13 iyul 2018 14:04
1323

Demokratik islahatların davam etdirilməsinə sadiqik

Dövlətimizin başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündə bu reallıq bir daha qeyd edilmişdir ki, Azərbaycan dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəyə malikdir

Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin möhkəmlənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Sivilizasiyalararası dialoqun təşkilində, inkişafında müxtəlif ölkələrin hökumət və siyasi partiya nümayəndələrinin, elm xadimlərinin öz düşüncələrini ortaya qoyub ümumi mövqe nümayiş etdirmələri müsbət haldır.

Müasir şəraitdə  dinc yanaşı yaşamağın təmin edilməsinə yönələn fəaliyyətin  mühüm tərkib hissəsi və şərtlərindən biri  ümumbəşəri dəyərlər sahəsində  mədəniyyətlərarası dialoqun zəruriliyidir. Bu dəyərlərin öyrənilməsi və ortaq nöqtələrinin açıqlanması ümumi mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində  mühüm rol oynaya bilər. Bu nöqteyi-nəzərdən yanaşaraq dövlətimizin başçısı İlham Əliyevin  Belçikaya səfəri çərçivəsində keçirilən  görüşlərdə, ən əsası iki dövlət arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində  də  Azərbaycanın mədəniyyətlərarası dialoqun  inkişafına verdiyi töhfələr,   Avropa İttifaqının Azərbaycanla  bu sahədə əməkdaşlıqda maraqlı olduğu qeyd edilir.  Təbii ki, ölkəmiz sivilizasiyaları, dünya dinlərini birləşdirmək, əməkdaşlığı dərinləşdirmək üçün ciddi  səylər göstərir. Ən önəmlisi ondan ibarətdir ki, bu səylər öz nəticəsini verməkdədir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi,  əgər belə olmasaydı, Azərbaycanın bu sahədəki təcrübəsi maraq doğurmazdı: “Biz sivilizasiyalar arasında təbii, coğrafi və mədəni körpüyük.  Azərbaycanın insan kapitalına, dinlərarası dialoqa qoyduğu sərmayə bu gün yaxşı nəticələr verir.”

Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Yunanıstan, Polşa, Rumıniya və digər Avropa ölkələri ilə əlaqələrimiz  müxtəlif sahələrdə uğurla inkişaf edir. Qarşılıqlı səfərlər bu münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz  hazırda bu təşkilatın bir çox proqramlarında fəal  iştirak edir.  Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur.

Dövlət başçısının səfəri çərçivəsində keçirilən görüşlərdə də bu fikir xüsusi qeyd olunmuşdur ki,  Avropa İttifaqı  Azərbaycanın əsas ticarət tərəfdaşı və  investorlarından biridir. Səfər çərçivəsində imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədinin birinci bəndində vurğulanır ki,  əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri qazlaşdırılıb. Həmçinin sənəddə  hər iki tərəfin ölkələrin  ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi  ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Xatırlasaq, dövlətimizin başçısı İlham Əliyevin ötən il  Belçikaya səfəri zamanı Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə bəyanat vermişdir.  Aİ-nin tərəfdaş ölkələrdə bütün münaqişələrin həllinə vahid yanaşması ötən ilin  noyabrında Şərq Tərəfdaşlığının Brüssel sammitində bir daha təsdiqlənmişdi.  Avropa İttifaqının Şərq Tərəfdaşlığının bütün ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi üzrə Avropa İttifaqının  öhdəliklərinin dəqiq vurğulandığı “Xarici siyasət və təhlükəsizlik haqqında qətnamə” qəbul edilmişdi. Bununla da qurum Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan ərazilərindəki münaqişələrin həllinə vahid yanaşmanı aydın nümayiş etdirdi.  Ölkə Prezidentinin bu günlərdə Belçika səfəri zamanı imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədini yüksək qiymətləndirən  tərəflər  sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağına əminliklərini ifadə etdilər.

