23 iyul 2018 20:20
864

Təbii qaz itkilərinin səviyyəsinin tələb olunan minimal göstəriciyə çatdırılması üçün inkişaf planı hazırlanıb

Təbii qaz itkilərinin səviyyəsinin tələb olunan minimal göstəriciyə çatdırılması məqsədilə inkişaf planı hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyətinə dair 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Bildirilir ki, qaz şəbəkəsinin mövcud vəziyyəti və qaz itkiləri təhlil olunub, qaz itkilərinin səviyyəsinin tələb olunan minimal göstəriciyə çatdırılması məqsədilə inkişaf planı hazırlanıb. “Qaz İxrac İdarəsi” üzrə qazpaylayıcı sistemin texniki vəziyyətinə mənfi təsirlərin azaldılması və istehlakçı məmnunluğunun artırılması üçün şəbəkəyə ötürülən təbii qazın təmizlənməsi ilə bağlı 2017-2020-ci illəri əhatə edən 19 bənddən ibarət tədbirlər planı hazırlanıb. “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair” qayda (metodika) hazırlanıb. Həmçinin qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələri müəyyən edilib və müvafiq siyahı tərtib olunub (31 rayon, 671 kənd və qəsəbə tipli yaşayış məntəqəsi, 32 236 fərdi təsərrüfat). Ucqar yaşayış məntəqələrinin qazlaşdırılmasının səmərəliyinin təhlili, eləcə də qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəli olmayan ucqar yaşayış məntəqələrində alternativ enerji təminatı ilə bağlı Belarusun təcrübəsi öyrənilib.