat, forpost Ermənistandan fərqli olaraq Azərbaycan müstəqil siyasəti ilə dünya birliyində yüksək mövqe tutan ölkə kimi də tanınır.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini müdafiə edən beynəlxalq ictimaiyyətin ölkəmizlə həmrəylik bildirməsi Ermənistana siyasi zərbə olmaqla bir dövlət kimi mövcudluğuna da şübhə yaradır. Daha təkmil orduya nail olmaq üçün kadr hazırlığına diqqət artırılır. Hərbi istiqamətli ali məktəblərdə milli kadrlar hazırlanır.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Silahlı Qüvvələri Milli Ordu, Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.

Bu gün Azərbaycanda mindən artıq adda hərbi təyinatlı məhsul istehsal edilir və bu da ordumuzun təchizatı üçün əvəzolunmaz haldır. Ordumuz üçün lazım olan ləvazimat, avadanlıq, texnika, mərmilər, patronlar Azərbaycanda istehsal edilir. Son illərdə  hərbi avadanlıqların idxalı da xeyli azalıb. Ancaq yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik müasir silah-sursat, döyüş helikopterləri, döyüş təyyarələri alınır. Hərbi məhsullarımızın ixracı, Azərbaycan dünyanın aparıcı beynəlxalq hərbi sərgilərində öz məhsullarını nümayiş etdirməsi ölkəmizin hərbi potensialının göstəricisidir. 2014 və 2016-cı illərdə Bakıda “ADEX” beynəlxalq hərbi müdafiə sərgilərinin təşkili Azərbaycanda ordu quruculuğuna yüksək səviyyədə göstərilən maraq və diqqətin ifadəsi idi. İşğalçı Ermənistanın miskin əsgərinin işğal etdiyi torpaqlarımızda qazdığı səngərlərdə Azərbaycan əsgərinin oturması və o səngərlərdən böyük bir əraziyə nəzarət etməsi qazanılan üstünlüyümüzdür.

“Nəinki Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulubdur. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, “kim güclüdür, o da haqlıdır prinsipi” ilə idarə olunan dünyamızda güc amili əsas prinsipdir. Azərbaycanın güclü iqtisadiyyatı, sabitliyi, maliyyə baxımından başqa ölkələrdən asılı olmaması da göstərir ki, heç bir kənar qüvvə qüdrətli Azərbaycana öz iradəsini diktə edə bilməz.

Xuraman İsmayılqızı, “İki sahil”