Ölkəmizin bu uğurlarında təbii ki, siyasi islahatların rolu xüsusi qeyd edilməlidir.  Avropa İttifaqı Şurasının prezidenti  Donald  Tuskun bəyanatlarında bu fikir öz əksini tapır ki, insan haqları və azadlıqlara, o cümlədən ifadə azadlığına xüsusi diqqət yetirilir.  Avropa İttifaqı hesab edir ki,  bu, açıq cəmiyyətlərdə  uzunmüddətli sabitlik və inkişafın ən yaxşı təminatıdır. Bu məsələlərdə  tərəfdaş kimi işləməyi davam etdirməyi  səmimiyyətlə arzulayırıq.

Ölkə Prezidenti  İlham Əliyev Azərbaycanın hər sahədə, o cümlədən demokratik islahatlar sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini  belə ifadə edir: “Bizim aramızdakı əməkdaşlıq çox səmərəlidir, çox səmimidir və böyük potensiala malikdir. Bizim aramızda olduqca fəal siyasi dialoq gedir, mütəmadi olaraq görüşürük və ölkəmizdə  siyasi inkişafa, siyasi islahatlara aid vacib məsələləri müzakirə edirik. Biz ölkəmizin bütün vətəndaşlarına hər hansı imkanı təmin etmək üçün Azərbaycanda demokratik islahatların davam etdirilməsinə sadiqik.” Cənab  İlham Əliyev  demokratik inkişaf baxımından ən öndə gedən ölkələrin təcrübəsinə diqqəti yönəldərək bildirir ki, onların əksəriyyətində  iqtisadi inkişaf çox yüksək səviyyədədir,  dünyada  inkişaf etmiş ölkələr kimi tanınırlar. Bizim də məqsədimiz ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olsun.  Bunun üçün bütün imkanlar mövcuddur: şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, əlverişli coğrafi məkan. İqtisadi tərəqqinin demokratikləşmə prosesinin sürətlənməsində nə kimi rol oynadığını Azərbaycanın bugünkü uğurlarının fonunda aydın görmək olur. 1994-cü ildən ölkədə sabitliyin, əlverişli biznes mühitinin formalaşması, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişlənməsi, ən əsası “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdı. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 23 ildən artıq dövr ərzində  “Yeni əsrin müqaviləsi”nin imzalanması,  “Cənub Qaz Dəhlizi”nin açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi və s. kimi həm iştirakçı, həm də digər dövlətlərin iqtisadi imkanlarının artmasına yol açacaq addımlar Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsindən irəli gəlir.  Ölkə Prezidentinin Belçika səfərinin mühüm sənədlərindən olan “Tərəfdaşlıq prioritetləri”ndə də qeyd olunur ki,  Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir.  “Cənub Qaz Dəhlizi” layihəsinin tezliklə tam  yekunlaşmasının və bunun nəticəsində  Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlər sırasında olduğu bildirilir.

Bu gün Azərbaycanın iqtisadi inkişaf modelinin dünya dövlətləri tərəfindən öyrənilməsi və təqdir olunması bu siyasətin ölkəmizə daha böyük uğurlar gətirəcəyinə inamı artırır. Azərbaycan artıq inkişafın yeni dövrünü yaşayır. Bu inkişafı şərtləndirən əsas amillərdən biri uğurlu, təkmil demokratik islahatlardır. Cari ilin  mühüm ictimai-siyasi  hadisələrindən olan 11 aprel prezident seçkiləri  dövlətimizin demokratik islahatları inkişafın əsası kmi dəyərləndirdiyini bir daha təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında diqqəti  prezident seçkilərinə yönəldərək bildirmişdir ki,  Azərbaycan  bütün dünyaya bir daha  göstərdi ki,  müasir, demokratik ölkədir. O ölkədir ki,  burada bütün azadlıqlar  təmin edilir. Bizim siyasətimiz  xalqın maraqlarını təmin edən siyasətdir. Siyasətimiz müstəqillik, inkişaf siyasətidir.  Məhz  həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində  Azərbaycan  son 15 ildə  çox böyük və şərəfli yol keçib.

