13 iyul 2018 22:54
2249

Azərbaycan əhəmiyyətli ölkə, söz sahibi kimi bir daha özünü təsdiq etdi

Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüsselə səfəri güclü, özünə güvənli, prinsipial, böyük hörmət sahibi olan Azərbaycanın fonunda cılız, heç kimə lazım olmayan, olduqca zəif Ermənistanın obrazını açıq nümayiş etdirdi

 «Apardığımız uğurlu xarici siyasət  nəticəsində  Azərbaycan demək olar ki,  bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər  qura bilmişdir.  Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında  qurulur. Beləliklə,  ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Deyə bilərəm ki, bu mühiti biz yaratmışıq. Əminəm ki, bundan sonra da  bu istiqamətdə  ardıcıl siyasət aparacağıq.» Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrinin inkişafını, artan beynəlxalq dəstəyin yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vacib amillərdən biri olduğunu diqqətə çatdırır. Ölkəmizin iki və çoxtərəfli  çərçivədə əlaqələrin qurulmasına verdiyi önəm  qarşılıqlı səfərlərin miqyasının genişliyindən də aydın görünür. Bu səfərlər hər bir ölkənin malik olduğu imkanların təqdimatında,  əməkdaşlıqda yeni prioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli  rol oynayır. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin Brüssel səfəri, səfər çərçivəsində imzalanan sənədlər, həmçinin  Prezidentimizin NATO-nun Əfqanıstanda  həyata keçirdiyi əməliyyata  töhfə verən  tərəfdaş ölkələrin dövlət və hökumət  başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə  Qətiyyətli Dəstək missiyası üzrə Şimalı Atlantika Şurasının görüşündə  çıxışı diqqətçəkən və hazırda həm ölkə, həm də dünya mətbuatının  müzakirə etdiyi məsələlər sırasındadır.  Ən əsası  dövlətimizin başçısı İlham Əliyevin  böyük hörmətlə qarşılanması,  Ermənistanın yeni rəhbərliyinin bu ərəfəyə təsadüf edən məqsədli səfərinə «lazımsız qonaq» gəlişi kimi yanaşılması  müzakirələrdən  kənarda qalmır, müxtəlif fikirlərin, şərhlərin gündəmə gəlməsinə səbəb olur.

      Ölkə Prezidenti İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin reallığa çevrilməsi dövlətlər, xalqlar arasında körpü roluna yeni əlavələr edir. Səfər çərçivəsində imzalanan «Tərəfdaşlığın prioritetləri» sənədində də bu kimi məqamlar  yer alır. May ayında «Cənub Qaz Dəhlizi»nin rəsmi açılışı, iyunda onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi əməkdaşlıqda yeni mərəhələnin əsası kimi dəyərləndirilir. Azərbaycan çoxtərəlfi əməkdaşlığa töhfələri ilə  nüfuz qazanır. Ötən il «Yeni əsrin müqaviləsi»nin imzalanması da deyilənlərin təsdiqidir. Bütün bu uğurlarımız 

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna öz müsbət təsirini göstərir.  Azərbaycanın liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı rolu ilə  diqqət çəkməkdədir. Bu gün böyük inam hissi ilə qeyd olunur ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Uğurlarımızın davamlılığı öz növbəsində beynəlxalq əməkdaşlığın inkişafına da öz müsbət təsirini göstərir.  Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış «Tərəfdaşlıq prioritetləri»” sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır. Avropa İttifaqı əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın «Şərq-Qərb» və «Şimal-Cənub» nəqliyyat dəhlizi və mühüm enerji layihələrinin həyata keçirilməsinə rolunu yüksək qiymətləndirir.

Qeyd olunan sənəddə Azərbaycanın yerləşdiyi coğrafi məkanın oynadığı rol da əsaslı şəkildə təhlil edilir. Belə ki, Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin qovşağında yerləşən ölkə olaraq  mədəniyyətlər, svilizasiyalararası dialoqa öz töhfələrini verir. Ölkəmiz, eyni zamanda tolerant, multikultural cəmiyyətlərin formalaşmasına töhfələr verən ölkə kimi nüfuz qazanıb. «Tərəfdaşlığın prioritetləri» sənədi Azərbaycanın bu sahədəki uğurlarına da işıq salır. Avropa İttifaqı rəsmilərinin  çıxışlarında bu fikir dəfələrlə qeyd olundu ki,  Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun inkişafına əhəmiyyətli töhfə verir. Avropa İttifaqı Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəsini yüksək qiymətləndirir.

Avropa İttifaqı ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləyir. Sərhədlərin toxunulmazlığı məsələsi Avropa İttifaqı tərəfindən ilk dəfə xüsusi qeyd edildi. Ötən yazılarımızda bu mövqe ilə bağlı fikirlərimizi qeyd etmişdik. Dövlət başçımızın istər ötən il, istərsə də bu günlərdə Brüsselə səfəri ərazi bütövlüyümüzün dəstəklənməsinə xidmət edən sənədin qəbulu ilə yadda qalıb.

Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. Azərbaycan dünyada sülhyaratma prosesinə əməli töhfə verir.  Dövlətimizin başçısı İlham Əliyev NATO-nun Əfqanıstanda  həyata keçirdiyi əməliyyata  töhfə verən  tərəfdaş ölkələrin dövlət və hökumət  başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə  Qətiyyətli Dəstək missiyası üzrə Şimalı Atlantika Şurasının görüşündə Ermənistanın işğalçılıq siyasətindən geniş bəhs edərək, bu siyasətin işğalçı dövlətə hansı uğursuzluqları gətirdiyini əsaslı şəkildə diqqətə çatdırdı. Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, baxmayaraq Ermənistanın keçmiş prezidenti Fransaya səfəri zamanı iş adamları ilə görüşündə ölkəsini innovasiyalar   ölkəsi kimi təqdim edərək, onları   investisiyalar yatırmağa çağırışlar edirdi, reallıq tamamilə fərqlidir. Ölkə Prezidenti İlham Əliyev buna cavab olaraq bildirmişdir: «O innovasiyalar barədə danışdı, deyirdi ki,  Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var – əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan… Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki,  diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin… Əgər bu ölkə  belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar.»    

 Avropa İttifaqının Azərbaycana və Ermənistana münasibəti prizmasından Brüssel səfərinin nəticələrini belə ümumiləşdirə bilərik. Azərbaycan Prezidenti yüksək səviyyədə qarşılandı, nəzərdə tutulmuş bütün məsələlər uğurla həll olundu. İstər Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, istər Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından, istərsə də digər məsələlərdə Avropa İttifaqı rəsmiləri Azərbaycana və Azərbaycan Prezidentinə yüksək hörmət, etimad, böyük diqqət nümayiş etdirdilər. Azərbaycan əhəmiyyətli ölkə, söz sahibi kimi bir daha özünü təsdiq etdi.

Ermənistanın baş naziri Nikol Paşinyan isə Brüssel səfərindən məyus və əli boş qayıtdı. Paşinyan inqilabın lideri kimi Avropa İttifaqından və Aİ rəsmilərindən özünə və ölkəsinə qarşı böyük diqqət gözləyirdi. Amma Ermənistan mediasının iddia etdiyi kimi, qırmızı xalçalar sərilmədi, Paşinyan təntənəli şəkildə, alqışlarla qarşılanmadı. Paşinyanın Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı rejimini cəlb etmək cəhdləri iflasa uğradı.

 İstər Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri»” sənədində, istərsə də NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bötövlüyünə birmənalı dəstək ifadə olundu. Hətta Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyin etmə prinsipini daxil etmək cəhdi də iflasa uğradı. Paşinyan Brüsselə səfəri zamanı ciddi cəhdlə Aİ-dən 70-80 milyon avro pul almaq istəyirdi. Bu vəsait büdcəsi boş olan Ermənistanda yeni seçkilərin keçirilməsi üçün vacibdir. Paşinyan hələ ki nüfuzu qaldığı müddətdə seçkilər keçirib məsələni tez həll etmək istəyir. Avropa İttifaqı isə açıq şəkildə bəyan etdi ki, belə bir vəsait yoxdur və Paşinyana hələlik islahatların nəticəsinin gözləndiyi bildirildi.

Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüsselə səfəri güclü, özünə güvənli, prinsipial, böyük hörmət sahibi olan Azərbaycanın fonunda cılız, heç kimə lazım olmayan, olduqca zəif Ermənistanın obrazını açıq nümayiş etdirdi. Bu reallıq Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına uyğun yürütdüyü məqsədyönlü və prinsipial siyasi kursun nəticəsidir.

Hər iki səfərlə bağlı ölkə siyasətçiləri, politoloqları fərqli fikirlər söyləsələr də, ümumi nəticə budur ki, Azərbaycan uğurlu, düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində dünya birliyində yeri və rolunu möhkəmləndirir, ən əsası dünya haqqın kimin tərəfində olduğunu artıq düzgün dəyərləndirmək qərarına gəlib. Ermənistan  artıq yalanın həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünün fərqindədir. Baxmayaraq ki, bəzi dünya dövlətləri  işğalçı Ermənistandan   öz maraqlarını ifadə etmək üçün bir vasitə kimi bəhrələndikləri üçün  ona yalandan «xoş gəlsin» deyə təriflər söyləyir, işğalçı dövlət isə bundan ruhlanaraq daha əsassız iddialarla çıxış edir.

   Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, Ermənistan rəhbərliyinə «məxməri inqilab»a görə tərif  deyirlər, reallıqda isə münasibətlərdə heç bir dəyişiklik yoxdur.  Ermənilər  nə Dağlıq Qarabağ məsələsində istədiklərinə,  nə də  bu vaxta qədər dilənci kimi əl açıb aldıqları  pulun miqdarının artırılmasına nail ola biliblər. 

