KÖŞƏ

Taleh Turqut

“Milli Şura”nın antimilli kampaniyası iflasa məhkumdur

23 dekabr 2016 23:35
1448

AXCP və özünü “Milli Şura” adlandıran qurum antimilli fəaliyyətindən əl çəkmir. Xalqın inamını və dəstəyini qazana bilməyən bu siyasi qruplaşma çıxış yolunu xarici antiazərbaycan qüvvələrə xidmət etməkdə görür.

AXCP sədri Əli Kərimli müxtəlif üsullarla aldadaraq yanında saxlamağa nail olduğu bir ovuc gənclə guya Azərbaycanda demokratiya uğrunda mübarizə aparan “əsas müxalifət” imicini yaratmağa çalışsa da bu imkanlardan da məhrum olub. Cəmiyyətin etimadını qazana bilməyən “Milli Şura” özünü sağ millətçi adlandırsa da çirkin siyasi oyununu davam etdirmək üçün radikal dini ünsürlürlə birləşməkdən çəkinmədi. Ə. Kərimli “siyasətdə hər yol qəbulediləndir” prinsipi ilə əslində siyasətə dəxli olmayan üsullardan istifadə etmək rəzilliyindən əl çəkmədiyini bir daha nümayiş etdirdi.

Bir il əvvəl Nardaranda bir qrup dini ekstremist tərəfindən törədilən cinayət əməllərini dəstəkləməklə “Milli Şura” əslində hansı məzhəbə qulluq etdiyini açıq büruzə verdi. AXCP və onun yedəyi olan “Milli Şura” adlandırılan qurumun həmin dövrdə Nardaranda dövlət çevrilişinə cəhd etmiş bir qrup dini radikalla iş birliyinin yeni detalları ifşa olunmaqdadır. Hadisə ilə bağlı davam edən məhkəmə prosesində AXCP-nin rəhbərliyində təmsil olunan üzvlərinin həmin dəstə ilə ideoloji işbirliyində olması təksibolunmaz faktlarla öz təsdiqini tapır. Buna baxmayaraq, qurum öz xislətinə sadiq qalaraq bu prosesdən də siyasi şou yaratmaq niyyətini gizlətmir. Bu çirkin kampaniyada özünün xaricdəki havadarlarına da yeni-yeni “donoslar” ötürməkdədir. Ölkəmizə qarşı hər zaman özünəməxsus “diqqətini” gizlətməyən bu qüvvələr isə yerli “5-ci kolon”unu tək buraxmaq fikrində deyil...

Sözügedən məhkəmə prosesində dünyəvi, konstitusion quruluşun silahlı üsyan yolu ilə dəyişdirilməsi cəhdi üzrə faktların sübuta yetirilməsi, ölkə ictimai rəyinin baş verənlərə obyektiv reaksiyası həmin hadisələrdə maraqlı olan xarici dairələri yenidən hərəkətə keçməyə sövq edir. AXCP və “Milli Şura” rəhbərliyi ağalarından aldıqları sifarişə uyğun olaraq Azərbaycanın dövlət strukturlarını haqsız mühakimə etmək, məhkəmə hakimiyyətini gözdən salmaq kampaniyasına yenidən başlayıb. Öz çirkin məqsədi üçün heç nədən çəkinməyən “Milli Şura” iftira və yalanlarla dolu müraciətini Azərbaycan ictimaiyyətinə və beynəlxalq birliyə ünvanlayıb. Bu müraciətlər antiazərbaycan kampaniyanın tərkib hissəsidir.

 Qeyd edək ki, onlarının bu müraciətinin məhz indi səsləndirilməsi təsadüfi deyil. Xatırladaq ki, bir müddət əvvəl antiazərbaycan qüvvələrin G. Lomsadze, R. Vinsent kimi nümayəndələri ölkəmizə qarşı qarayaxma kampaniyasını fəallaşdırmışdılar. Bununla yanaşı, silahlı üsyan cəhdinin “baş qəhrəmanları” Tale Bağırov və Abbas Hüseynov isə məhkəməyə qarşı misli görülməmiş tərbiyəsizliyə yol verərək prosesi pozmağa cəhd etmişlər. Bu məqsədlə əvvəlcədən xüsusi “vəkillər” komandası da seçilmiş və onlara ssenariyə uyğun davranmaq tapşırılmışdır.

 Bütün baş verənlər bir daha göstərir ki, AXCP və onun “filialı” olan “Milli Şura” özünün hakimiyyət ambisiyalarını istənilən qüvvənin köməyi ilə reallaşdırmağa hazırdır. Onların Nardaran hadisələri vaxtı xüsusi canfəşanlıq etmələri də təsadüfi deyil, bu niyyətin təzahürü idi. AXCP rəhbərliyi sosial şəbəkələrdə radikal çıxışları dəstəkləyir, teokratik rejim qurulması çağırışlarının “demokratiyaya zidd olmadığı” haqda ağlasığmaz tezislər ortaya atırdı.

Partiyanın bu il təşkil etdiyi mitinqlər bir daha göstərdi ki, faktiki olaraq dünyəvi-demokratik inkişaf tərəfdarı olan elektorat arasında öz sosial dayağını itirən AXCP aksiyalarına əsasən radikal dindarları, ekstremist ünsürləri, xarici dairələrin emissarlarını cəlb etmiş, destruktiv fəaliyyətini  Azərbaycanda teokratiya qurulmasını tələb edən xarici media resursları vasitəsilə həyata keçirmişdir.

Lakin hər kəsə gün kimi aydın olan həqiqətdir ki, Azərbaycan hüquqi, demokratik dövlətdir, ölkədə qanunun üstünlüyü təmin edilmişdir. Hüququn aliliyi, məhkəmə hakimiyyətinin üstünlüyü təmin edilmişdir. Buna görə də kiçik bir qrupun, xalq arasında özünü ifşa etmiş şəxslərin böhtan və yalanlarına özlərindən başqa heç kəs inanmır. Xalqın inamını itirən, onun maraqlarına cavab verməyən bütün fəaliyyətlər iflasa məhkumdur. Belə ünsürlərin cəmiyyət tərəfindən dəstəklənməsi sadəcə olaraq mümkün deyil.