Bu fonda dünya birliyi də bu reallığı yüksək dəyərləndirir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır. Xalq-iqtidar birliyi sabitliyin, davamlı inkişafın təminatçısıdır.  Vətəndaşların bütün azadlıqları qanunvericilik çərçivəsində qorunur. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi və təcrübədə özünü təsdiqləyən bu fikri  dövlətimizin həyata keçirdiyi siyasətin prioritetidir: “Demokratiya daim inkişafda olan prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə təkamül yolu ilə olmalıdır.”

Azərbaycan bir sıra beynəlxalq  təşkilatlara daxil olmasını məqsədyönlü siyasət və düşünülmüş addım kimi dəyərləndirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi məqsəd Avropanın ən inkişaf etmiş ölkələrində mövcüd olan müsbət təcrübənin Azərbaycanda tətbiqini sürətləndirmək, bəşəri dəyərlərdən  faydalanmaqdır. “Biz müxtəlif beynəlxalq təşkilatlara üzv olmuşuq. Özümüz könüllü daxil olmuşuq, heç kim bizi məcbur etməmişdir. Nə üçün? Ona görə ki, Azərbaycanda olan meyarlar dünyanın ən qabaqcıl ölkələrinin meyarlarına uyğun olsun.”

Qeyd etdiyimiz kimi, dövlətimizin uğurlu  xarici siyasətinin, qətiyyətinin göstəricisi  diplomatiyada qazandığı uğurların miqyasıdır. Ötən il  Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin  görüşünü xatırlayaq. Görüş zamanı   dövlətimizin başçısı İlham Əliyevin  avropalı parlamentarlara ünvanlanan açıq, məntiqli sözlərini,  iradlarını təşkilatın təmsilçiləri də etiraf etdilər. Qurumla Azərbaycanın  gələcək inkişafına  aydınlıq gətirən, ədalətsiz olaraq Azərbaycanı guya insan hüquqlarının pozulması ilə ittiham edən Avropa Parlamentində ölkəmiz əleyhinə  kampaniyanı ikili standartların növbəti  mərhələsi kimi qonaqların diqqətinə çatdıran cənab  İlham Əliyev fikirlərini real faktlar əsasında açıqlayaraq  bildirmişdi ki, təşkilatla əməkdaşlığımız qarşılıqlı maraqlar və  hörmətə əsaslanır. “Biz heç nə olmamış kimi davrana bilmərik. Biz buna aydınlıq gətirməliyik. Biz bunu aradan qaldırmaq üçün nə edə biləcəyimizə nəzər salmalıyıq. Əgər bu, belə qalsa və heç nə baş verməsə biz nə barədə danışa bilərik?” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirmişdir ki,  Avropa Parlamenti ilə münasibətlərdə böhran vəziyyətinin əmələ gəlməsinə baxmayaraq, əlaqələrin qarşılıqlı maraq əsasında inkişafında maraqlıyıq. Müstəqil dövlət kimi gələcək  xarici siyasətini müdrikliklə    müəyyənləşdirən, ölkəmizin siyasi, iqtisadi, sosial və bütün digər sahələrdə sürətli inkişafa nail olduğunu bildirən cənab İlham Əliyev ölkəmizdə ictimai-siyasi sabitliyin hökm sürdüyünü, söz, mətbuat, həmçinin sərbəst toplaşma və digər azadlıqların təmin edildiyini, azad internetin olduğunu, demokratik inkişaf yolunda mühüm addımların atıldığını diqqətə çatdırmışdır.   Görüşdə  bu fakt da diqqətə  çatdırılmışdır ki,  Avropa Parlamentinin  qətnaməsində Azərbaycanda demokratiya ilə bağlı  qərəzli mövqe nümayiş etdirildiyi halda qurum Ermənistandakı demokratiyanın bərbad vəziyyəti və boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib.

Qısa təhlil Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna aydınlıq gətirməklə yanaşı,  müstəqil siyasətimizin, uğurlarımızın çox zaman həzm edilməməsindən yaranan əks təbliğat kampaniyalarına da işıq salır. Bütün hallarda reallıq budur ki,  Azərbaycan müstəqil dövlətdir, demokratik  prinsiplər dünənimizin, bu günümüzün və sabahımızın əsasıdır.

Yeganə Əliyeva,

“İki sahil”