    Millət vəkili vurğuladı ki, Azərbaycan Prezidentinin Brüsselə  səfəri çərçivəsində Avropa Birliyi ilə  əməkdaşlığın prioritet istiqamətləri ilə bağlı  sənəd imzalandı: «Ermənistandan  fərqli olaraq Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıq edir, Ermənistan kimi dilənmir. Bu, ikitərəfli fayda verən əməkdaşlıqdır.  NATO-nun  toplantısında yekun sənəddə   yenə də Azərbaycanın ərazi bütövlüyünə dəstək   öz əksini tapıb. Ermənistanın daim iddia etdiyi xalqların öz müqəddəratını təyin etmək məsələsi dilə gətirilmədi. ATƏT-in Minsk qrupunun  həmsədrləri ilə  Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə  səsləndirilən  bəyanatda Azərbaycanın daim  təklif etdiyi «mahiyyət üzrə danışıqlar bərpa olunmalıdır» məsələsi xüsusi yer aldı.  Nəhayət, səfərin nəticələrindən bu da aydın oldu ki, heç kəs Ermənistanın xarici işlər  və  müdafiə nazirlərini  orda görmək istəmirdi.   Amma Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin  ABŞ Dövlət katibi və müdafiə naziri ilə görüşü oldu. Bu fərqlər göz qabağındadır.»

   R.Musabəyov bildirdi  ki, Azərbaycanın apardığı xətt davamlıdır və  yüksələn istiqamətdədir.

  «Azərbaycan NATO-nun çox etibarlı tərəfdaşıdır» söyləyən Milli Məclisin deputatı   Asim Mollazadə  qeyd etdi ki, NATO-nun keçirilən toplantısında  qəbul olunan sənəddə ölkəmizin ərazi bütövlüyü dəstəklənir: «Azərbaycan NATO-nun Antiterror  koalisiyasının ən fəal üzvlərindəndir. Azərbaycan öz Silahlı Qüvvələrini  beynəlxalq standartlara  uyğun təkmilləşdirmək üçün NATO ilə əməkdaşlıq edir.»

   A.Mollazadə vurğuladı ki,  dövlətimizin başçısı İlham Əliyevin Brüsselə səfəri zamanı imzalanan «Tərəfdaşlığın prioritetləri» sənədi qurumla ölkəmiz arasında əlaqələrin gələcək inkişafına işıq salır: «Bu məqamı  xüsusi qeyd etmək istərdim ki, Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə dəstəyini  ifadə edib. Avropa Birliyi Azərbaycanın xarici ticarətində  mühüm tərəfdaşdır. «Tərəfdaşlığın prioritetləri»ndə bir əsas məqam xüsusi  yer tutur ki, Avropa Birliyi Azərbaycanla humanitar - təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa xüsusi önəm verir. Həmçinin Azərbaycanın svililizasiyalar,  mədəniyyətlərarası təcrübəsi Avropa  Birliyi ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir.  Azərbaycanın həyata keçirdiyi nəqliyyat və enerji layihələri Avropa Birliyi və NATO ölkələri üçün çox önəmlidir.»

  A.Mollazadə onu da bildirdi ki, bu ərəfədə Ermənistanın  yeni rəhbərinin Avropaya hansısa xal qazanmağa, maliyyə dəstəyi əldə etməyə heablanmış səfəri bir daha bu ölkənin beynəlxalq aləmdə özü baradə formalaşdırdığı cılız, onun-bunun köməyinə arxalanan, dilənçi imicinə  işıq saldı:  «Ölkə Prezidenti İlham Əliyev hər bir çıxışında  işğalçı dövlətə  xilas yolunu göstərir. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli  Ermənistanın xilasıdır.  Ermənistanın yeni rəhbərliyi  əvvəlki hakimiyyətin çirkin siyasətini davam etdirməməlidir.  Əks halda Ermənistan adlı dövlət mövcud olmayacaq.  Ermənistan  ərazi iddialarına son qoyub qonşu dövlətlərlə normal münasibət  qursa, bölgədə mövcud əməkdaşlığa qoşularaq, özünün bundan sonrakı  mərhələdə inkişafını təmin edə bilər.»

   Ümumiləşdirilmiş şəkildə ifadə etsək, Azərbaycan müharibə şəraitində yaşayan ölkə olsa da  müstəqil siyasəti ilə davamlı inkişafını təmin edir. İşğalçı Ermənistan isə öz işğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən uzaqda qalmaqla iqtisadi böhran içərisində çabalayır. Azərbaycanın iqtisdai və siyasi mövqeyinin möhkəmlənməsi yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini yaxınlaşdırır. 

Yeganə Əliyeva,

«İki sahil»