KÖŞƏ

Taleh Turqut

“Molla Şura”sının “öpüş mitinqi”

11 aprel 2017 23:19
1462

Aprelin 8-də özünü “Milli Şura” adlandıran qurumun keçirdiyi “mitinq” mitinqdən daha çox piket xarakteri daşıyırdı. Baxmayaraq ki, “Milli Şura”nın faktiki lideri olan AXCP sədri Əli Kərimli və onun azsaylı tərəfdarları “mitinq”də guya minlərlə insanın iştirak etməsi barədə sosial şəbəkələrdə yalanlar uydururlar, rəsmi dövlət orqanlarının yaydığı məlumatda orada 1500-ə yaxın insanın toplandığı bildirilib. Lakin “mitinq”də iştirak edənlərin bir qismi vurğulayırlar ki, iştirakçıların sayı bundan da az olub. Toplananların bir qisminin media təmsilçiləri və digər izləyiciləirin (vətəndaş cəmiyyətləri və s.) olduğunu nəzərə alsaq həqiqətən də “mitinq”də “Milli Şura” tərəfdarlarının təqribən minə yaxın olduğunu qəbul etmək olar.

Əlbəttə, tədbirin təşkilatçıları, iştirakçıları və digər faktların mahiyyəti orada iştirak edənlərin sayının müzakirə olunmasını bir qədər əhəmiyyətsiz edir. Nəzərə alsaq ki, bu “mitinq” cəmiyyətdə elə də ciddi rezonans doğurmadı və formalaşan ictimai rəy əsasən “Milli Şura”ya nifrət üzərində fokuslaşmışdı, bu baxımdan tədbiri elə də ciddi siyasi hadisə hesab etmək mümkün deyil.

Lakin azsaylı mitinq iştirakçılarının “zəngin” tərkibi və bu aksiyanın keçirilməsi “zərurətinin” birdən-birə ortaya çıxması ilə bağlı müəmmalı sualların çoxluğu bu barədə düşünməyə vadar edir.

İlk növbədə qeyd edək ki, iştirakçıların böyük çoxluğunun radikal dindarlardan ibarət olması və nümayiş edilən şüarların da bir çoxunun radikal məzmun təşkil etməsi sanki tədbirin hansısa dini sektaya mənsub olması təəssüratını yaradır. Sirr deyil ki, məlum Nardaran hadisəsi zamanı dağıdıcı fəaliyyətlərinə görə həbs edilənlər müəyyən xarici xüsusi xidmət orqanları ilə bağlı olublar. Məhz bu hadisədən sonra onların tərəfdarlarının Əli Kərimli və “Milli Şura”nın aksiyalarında “zühur etməsi” müəyyən haqlı suallar yaradır. Lakin Ə. Kərimlinin öz siyasi məqsədləri naminə istənilən qüvvə və şəxslə əməkdaşlığa getməsi “xəstəliyinin” mövcudluğu bu sualların təbii cavabıdır. Özünü “sağçı milli qüvvə” hesab edən “Milli Şura” çirkin məqsədləri üçün radikal dindarlarla da birləşməkdən çəkinmirlər. Elə buna görədir ki, indi ictimaiyyətdə “Milli Şura”nın yeni adı “Molla Şurası” olub. Doğrudan da keçirilən aksiyalarda qurumun siyasi təşkilat, yaxud dini icma olduğunu ayırd etmək mümkün olmur...

Digər məqamlardan biri də ölkədə hansısa siyasi aksiyanın (seçkilər, referendum) olmadığı bir məqamda belə bir mitinqin keçirilməsi “zərurəti”nin yaranmasıdır. Lakin qısa araşdırmalar göstərir ki, tədbirin keçirilməsi “zəruriliyi” siyasi məsələlərlə yox, Ə. Kərimlinin şəxsi planları ilə bağlı olub.

Belə ki, müxtəlif xarici dairələrdən Azərbaycanda siyasi xaosun yaradılması məqsədilə ayrılan vəsaitlərin “yuyulması” yalnız belə aksiyalarla mümkündür. Eləcə də Kərimli mühacir biznesini genişləndirmək üçün vaxtaşırı bu cür qondarma “mitinq”lərin təşkil edilməsinə ehtiyac duyur. Necə deyərlər, bir gülləyə iki dovşan vurur...

“Mitinq”də nümayiş etdirilən şüarlardan biri isə aksiya barədə ironik lətifələrin yaranmasına rəvac verib. Yumor hissi güclü olan gənclərdən biri “Metroda öpüşməyə icazə verin” yazılmış plakat qaldırıb. Görünən odur ki, “Milli Şura” artıq siyasi mahiyyətini itirdiyini anlayıb, indi daha çox əyləncəyə meyil göstərir. Lakin burada da uğur qazanması sual altındadır. Çünki mollalıqla əyləncə bir yerdə yola getməz...